“Gülər Əhmədova həbs edilməlidir”

09.10.2012

“Baş Prokurorluq Gülər Əhmədova barədə həbs-qəti imkan tədbiri seçməlidir”

“Yeni Azərbaycan Partiyası Gülər Əhmədovanı öz sıralarından tezliklə çıxarmaq məsələsini həll etməlidir”.  Bu sözləri  Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının yaradıcılarından olan Eldar İbrahimov sabiq millət vəkili Gülər Əhmədovanın partiyanın icra katibi Əli Əhmədovla bağlı fikirlərinə münasibət bildirərkən deyib:

“Bu “fikirlər” tək Əli Əhmədova qarşı deyil, həm də YAP üzvlərinə təhqirdir. Əli Əhmədov Yeni Azərbaycan Partiyasının qurucularından biridir. O, “91-lər” kimi tarixin səhifəsində şanlı yer alan siyahıya imza atıb. Həmin vaxt o, Bakı Dövlət Universitetində müəllim işləyirdi. Bütün təzyiqlərə baxmayaraq “91-lər”ə qoşulub bu şanlı səhifəyə imza atdı. O, partiya quruculuğunda yaxından iştirak edən simalardan biridir. Bu gün Azərbaycanın ictimai-siyasi həyatında Əli Əhmədovun özünəməxsus, xüsusi yeri var. Hamı bilir ki, Əli Əhmədov öz təmizliyi, əxlaqi keyfiyyətləri və davranışı ilə seçilən nümunəvi bir adamdır. Gülər Əhmədova kimi dələduz, cinayətkar adamların Əli Əhmədova qarşı bu cür ifadələr işlətməsi Əli Əhmədova heç vaxt yapışmayacaq. Bunu bütün Azərbaycan cəmiyyəti bilir. Bir daha qeyd edim ki, Əli Əhmədov təmiz və davranışına diqqət edən bir şəxsdir. Onu bütün ölkə tanıyır. Gülər Əhmədovanın Əli Əhmədova qarşı dediyi ifadələri şəxsən özümə qarşı da hesab edirəm”.

Komitə sədri onu da bildirib ki, Gülər Əhmədovanın belə ifadə işlətməsi özbaşına deyil, onun arxasında hansısa qüvvələr dayandığını göstərir:

“Hansısa qüvvələrə söykənərək belə ifadələr işlədir. Ona görə də bu məsələ ilə bağlı konkret qərar verməyin vaxtıdır.
Mən yalnız onu deyə bilərəm ki, Gülər Əhmədovanın Elşad Abdullayevlə olan videosuna baxanda burada hüquq-mühafizə orqanına ehtiyac qalmır. Onlar biri-birilərinin kim olduqlarını danışıqlarında açıq şəkildə bildirirlər. Mən bunu Youtube-da da izləmişəm. Bu məsələ ilə bağlı konkret qərar verməyin vaxtıdır. Hələlik partiyadan kənarlaşdırılmaması bəlkə də onda müəyyən arxayınçılıq yaradır və o, bundan istifadə edərək YAP-ın rəhbərliyinə qarşı böhtan və təhqir dolu ifadələr işlədir. Hesab edirəm ki, Gülər Əhmədovanı tezliklə Yeni Azərbaycan Partiyasından çıxarılma  məsələsi həll edilməlidir. Eyni zamanda, prokurorluq orqanları Gülər Əhmədova barədə həbs-qəti imkan tədbiri seçməlidir. Doğrusunu deyim ki, mən heç bir qadına belə şeylər rəva bilmərəm. Amma hər kəs qanun qarşısında cavabdehdir. Qanunu tapdalayan kəs qanun qarşısında cavab verməlidir. Belə adamların Yeni Azərbaycan Partiyasında olması partiyaya ləkə gətirir. Hətta bu cür hərəkət bizi beynəlxalq  aləmdə biabır edir. Ona görə də qısa müddətdə bu biabırçılıqdan yaxa qurtarmaq üçün məsələni bitirmək lazımdır. Hesab edirəm ki, belə adamlar partiyanın imicinə eyni zamanda, parlamentin imicinə böyük ləkədirlər. Gülər Əhmədovanın bu addımları nə partiyamıza, nə də dövlətimizə hörmət gətirir”.

 modern.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button