Gözəl Bayramlının apellyasiya şikayəti üzrə qərar olacaq

Martın 12-də Gəncə Apellyasiya Məhkəməsində hakim Teyyub Muxtarovun sədrliyi ilə AXCP sədrinin müavini Gözəl Bayramlının apellyasiya şikayətinə baxılıb. Bu barədə vəkil Elçin Sadıqov bildirib.

Məhkəmədə vəkil E. Sadıqov və G. Bayramlı çıxış ediblər. E. Sadıqov məhkəmədən çinayət işinə xitam və G. Bayramlıya bəraət verilməsini xahiş edib.

G. Bayramlı ittihamları rədd edib.

“Mənə qarşı ittihamlar birbaşa siyasi sifarişdir. Mənim oturduğum dəmir qəfəsdə dövlət büdcəsindən miyardlar oğurlayanlar oturmalıdır. Niyə bu dəmir qəfəsdə keçmiş milli təhlükəsizlik naziri, vergilər naziri, milyardları oğurlayanlar oturmur, mən otururam?” – AXCP sədrinin müavini məhkəmə heyətinə sual edib.

Hakim G.Bayramlının çıxışını dəfələrlə dayandırıb.

G. Bayramlının çıxışı başa çatandan sonra hakimlər məşvərətə gediblər, hələ qayıtmayıblar.

Məhkəmə zalında oturanlar binadan çıxarılıb. Məhkəmə qərarının saat 16.00-dan sonra olacağı bildirilib.

Gözəl Bayramlı 2017-ci il mayın 25-də Gürcüstandan qayıdarkən saxlanılıb. Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində ona qarşı Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Mayın 26-da Bakının Səbayel Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.

Rəsmi açıqlamada Gürcüstandan qayıdarkən G. Bayramlının əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı iddia olunur.

G. Bayramlı məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıb, onun həbsi siyasi xarakter daşıyır. O, Gürcüstana müalicə məqsədilə getdiyini, son iki ildə Gürcüstanda dörd dəfə əməliyyat olunduğunu bildirib.(turan.az)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button