Göygölün İcra Hakimiyyəti camaatın suyunu niyə kəsib?

Yezidin övladları şəhərin içməli suyunu villalarının saunalarına çəkdiriblər…

Göygölün içməli suyunu yarım aydan çoxdur ki, kəsiblər. Buna səbəb Gəncəyə gələn suyun azalması və bunun da ölkə rəhbərliyinin diqqətinə çatdırılması olub. Məlumata görə, suyu Göygöl Rayon İcra Hakimiyyətinin rəhbərliyi kəsib. Rayon rəhbərliyinin bu özbaşınalığı rayon sakinlərinin narazılığına səbəb olub və Göygöldə etiraz dalğası başlayıb. Etiraz edən sakinlər Göygöl bələdiyyəsinə hücum edərək bələdiyyə sədrinin cavab verməsini tələb ediblər. Bələdiyyə sədri də öz növbəsində onluq bir iş olmadığını, suyun icra başçısı və «Azərsu» rəhbərliyinin ortaq qərarı ilə kəsildiyini bildirib.

Rayondakı mənbələrimizin söylədiyinə görə, insanlar məcbur qalaraq at-eşşəklə çaylardan və təbii bulaqlardan su gətirməyə məcbur olublar. Amma heç sovet hökumətinin vaxtında da belə problemlər yaşanmayıb. Yerli sakinlərin dediyinə görə, suyun kəsilməsinin əsas səbəbi bölgədə tikilən yeni və bahalı villalardır. Villalar tikildikcə təmiz suyun da əhaliyə çatdırılması azalır. Təsəvvür edin ki, bəzi villaların suanaları belə içməli suyun hesabına işləyir. Yəni Göygöldə əhalinin içməyə həsrət qaldığı təmiz bulaq suyunu bizim zənginlərimiz saunalarında işlədirlər.

Xatırladaq ki, illər bundan əvvəl «Xural» olaraq Göygöldən Gəncəyə gələn təmiz suyun – Gəncədə bu suya «Üçbulaq suyu» deyirlər – xüsusi ticərət və əyləncə mərkəzlərinə çəkildiyini, bu səbəblə də ciddi problemlər yaşandığını yazmışdıq. O zaman Göygöl tərəfdən Gəncənin girəcəyində yerləşən «Antaliya çimərliyi» adlı əyləncə mərkəzinə Göygöldən təmiz içməli su çəkildiyini, bunun da əhalinin içməli suyunda problemlər yaratdığını gündəmə gətirmiş, əlaqədar orqanları vəzifələrini icra etməyə çağırmışdıq. Görünür, zamanında qaldırdığımız bu həyəcan siqnalına əhəmiyyət verilməməsi, problemi daha da dərinləşdirib və böyük bir şəhərin sakinləri içməli suya həsrət qalıblar…
Bunlara Yezidin övladları deməyəsən, nə deyəsən?!

XuralTAC

“Xural” qəzeti
il: 9, sayı: 012(420), 27 mart-02 aprel 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button