GÖZLƏNİLƏN ƏFV FƏRMANI İLƏ BAĞLI YENİ XƏBƏRLƏR

Hüquq müdafiəçiləri Novruzda əfv gözləyir, amma…

12.03.1013

“Əfv siyahısı hazırlanır. Bu, dəqiqdir. Ya Novruz bayramında, ya da bayramdan sonra mütləq əfv olacaq”. Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun üzvləri martın 12-də keçirdikləri mətbuat konfransında bu barədə bildiriblər. Hüquq müdafiəçiləri qeyd ediblər ki, artıq Əfv Komissiyası toplaşır, müzakirələr gedir və siyahı dəqiqləşdirilir.

Səidə QocamanlıÖlkədə insan haqlarının vəziyyətinə həsr olunmuş konfransda hüquq müdafiəçisi Səidə Qocamanlı isə bildirib ki, əfv fərmanının mayın 10-da olacağını gözləmək lazımdır: “Əfv fərmanı yenicə verilib, dekabrın sonunda. Martda əfv gözləmək doğru deyil. Qarşıdan da prezidentin atasının 90 illiyi gəlir. Əfv fərmanı mayda veriləcək”.
Hüquq müdafiəçiləri AŞ PA-nın qış sessiyasında Kristofer Ştrasserin siyasi məhbuslarla bağlı məruzəsinin rədd olunmasından tutmuş, öz siyasi məhbus siyahılarına qədər çox məsələlərdən danışdılar.
“Biz Avropa Şurasında olarkən məlumat gəldi ki, Tofiq Yaqublu və İlqar Məmmədovu həbs ediblər. Biz də dərhal məruzəçilərə məlumat verdik, bununla bağlı məlumatı çatdırdıq” deyə, hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib. O, siyasi məhbuslarla bağlı məruzəçi Kristofer Ştrasserin mübahisəli siyahısından da Kristofer Ştrasserdanışıb: “Avropa Şurası Parlament Assambleyasında Azərbaycana dair Kristofer Ştrasserin siyasi məhbuslara dair qətnamə layihəsi, bildiyiniz kimi, qəbul olunmadı. Onun hesabatında natamamlıq vardı. O, iki siyahı hazırlamışdı, birində 85 nəfər siyasi məhbus vardı, digərində isə az. Avropa Şurasında deputatlara da iki siyahı paylanmışdı, bilinmirdi hansı doğrudur, çaşqınlıq yaranmışdı. Bundan da Azərbaycan tərəfi istifadə etdi. Həmin siyahıda islamçıların, terrorçuluqda ittiham edilən şəxslərin adları var idi. Onlar da bu siyahını bəyənmədi, tərəddüd etdilər. Biz isə tərəfdarı idik ki, həmin siyahıda islamçıların və terror ittihamı ilə həbs edənlərin adları olmasın. Biz onların azadlığa buraxılması üçün çalışırıq, iş görürük. Biz hətta ömürlük məhbusların da məsələsini qaldıracağıq. Ancaq siyasi məhbus siyahısından kənar bunları edirik”.
Qeyd edək ki, Monitorinq Qrupu həbsdə olan şərti “Səidin dəstəsi”ni, hicabı müdafiəyə görə həbs edilən islamçıları, İslam Partiyasının üzvlərini siyasi məhbuslar saymır. Onları ədalətli məhkəmə araşdırmasından məhrum olunmuşlar hesab edirlər. Bu adamlara münasibətdə açıq məhkəmə prosesinin keçirilməsini təklif edirlər.
Səadət BənəniyarlıSəadət Bənəniyarlı isə bildirib ki, hazırda onların siyasi məhbus siyahısında on bir nəfərin adı var. Həbsdə olan nazirlər Fərhad Əliyev və Əli İnsanov, həmçinin F.Əliyevin qardaşı Rafiq Əliyev bu siyahıda yer alıb. Onun sözlərinə görə, həbsdə olan redaktor Hilal Məmmədov, Elnur Hüseynov və Əvəz Zeynallı da həmin siyahıya düşəcək.
“Bəziləri bizi ittiham edirlər ki, hökumətə işləyirik. Məhbusları azadlığa kim buraxır? Biz hakimiyyətlə danışıqlara getməliyik, müzakirələr aparmalıyıq” deyə, Novella Cəfəroğlu bildirib. Hüquq müdafiəçisi Səidə Qocamanlı isə deyib ki, Ştrasser məlum siyahısında Monitorinq Qrupunun təkliflərindən istifadə etməyib: “Baxmayaraq ki, biz daim əlaqə saxlayırdıq. O, hesabatında bizimlə müzakirə edilən siyahıdan istifadə etmədi. Hesabatının qəbul olunmamasının günahını onun özündə görürük, dəqiq siyahı deyildi. O, bu işi bacarmadı”. O həmçinin deyib ki, hüquq müdafiəçilərində əxlaq problemi var: “Bu da mətbuata sirayət edir. Hüquq müdafiəçisi ağılla və qanunla siyahı tutmalıdır”.
S.Qocamanlı son 20 gün ərzində mühüm görüşlər keçirdiklərini, Bakıda güc strukturlarının təmsilçiləri ilə, həmçinin səfirliklər və diplomatik nümayəndələrlə görüşdüklərini bildirdi: “Görüşlərdə ölkədəki vəziyyət ciddi şəkildə müzakirə olunub. Biz nazir Ramil Usubovla görüşdə insan haqlarının vəziyyətindən, Tofiq Yaqublu ilə İlqar Məmmədovun həbsindən də danışmışıq”.
Hüquq müdafiəçiləri qeyd ediblər ki, onlar cəzalarının üçdə iki, dörddə üç hissəsini çəkmiş məhbusların azadlığa buraxılması məsələsini də müzakirə edirlər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button