”Gözümün yaşın sildim ki, mən yuxu görürəm, yoxsa…” – VİDEO

resadetin anasi metanet

Rəşadət Axundovun anası Mətanət Axundova:

“Özümü çox kökləmədim bu dəfə. Çünki ümidim çox qırılmışdı. Uzanıb televizora baxırdım. Rauf Mirqədirov əyilib anasının alnından öpəndə gördüm gözlərimdən yaş axır. Bu vaxt Türkan o biri otaqdan gəldi ki, Mətanət xala, siyahı çıxıb, Rəşadətin də adı orada var. Gözlərimi silirəm, deyirəm, Türkan, mən yuxu görürəm, yoxsa düz deyirsən?

Sevincimin həddi-hüdudu yoxdu. Rəşadət gözümün ilkidir, ilk övladımdı. Özü də Rəşadət elə uşaq olub ki… 31 yaşı tamam olub, indiyədək biz valideynləri ondan inciməmişik.  Həm təhsilində, həm tərbiyəsində, həm davranışında övladlarımın hamısına örnəkdi. Bütün nəslimizdəki uşaqlara örnəkdi, o.

Təkcə Araza qovuşmağı mənə dünyaları verdi. Arazın 3 yaşı var. Qəzetlərlə başını qatırdım, türməyə aparıb-gətirirdim. Qayıdanda baxa-baxa qalırdı. Düşünürdüm, 3 yaşından sonra mən ona nə deyəcəm? Mən Araza nə cavab verəcəm? Bir ay idi ki, mən onu fikirləşirdim. Allah hər kəsi öz əzizinə qovuşdursun.

Rəşadətgil uşaq olsalar da, bugünkü günün təbilini çalırdılar. Onlar ölkənin gözəlliyindən başqa heç nə istəmirdilər. Hər oruc tutanda demişəm, ay Allah, sən haqqı nahaqdan ayır. Mənim balamın günahkar olmadığını sübut et. Allah da sübut elədi. Hamı da bildi. Vəziyyətin nə yerdə olduğunu hamı bilir.

NİDA-nın İdarə Heyətinin üzvü Rəşadət Axundov 17 martda əfv sərəncamı ilə azadlığa çıxıb.

O, Cinayət Məcəlləsinin (CM) 228.3-cü (Qanunsuz olaraq partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham edilib. 2014-cü ildə Bakı Ağır Cinayətlər məhkəməsinin qərarı ilə Rəşadət Axundov 8 il müddətinə azadlıqdan məhrum edilmişdi.

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button