Gülər Əhmədova “deputat mandatı”ndan imtina etdirildi

28.09.2012

Millət vəkili Gülər Əhmədova deputat mandatından imtina etməsi ilə bağlı parlament rəhbərliyinə ərizə ilə müraciət edib, bu barədə APA agentliyi Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğluna istinadla xəbər verir.

O, APA-ya bildirib ki, hakimiyyətdə olan Yeni Azərbaycan Partiyasının üzvü Gülər Əhmədovanın müraciətinə baxıldıqdan sonra aidiyyəti üzrə Mərkəzi Seçki Komissiyasına göndəriləcək.

Yeni Azərbaycan Partiyası (YAP) Milli Məclisin oktyabrın 1-də keçiriləcək iclasında millət vəkili Gülər Əhmədovanın “deputat toxunulmazlığının götürülməsi” ilə bağlı məsələ müzakirəyə çıxarılacağını bildirmişdi.

YAP, partiya üzvü və deputat “Gülər Əhmədovanın dələduzluq hərəkətlərini ölkənin hakim partiyasına ləkə kimi” qiymətləndirdiyini bildirib, partiyanın saytı YAP-ın icra katibi Əli Əhmədova istinadən yazıb.

“Eyni zamanda o da şübhəsizdir ki, Gülər Əhmədova törətdiyi dələduzluq əməlləri ilə Yeni Azərbaycan Partiyasını Milli Məclisdə təmsil etməyə mənəvi haqqını artıq itirmişdir. Yeni Azərbaycan Partiyasının hər bir üzvünün mövqeyi məhz belədir”, partiya rəsmisi bildirib.

Məsələ ilə bağlı “təəssüf”ünü bildirən Əhmədov “videogürüntülərdə əks olunan faktlarla əlaqədar artıq cinayət işi açıldığını və hər kəsin əməlinə qanun çərçivəsində ədalətli qiymət veriləcəyini” deyib.

“Gülər Əhmədova törətdiyi dələduzluq əməlləri ilə Yeni Azərbaycan Partiyasını Milli Məclisdə təmsil etməyə mənəvi haqqını artıq itirmişdir.”

Hakim partiyanın icra katibinin müavini Mübariz Qurbanlı BBC Azərbaycancaya bildirib ki, deputat Gülər Əhmədova ilə bağlı videonun “həqiqiliyi” təsdiqlənərsə, “çox xoşagəlməyən məsələlər baş verə bilər”.

Qurbanlı “videonu izlədiyini” deyir və onu “xoşagəlməz hadisə” adlandırır:

“Həmin videoya hüquq-mühafizə orqanları ekspertiza rəyi verilməsi üçün cinayət işi qaldırılıb və istintaq həyata keçirilir”.

Partiya rəsmisinin sözlərinə görə, əgər videonun “montaj olmaması” barədə rəy çıxarsa, “partiya öz müvafiq qərarını verə bilər”, çünki “partiya bu məsələ üzrə ekspert deyil”:

“Bizim qərarımızı söyləmək üçün prokurorluq və hüquq-mühafizə orqanlarının verdiyi nəticəni gözləmək lazımdır”.

Qurbanlı deyir ki, Gülər Əhmədovanın “insult keçirməsi və həkim nəzarətinda olması” barədə mediada oxuyub, amma hələ “araşdırma aparmayıb”:

“Xəstələnən və həkim nəzarətində olan şəxslə fiziki əlaqə yaratmaq və danışmaq da bir az çətin olar”.

Hadisə

Sentyabrın 25-də hazırda Fransada yaşayan, keçmiş Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev internetdə özü və deputat Gülər Əhmədova ilə bağlı video yayıb.

Yayılan videoda deputatla Elşad Abdullayev və kitabxana müdiri Sevinc Babayeva arasında “deputat seçilmək üçün 500 min verilməsi və əlavə 500 minin tələb olunması” əks olunur.

Millət vəkili Gülər Əhmədova yerli mediaya “video çəkilişin həm səs, həm də görüntüsünün tamamilə montaj olunduğunu” deyib.

Baş Prokurorluq sentyabrın 28-də “qeyd edilən audio və videoyazılarda dələduzluğun, yəni etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmənin əlamətləri” olduğuna görə, “etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə” (Cinayət Məcəlləsinin 178.3.2-ci) maddəsi ilə cinayət işi açıb və istintaq aparılır.

Prokurorluq bildirib ki, istintaqın indiki mərhələsində Gülər Əhmədova deputat toxunulmazlığından məhrum edilə bilməz, çünki, cinayət işi “şəxslər barəsində açılmayıb”:

“Cinayət işi audio-video yazılarda dələduzluğun, yəni etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmənin əlamətləri olduğundan həmin məlumatların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək məqsədilə çoxsaylı təxirəsalınmaz istintaq və istintaq-əməliyyat tədbirlərinin keçirilməsinin zəruriliyini nəzərə alaraq toplanmış material üzrə açılıb”, Baş Prokurorluq Xəzər TV-yə deyib.

2000-ci ildən bəri üç dəfə deputat olan Gülər Əhmədova Yeni Azərbaycan Partiyasının üzvüdür.

Əhmədova Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Çexiya, Azərbaycan-Rusiya, Azərbaycan-Səudiyyə Ərəbistanı, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının və Avropa İttifaqı–Azərbaycan parlament əməkdaşlığı komitəsinin üzvüdür.

http://www.bbc.co.uk/azeri/azerbaijan/2012/09/120928_yap_guler_comment.shtml

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button