Gülər Əhmədovanın hakimiyyətə son xidməti qarşıdadır

“Bu ölkədə seçilmək istəyən çox, seçici isə bir dənədir!”

Azərbaycan reallığını bu qədər lakonik şəkildə dilə gətirən millət vəkili Gülər Əhmədova çox istedadlı adam imiş: bu, Elşad Abdullayevin yaydığı videoda açıq-aydın göründü. Nələr açıqlandı, hansı çirkablar, fırıldaqlar üzə çıxdı? – hamısı göz qabağındadır və heç bir alibisi yoxdur.
Amma… baş verənlərdən sonra da adamın özünə bəraət üçün çabalarını görəndə bu hakimiyyətin insanları necə zəlil və yazıq günə saldığından dəhşətli dərəcədə təəssüflənirəm.
“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallını həbs etdirən Gülər Əhmədovaya, bütün söz adamları kimi, birmənalı münasibət bəsləyirdim: “Insan bu qədər müti olmamalı, iki qız atasının günahsız yerə türməyə soxulması əməliyyatında rol almamalı, bunu öz vicdanına, qadınlıq ləyaqətinə sığışdırmamalıdır” – düşünürdüm. Amma heç ağlıma belə gəlməzdi ki, Gülər xanıma günlərin birində yazığım gələcək.
Bəli, bu xanım yazıqdır – videofaktla bağlı açıqlamalarında da yazıqlığı tam mənası ilə görünür.
Baxın, köməkçisi vasitəsilə “şəxsi həyatın toxunulmazlığı” məsələsini gündəmə gətirir, icazəsiz yazılan və yayılan lent yazısına görə qarşı tərəfi suçlamaq istəyir.
Bəs, Əvəz Zeynallıdan razılıq almışdın onun səsini yazanda? Niyə həmin səs yazısı və bir vərəqlik ərizə əsasında baş redaktor həbs edildi?
Mən hələ ictimaiyyətə açıqlanmayan, bərk-bərk qorunan o səs yazısında Əvəz Zeynallının rüşvət istəmədiyini xatırlatmağı lazım bilmirəm. Əslində, Əvəzin əleyhinə olan lent yazısı ilə bu video ümumiyyətlə, müqayisə olunası deyil: səs yazısında şantaj, videoyazıda isə 500 mindən sonra “gerisinin” ardınca gələn və Ramiz Mehdiyevlə Ilham Əliyevin adından istifadə edən deputat var; səs yazısı ilə adam şərləyənin qarşısına videoyazı qoyulur!
Demişdim axı, Əvəzin həbsi son deyil, başlanğıcdır!..
O qədər yazıqlaşıb ki, Azərbaycan Beynəlxalq Universitetinə, Elşad Abdullayevin otağına getməsinin səbəbi kimi Yasamal sakinlərindən fırıldaq yolu ilə 520 min pul toplayan rektorla danışıqlarını əsas gətirən xanım deputat “topladığı materialları” indi prokurorluğa yolladığını açıqlayır.
Niyə? Gülər xanım cinayəti sübut edən faktları prokurorluğa ən azı 7 ildir (Elşad Abdullayev hadisənin 2005-ci ildə baş verdiyini deyib) niyə göndərmirmiş? Niyə saxlayırmış Elşad Abdullayevin cinayətlərini? Nə marağı varmış?
Hətta Elşad Abdullayev Azərbaycan hakimiyyətinə qarşı kəskin çıxışlara başlayandan və “iqtidarın düşməni” elan olunandan sonra da Gülər Əhmədova il yarım gözləyirsə və keçmiş rektorun əleyhinə olan materialları yalnız özü haqqında videofaktın yayılmasına qədər ləngidirsə, artıq ayrı suçlamalar ortaya çıxır: cinayəti bilə-bilə niyə gizlədirmiş?
Elşad Abdullayev Gülər xanımı məhkəməyə veribmişsə və deputatla rektorun münasibətləri heç də qaydasında deyilmişsə, nədən hörmətli millət vəkili cinayət faktlarını prokurorluğa göndərmirmiş?
Azərbaycan absurdlar ölkəsidir, burda məntiq yerimir, ancaq istənilən normal adam Gülər Əhmədovanın danışdıqca özünü daha dərinlərə batırdığının və acınacaqlı duruma düşdüyünün fərqindədir.
Amma… Gülər xanım anadır, millət vəkilidir, kimsəsiz uşaqların taleyilə qayğılanan insandır… Əgər əxlaqla idarə olunan bir ölkədə yaşasaydı, onda necə olacaqdı? Axı, onun hələ sübuta yetirilməyən bu rüsvayçılıqda iştirakını zəruriləşdirən səbəblər var: bu xanımı kim belə acınacaqlı duruma saldı? Niyə ondan istifadə edildi? Onu milyonluq alverə kim göndərdi? Bu ananı iki azyaşlı çiçək balanın atası olan Əvəz Zeynallının üzünə kim qoydu?
Onun arxasında durub, allahsız işlərə təhrik edən “güclər” indi öz adlarının rüşvətdə hallanmasına göz yumacaqlarmı? Bu yazıq günə qoyduqları ananı qorumaqla rüşvət suçlamalarını öz çiyinlərinə çəkəcəklərmi?
Bəs, Azərbaycandakı yeganə seçici – Ilham Əliyev necə, Elşad Abdullayevdən alınan rüşvətin ona çatdığını dolayısı ilə təsdiqləyəcəkmi?..
Yadıma düşmüşkən: Misir çariçası Kleopatra Roma triumvirlərinin əleyhinə mübarizəyə qalxan Kassioya öz nüfuzlu generalı Serapionu köməyə göndərir. Ancaq düşməni əzmək gücündə olan Mark Antoni bu hadisədən xəbər tutub əsəbiləşəndə Kleopatra general Serapionun özbaşına və icazəsiz hərəkət etdiyini deyir. Sübut kimi isə Serapionu dərhal geri çağırtdırıb, edam etdirir…
Tiranın cəza alətinə çevrilən istənilən insanın vay halına, çünki həmişə sonadək istifadə edilir: onun ölümü – fərqi yoxdur, mənəvi, yoxsa fiziki – tiraniyaya son xidmətdir.

http://azadliq.info/index.php?option=com_content&view=article&id=21670:guelr-hmdovann-hakimiyyt-son-xidmti-qardadr&catid=322:anar-mahmudolu&Itemid=41

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button