“Gülərgeyt” davam edir: yeni videogörüntülər və hakimiyyətin imicinə yeni zərbə

05.10.2012

Fəaliyyəti dayandırılmış Beynəlxalq Universitetin rektoru, Fransada mühacirətdə olan Elşad Abdullayev “Azadlıq” qəzetinə məktub göndərib. Qəzet həmçinin rektorun Gülər Əhmədova ilə danışığının videosundan başqa fraqmenti də saytında yerləşdirib.

Yeni videoda E.Abdullayev bir daha bildirir ki, deputat seçilməsi üçün Gülər Əhmədovanın dediyi 500 min dolları ona verib. Bununla yanaşı, G. Əhmədova və onun dostu Sevinc Babayeva rektordan daha 500 min dollar verməsini tələb edib. Məlum olur ki, 500 min dollar pul G.Əhmədovaya ANS televiziyasının yaxınlığında avtomobildə verilib.

Eyni zamanda, söhbətdə E.Abdullayevin indiyədək eks-prezident Heydər Əliyevin qardaşı mərhum Aqil Əliyevlə işlədiyi aydın olur. Bundan sonra isə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə işləməyin şərtləri razılaşdırılır. G.Əhmədova deyir ki, bundan sonra “Ramiz müəllimin dediyi ilə durub-oturmaq lazımdır”.

G.Əhmədova həmçinin parlamentin formalaşdırılmasında Məleykə adlı şəxsin də adını çəkir. Ancaq məlum olmur ki, bu Məleykə kimdir.

Daha sonra parlamentdə deputatların kimlərin siyahısı ilə oturduğu aydın olur. Videodakı söhbətin əsas məqamını olduğu kimi təqdim edirik.

G.Əhmədova: “Mənə dediniz. Dedim onun özü ilə görüşməmiş heç nə deyə bilmərəm. Seçkilərə 9 gün qalmış gəldim Dubaydan. Dedim ona bir neçə sualım var universitet və s. Burada belə deyil, deputat keçirdik gedib nə istəyirsən edə bilərsən. Bu şeyi Musada (keçmiş deputat Musa Musayev-red), Alqışda (keçmiş deputat Alqış Musayev-red) biz gördük. Musanı, Alqışı biz deputat keçirdik, biri gedib Əli İnsanovla başladı işləməyə, biri Hacıbala ilə başladı işləməyə”.

Bu arada S. Babayeva E.Abdullayevin müstəqil olduğunu deyir və “Ramiz müəllim səni keçirdir, onunla da işləməlisən” deyə söhbətə qoşulur.

G. Əhmədova deyir ki, başağrısı nəyə lazımıdır. “Gedib bunu sıradan, çıxar, onu sıradan çıxar. Əvvəldən işi konkret qoymaq lazımdır. Sən mənimləsən, mənimlə deyilsən. Adamlar var Fərhadın adamlarıdır, bu Əli İnsanovun siyahısıdır, bu Kəmaləddinindir, bu İlhamındır, Mehribanındır. Düzdür yoxsa-yox. Bəlkə səhv danışıram. Əgər siz biznən işləyirsinizsə…” , – deyə söhbət başa çatır.

E.Abdullayevin müraciətində isə bildirir ki, onun yaydığı videolar buzu tərpədib: “Bunu problem ətrafında gedən müzakirələr də sübut edir.

Sevindirici haldır ki, dövlət rəsmilərinin də bu məsələ ilə bağlı susqunluğuna nəhayət, son qoyulub. Prokurorluq tam əminəm ki, ölkə başçısının müdaxiləsindən sonra cinayət işi başlayıb, Gülər Əhmədova deputat mandatından imtina etməyə məcbur olub, MSK onun mandatının alınmasını təsdiq edib”.

Bununla yanaşı, rektor hadisələrin inkişafının qanun çərçivəsində deyil, siyasi konyuktura müstəvisində cərəyan etdiyini xatırladır.

“Prokurorluq hələ ki, cinayət törətmiş və bunun üçün məsuliyyəti cəlb edilməli olan şəxsləri deyil, məni nişan götürüb. Son günlər baş prokuror Zakir Qaralovun mənim barəmdə səsləndirdiyi fikirlər, ABU-da, mənə və ailə üzvlərimə aid olan evlərdə axtarışların aparılması buna əyani misaldır. Həm baş prokurorun, həm ondan aşağıda və yuxarıda duranların, həm də qəzetiniz vasitəsilə bununla maraqlanan bütün oxucuların diqqətinə çatdırmaq istəyirəm ki, bu yolla məni qorxuda bilməyəcəklər, mən həqiqətin müəyyən edilməsi üçün axıra kimi getməkdə israrlıyam”.

O bildirir ki, baş prokurorun onun guya insan alveri ilə məşğul olması barədə söylədikləri ağ yalandır, səbəbi də məlumdur: “Bununla demək istəyir ki, biz hamımız rüşvət alırıq, ancaq Elşad Abdullayev, hətta insan orqanları ilə lver edir. Obyektiv istintaq aparılacaqsa, mənim bu məsələyə heç bir qarışacağım olmadığı aşkar olunacaq. Ən azı, ona görə ki, ABU-nun nəzdində olan klinikaya mənim heç bir aidiyyətim olmayıb”.

E.Abdullayev Ramiz Mehdiyevin video qalmaqalı ilə bağlı söylədiklərinə cavab verib: “Əgər düz başa düşmüşəmsə, cənab Mehdiyev məni və Gülər Əhmədovanı dələduz adlandırıb. Əvvəla, xahiş edərdim ki, hörmətli Mehdiyev izah etsin ki, əgər Gülər Əhmədova məni aldadıb pulu onun adından alırdısa, onun bundan xəbəri yox idisə, aldanmış şəxs kimi mən niyə dələduz oluram? İkincisi, Azərbaycan reallığından məlumatı olan hər kəsə, o cümlədən mənə aydındır ki, Gülər Əhmədova məni deputat “seçdirə” bilməzdi. O, məni inandırmışdı ki, pulu Ramiz müəllimə verəcək. Dediklərimi sübut etmək üçün Gülər Əhmədova ilə

danışığımızdan daha bir fraqmenti sizə göndərirəm”.

Rektor bir daha xatırladır ki, o məhz indi videogörüntülərin və audio yazıların yayılmasının əleyhinədir: “Yenə də inanmaq istəyirəm ki, prezident İlham Əliyev ona ünvanladığım müraciəti nəzərə alaraq iş üzrə müstəqil istintaq komissiyasının yaradılmasına göstəriş verəcək. O zaman mən əlimdə olan bütün materialları KIV-ə yox, məhz həmin komissiyaya təqdim edəcəyəm”, – o bildirib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button