Göylərin Mübarizi!!!

Niyə, özünü qorumadın, Mübariz?!

Noyabrın 6-sı 2010-cu il televiziyaların xəbər buraxılışlarında iki şəhidimizin nəşinin paytaxtımıza daxil olması barədə məlumat verildi. Milli Qəhrəman Mübariz İbrahimovun haqqında qısaca məlumat verib, onun şəklini göstərdilər. Bu, mənim tanıdığım biləsuvarlı, Bibiheybət məscidində tanış olduğum Mübariz İbrahimov idi, çox sarsıldım…

Bir görüşün tarixçəsi:
2009-cu il noyabr ayının 13-ü idi. Mən Qurban bayramı ərəfəsində adətim üzrə Mirmövsüm Ağa ziyarətgahından çıxıb Bibiheybət məscidinə getdim. Piri ziyarət edib avtobus dayanacağına getdim. Hava çox soyuq və tutqun idi. Məscidin altındakı pilləkənləri əsgər geyimində bir yeniyetmənin qaça-qaça qalxdığını gördüm. Həmin yeniyetməni səslədim:
– Ay oğlan, bilmirsən, avtovağzala gedən avtobus gec gələr?
Oğlan uzaqdan mənə cavab verməyib, özü yaxınlaşdı:
– Bir az gec gəlir, amma gələcək.
Adını soruşdum. Dedi, Mübarizdir.
Əynində əsgər şalvarı və qolsuz yay köynəyi vardı. Çox tərləmişdi.
Ona təşəkkür edib, «get, sənə soyuq olar” dedim. O isə, «eybi yoxdur, onsuz da iş vaxtımız bir azdan qurtarır, gedib geyinərəm» dedi.
Havanın çox soyuq olduğunu görüb, mən yenə ona görə çox narahat oldum və bir daha ondan çıxıb getməsini xahiş etdim. O isə yerindən tərpənmədi. Adətim üzrə sual verdim:
– Bu yaxınlardamı qalırsan?
– Mən burada bağban işləyirəm. Özüm də Biləsuvardanam.
– Özündən, yoxsa kəndindənsən?
– Kəndindənəm. Bir ildir əsgərlikdən gəlmişəm. 21 yaşım var. Mən burada müvəqqəti işləyirəm. Pulumu gözləyirəm. Hərbi xidmətə qayıdacağam. Özüm də idmançıyam. İşdən çıxıb idman zalına məşqə gedirəm. Azərbaycan bayrağını idmanda yüksəklərə qaldıracağam.
Hərbidə idmanla məşğul olmağa şərait varmı?
– Çox yaxşıdır.
– Sən ki Vətən borcunu artıqlaması ilə vermisən, bir də nə üçün hərbi xidmətə qayıdırsan? İndi də qoy yüksək çinli məmurların qohumları getsin.
– Bəs siz nə işlə məşğul olursunuz?
– Mən jurnalistəm.
– Nə barədə yazırsınız?
Nədənsə ürəyimdəki narazılıqlarımı Mübarizə danışdım:
– Qanunlarımızı pozan məmurları tənqid edirəm. «Əqidə» qəzetim yenidən çap olunsa, səni axtarıb tapacağam, idmanda uğurlarını özüm qələmə alacağam.
– Tərifli yazılar yazırsınız?
– Ən layiqliləri tərifləyirəm.
Bazar günü “Xural” qəzetini almağı ona məsləhət bildim:
– Orada mənim tənqidi şeirim çıxacaq. Alıb oxuyarsan.
Və… “Xural” qəzetinin redaksiyasının telefon nömrəsini yazıb verdim:
– Lazım olsa, həmin qəzetin redaksiyasına gedərsən.
– Mütləq alaram. Mənim atam da sizin kimi qanunpərəstdir.
Mübarizə hərbiyə qayıtmamağı məsləhət bildim. O isə, «mən hərbini sevirəm, tanış uşaqlar mənə söz veriblər ki, yenidən məni hərbiyə götürəcəklər» dedi.
Mübarizin qolsuz köynəkdə dayanması məni yenə narahat etdi:
– Mübariz, səni anan bu vəziyyətdə görsəydi, çox əsəbiləşərdi.
– Anam da həmişə məni sizin kimi danlayır ki, əyninə qalın paltar geyin. Bu şalvarın gödəkçəsi də var, gedəndə geyinəcəm.
– Biləsuvarda Olimpiya Mərkəzi yoxdur?
– Tikiləcək.
– Anan nə işləyir?
– Anam işləmir, atam isə savadlı aqronomdur, amma işləmir. Biz üç qardaşıq, evin sonbeşiyi də mənəm.
Başım yaman ağrıyırdı, əlimi alnıma qoydum: “İndi yadıma düşüb ki, dedim, səhərdən heç nə yeməmisən.” Çantamdan dörd ədəd peçeniye çıxartdım: “Ikisi mənim, ikisi sənin.”
Nə qədər təkid etsəm də, götürmək istəmirdi.
– Mübariz, mən bunları Mirmövsüm Ağanın ocağından götürmüşəm.
Bunu deyəndən sonra Mübariz onları götürdü və dedi:
– O, Şüvəlandakı Pirdi? Mən orada olmamışam.
Mübarizin soyadını, atasının adını, doğulduğu rayonu bloknotuma qeyd etdim. Artıq avtobus yaxınlaşırdı. Mübariz həyəcanla, «Sizi harada tapa bilərəm» deyə soruşdu.
– «Xural»dan soruşarsan, onlar deyəcəklər.
Əlini sıxıb, «hərbi ilə idmanın vəhdəti yaxşı olar. Sənə müvəffəqiyyətlər, özünü qoru!» dedim. Avtobusa əyləşəndə qolunu göstərdim, yəni əyninə qalın paltar geyin və əl elədim. Mübariz isə yerindəcə dayanıb avtobusun arxasınca baxırdı. Həmin anlarda yatsam yuxuma da girməzdi ki, bir müddət keçəcək, mən Mübarizin şəhidliyi barədə «Xural» qəzetinə şeir və məqalə yazacağam.
2010-cu ilin yenə noyabr ayı, yenə Bibiheybət məscidindəyəm. Bu dəfə Azərbaycan Respublikasının Milli Qəhrəmanı, şəhid Mübariz İbrahimov haqqında bu məsciddə onu tanıyanlarla kövrək xatirələrimi bölüşməyə gəlmişəm. Məscidin axundunun müavini Hacı Mahir İbrahimov: «Onu namaz qılanda görmüşəm. Mərifətli, qanacaqlı, böyük-kiçik yeri bilən cavan idi. Məni hər dəfə görəndə salamlaşırdı. Allah ona rəhmət eləsin!»
Məscidin qurban kəsəni Kazımov Mirzə: «Mən onu 2008-ci ildən tanıyıram. O, çox ağıllı, qabiliyyətli oğlan idi. Namazını vaxtı-vaxtında qılırdı. Qurbanlıq kəsən vaxtı gəldi mənimlə görüşdü, sağollaşdı. Şəhid olmağını da qardaşı Bəhruz xəbər verdi. Tüklərim biz-biz oldu. Vallah, heç inanmadım. «Bəlkə o deyil, başqasıdır?» dedim. Sonra televizorda şəklini gördüm. O gündən inanın ki, özümə gələ bilmirəm, fikir edirəm. Məscidin rəhbərliyi Biləsuvara gedib. Eşitdinizsə biləsuvarlılar gəlib bu Bibiheybət məscidinin qarşısından yürüş etdilər – İkinci Fəxri Xiyabana onu ziyarət etməyə. Mən Mübarizi hər gün görürdüm. Mən onu heç vaxt unutmayacağam».
Bibiheybət məscidinin nəzarətçisi Şahmirzə Kərimov: «Mübariz İbrahimov gündə 3 dəfə burada namaz qılır, ibadət edirdi. Namaz qıldıqdan sonra məşqə gedirdi, idmanla məşğul olurdu. Burada yaşıllaşdırmada işləyirdi. Məscidin ərazisində yaşıllaşdırma işlərinə baxırdı. Mən onu vətəni sevən, qeyrətli, igid kimi xatırlayıram. Torpaq hamı üçündür. O, torpaq uğrunda canını fəda etdi. Qurani-Kərimdə şəhidlik yüksək qiymətləndirilir. Ən çox mənimlə ünsiyyətdə olurdu. O, əhli-beyti sevən insanlardan idi. Həmişə insanlarla yaxşı münasibətdə olub. Axırıncı dəfə buradan gedəndə – 2009-cu ilin dekabrında mənimlə görüşdü. Dedi, «mən gedirəm». Halallıq aldı, çıxdı getdi. Dedi ki, «mən hərbi hissəyə qayıdıram». Allah ona rəhmət eləsin. O, cənnətdədir. Çünki Vətən uğrunda şəhid olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin!»
Bibiheybət məscidinin aşağı tərəfinə düşüb Mübarizin əkdiyi ağaclara, çiçəklərə baxıram. Həm təəssüf, həm də qürur hissi duyuram. Qürur hissi duyuram ki, 20 dəqiqə ərzində tanış olduğum, söhbətləşdiyim 21 yaşlı Mübariz İbrahimov zirvələrin zirvəsini – ən uca zirvəni fəth etdi və Azərbaycan bayrağını yüksəkdən də yüksəyə qaldırdı. İllər, əsrlər, qərinələr ötəcək. Bu ağaclar böyüyəcək. Onların altında insanlar kölgəlikdə dincələcək və bu ağacları əkən Mübariz İbrahimova rəhmət diləyəcəklər. Yuxarı qalxıb yenidən məscidə daxil olur, Piri ziyarət edirəm. Bu dəfə 7-ci imamımız Museyi Kazımın qızı Hakimə xanımla bərabər (seyid olduğunu sonradan bilmişəm) Mübariz İbrahimovun da ruhuna səcdə edirəm.
…Yenə avtobus dayanacağındayam. Lap məscidin yanında. Mübarizin vaxtilə məni yola saldığı dayanacaqda, onun dayandığı yerə baxıram və öz-özümə pıçıldayıram: «Axı, sənə dedim ki, özünü qoru! Niyə özünü qorumadın, Mübariz? Biz belə danışmamışdıq axı? Səni göylərdən xəbər alıram. Səni göylərdə axtarıram. Sən Azərbaycan bayrağını idmanda yüksəltmək istəyirdin. Sən bu üçrəngli bayrağımızı elə yüksəltdin ki, heç kəs belə yüksəkliyə qalxa bilməz. Generalların, marşalların edə bilmədiyini, etməyə cürət etmədiklərini sən etdin, mən göyləri əks edirəm, ruhu göylərdə dolaşan Mübariz, səni vəsf edirəm. Lakin yazdığım sətirlər ümmanın yanında heç damla da deyil. Nə qədər Azərbaycan var, nə qədər bu Vətən var, sən ürəklərdə, qəlblərdə yaşayacaqsan!!!”

Hara baxırıqsa əksin görünür,
Adın çəkiləndə qəlblər döyünür,
Qəhrəmanlığınla Vətən öyünür,
Salmısan qəlblərdə silinməyən iz –
Xalqımın sevimli oğlu Mübarız!

Beləcə canından keçən olmayıb,
Bu qədər düşməni biçən olmayıb,
Belə şəhidliyi seçən olmayıb,
Salmısan qəlblərdə silinməyən iz –
Xalqımın qeyrətli oğlu Mübarız!

Tanrının yaratdığı qüdrətə bir bax,
Belə cavan yaşda cürətə bir bax,
Vətənə sevgiyə, hörmətə bir bax,
Ruhunun önündə baş əyirik biz –
Vətənin qəhrəman oğlu Mübariz!

Sənin qeyrətinə qurban canımız,
Sən ey cihad edən qəhrəmanımız,
Olmusan əbədi səcdəgahımız,
Ruhunun önündə baş əyirik biz –
Vətənin nər oğlu, igid Mübariz!

Yeganə Mirzəməmmədova
«Əqidə» qəzetinin baş redaktoru

“Xural” qezeti
il: 9, sayı: 045(405), 05-11 dekabr 2010-cu il

Əlaqəli məqalələr

7 şərh

  1. SEN BIZI EMELINLE HEYRAN ELEDIN MUBARIZ DOZMEDIN HAQSIZLIQA USYAN ELEDIN MUBARIZ MEN QIZAM AMA MENDE VETENIMI COX SEVIREM MENDE SENIN KIMI ESGER GEDECEM VETENIME XIDMET EDECEM MEN VETENIME BORCUMU YALNIZ O ZAMAN ODEYE BILEREM KI ONDA MEN YER UZUNDE OLMAYIM YENI TORPAQA DUSUNCE SEHID OLUNCA SEHIDLIYIN OLMEZLIKDI QARDASIM SEN OLSENDE BIZIM QELBIMIZDESEN MENDE ESGER GEDECEM QIZ OLMAGIMA BAXMAYARAQ YERIN CENNET OLSUN QARDASIM ERMENI SEREFSIZLERI QARSISINDA INDI MENI GORECEK

  2. men fexr edirem ki Azerbaycanimizin Mubariz Ibrahimov kimi igid qehreman oglu var
    ve menim yegane arzum var ki
    dogma torpaqlarimiz Qarabag’imiz isgaldan azad olsun
    ermeni quldurlari vehsiliklerinin cezasini ceksinler
    ve men butun qelbimle inaniram ki bir gun arzum gerceklesecek

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button