“Gözəl Bayramlı olmadan bayram olmaz”-TƏBRİK ƏVƏZİ

Bugün həm də onun günüdür…

“Azərbaycan qadını…” Və Gozel Bayramli… Azərbaycanda öz peşəkarlığı, istedadı, bacarığı ilə fərqlənən çoxlu sayda qadınlarımız var. Amma onların içində Gözəl Bayramlı fərqlidir. Bəs Gözəl Bayramlı kimdir…? Onun barəsində bilgilərimiz hansı anlama malikdir…? Gözəl Bayramlı, hansı zorakılığa məruz qalmasından xəbərimiz olmadığı halda, Azərbaycan cəmiyyətində qadın zorakılığına qarşı çıxan yeganə qadın olub. Gözəl Bayramlı tək bu deyil, o, ümumilikdə insan haqlarının pozulmasının, Azərbaycanda demokratik, hüquqi dövlətin qurulmasının, söz azadlığının olmasının və ən nəhayət, cəmiyyətdə vətəndaşların hüquqlarının bərabər şəkildə bölünməsinin tərəfdarı olub və bu yolu tutduğu üçün də o, bu gün öz dövlətimiz tərəfindən girovluqdadır…

Nə deyim, haradan başlayım və fikrimi necə yekunlaşdırım, bilmirəm… Gözəl Bayramlı qadınlıq rəmzi, azadlığın simvolu və tarixdir. Eləcə də onun böyük ürəyi var. Gözəl Bayramlı haqqında o qədər danışmaq olar ki, bəlkə də günlərlə… Hətta ona olan fikirlərimdən, zamanla kitab da yazmaq olardı, amma fikirlərim tükənməzdir. Onu dəfələrlə polis idarələrinə çağırdılar… Onu həbs edəcəkləri ilə bağlı xəbərdar etdilər. Hədə gəldilər, ölümlə təhdid etdilər. Gözəl Bayramlı isə haqq etdiyi fikrindən dönmədi. Rejimin qarşısında əyilmədi, sınmadı. Qətiyyətindən dönmədi, Ləyaqətindən daşınmadı, əqidəsini dəyişmədi və yenə susmadı. O, bizim, sizin, övladlarımızın və bütöv Azərbaycanın sağlam gələcəyi naminə dövlətmizin azadlığı uğrunda zamanla mübarizə apardı və sonda, zalım rejim bir qadını şərləyərək dəmir barmaqlıqlar arasına salıb ondan qisas aldı və hələ də almaqda davam edir… Gözəl Bayramlı bütün çətinliklərə sinə gərməyi bacaran qadın olub və indi də bacarır və bacaracaq da… Halbuki biz o çətinliyi bacarmadıq necə ki, bacarmadıqımız üçün də bu gün onun iradəsinə söykənə bilməyib, özümüzdə cəsarət toplayıb onun azadlığını tələb etmirik… Biz bu əzabı özümüzə necə rəva bilir, içimizdə daşıyırıq…? Necə vicdanımız sızıldamadan gecələr rahat uyuyur, gündüzlər isə cəmiyyət içinə çıxa bilirik? Və necə də vicdan əzabı çəkmədən insanların gözlərinə dik baxa bilirik? Heç diksinmirik də… Sanki bu hadisələr olmamış kimi davranırıq və sakit gülümsünürük… Amma içimizdə fırtınlalar qopur, dağılır və susur… İndi necə cəsarət edib Azərbaycan qadınını təbrik edək…?

“Savadlı, cəsarətli, fədakar bir qadın, xoşbəxt cəmiyyət, sağlam gələcək deməkdir.” Bu fikirlərin əsasını məhz Gözəl Bayramlı qoydu. Odur ki, biz qadınlar belə də xoşbəxtik, çünki ətrafımızda iradəsinə söykənəcək Gözəl Bayramlı kimi kəsərli bir söz sahibimiz var. Gözəl Bayramlı, biz qadınlar siz azadlığa çıxdığınız günü sevinəcəyik və o zaman bir-birimizi təbrik etməyə haqq edəcəyik, indi deyil… Çünki siz məhbəsdə varkən, biz Azadlıqda məhbəs həyatı yaşayırıq…

Ülviyyə Xəlil

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button