Gülər Əhmədova prokurorluqda dindirildi

10.10.2012

YAP rəhbərliyi keçmiş deputatın həbsini tələb etdi; Gülər Əhmədova rəsmi açıqlama yaydı

Hakim partiyanın ağsaqqalı onu müdafiə edən məmurlara çağırış etdi

 Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayev Gülər Əhmədova ilə bağlı ilk videonu yayarkən xalq artisti Habil Əliyevin “Mərkəz” qəzetinin (qəzet Gülər Əhmədovaya məxsusdur) saytında sabiq deputatı müdafiə edən açıqlaması yer almışdı. “Bu çirkin kampaniyaya son qoyun! Heç bir kəsin Azərbaycanın layiqli qızı, səsi həmişə ali tribunalardan gələn millət vəkili Gülər Əhmədovanı ittiham etməyə haqqı çatmır. Bu yolverilməzdir. Gülər Əhmədova hər zaman korrupsiyaya qarşı mübarizə aparanların başında dayanıb, indi necə ola bilər ki, yoldan keçənin biri bu ziyalı xanıma iftira yaxsın. Mən bir ağsaqqal olaraq buna kəskin etirazımı bildirirəm və bu ”çirkin kampaniyadan” çox narahatam”, – deyə H.Əliyev vurğulamışdı.
Lakin dünən redaksiyamızla əlaqə saxlayan tanınmış vəkil Aslan Ismayılov bu açıqlamanın H.Əliyevin adından verildiyini deyib. Vəkil bildirib ki, o, H.Əliyevlə görüşüb və söhbət əsnasında G.Əhmədova ilə bağlı açıqlama barəsində də fikir mübadiləsi aparıb. Nəticədə maraqlı cavab alıb. Məlum olub ki, kaman ustası G.Əhmədovanı müdafiə edən açıqlama ilə çıxış etməyib: “Bu açıqlamadan Habil Əliyevin ümumiyyətlə xəbəri yoxdur. Heç mətbutda onun adından açıqlamanın getməsini də məndən öyrəndi. Məlum oldu ki, bu açıqlama onun adından yayılıb. Habil müəllim bu mövzuda heç bir qəzetə müsahibə vermədiyini söyləyir. Bu cür dəyərli ağsaqalların adının belə çirkin olaylara cəlb edilməsi yolverilməzdir”.
Daha sonra H.Əliyevin özü ilə danışan əməkdaşımız bir daha A.Ismayılovun dediklərini sənətkarın özündən xəbər alıb. H.Əliyev də öz növbəsində bu məlumatın onun adından yayıldığını söyləyib.

Gülər Əhmədova rəsmi açıqlama yaydı

Bu arada G.Əhmədova mətbuatda barəsində yazılanlarla bağlı rəsmi açıqlama yayıb. Həmin açıqlamanı olduğu kimi təqdim edirik: “Hörmətli KIV və ictimaiyyət nümayəndələri!
Son günlər bir sıra mətbuat orqanlarında (ilk olaraq “Yeni Müsavat” qəzetində və ona istinadən digər mətbuat orqanlarında) mənim deputat mandatımdan könüllü imtina etməyimdən sonra həqiqətə uyğun olmayan informasiyalar dərc edilməkdədir. Bütün yazılanlara aydınlıq gətirmək məqsədilə mən, Gülər Mikayıl qızı Əhmədova bildirirəm ki, heç vaxt “Məndə də videolar var, yaya bilərəm” məzmunlu açıqlama verməmişəm. Mənə israrla zəng edən jurnalist xanıma bildirmişəm ki, bir vaxtlar bəzi qəzet baş redaktorları, habelə jurnalistləri barədə də videolar yayılanda “Mərkəz” qəzeti və saytı olaraq, həmin videoları dərc etməmişik. Həmin videoları yaya bilərdik, amma bunu etməmişik. Jurnalist xanım mənim bu açıqlamamı kontektsdən çıxardaraq, bilərəkdən və ya bilməyərəkdən təhrif etmiş və ictimaiyyətə yalnış formada təqdim etmişdir. Daha sonra digər resurslar bu yalnış informasiya üzərində təməli səhv analizlər aparmağa başlamışlar. Mən barəmdə yazılan həmin açıqlamanı qəti şəkildə təkzib edirəm.
Etiraz etdiyim digər məsələ isə mənsub olduğum Yeni Azərbaycan Partiyasının rəhbər şəxsi ilə mənim aramdakı münasibətləri qəsdən pozmaq cəhdidir. Belə ki, mən özümə məxsus Facebook sosial şəbəkəsindəki səhifəmdə zarafatyana və sırf dostlarımla müzakirə aparmaq məqsədilə bir şeir paylaşmışdım. Bu, sadəcə bir şeir idi və heç bir şəxsə və ya şəxslərə, habelə quruma və ya təşkilata ünvanlanmayıb. Çox təəssüf edirəm ki, yenə də yuxarıda adını çəkdiyim həmin qəzet mənim Facebook sosial şəbəkəsində paylaşdıqlarımı yalnış istiqamətə yozaraq ictimaiyyətdə barəmdə qərəzli münasibət formalaşdırmağa çalışmışdır. Bir daha bütün KIV və ictimaiyyət nümayəndələrini əmin edirəm ki, Facebook sosial şəbəkəsində paylaşdığım fikirlər bir vətəndaş kimi dostlarımla müzakirə aparmaq məqsədi daşıyır və heç bir alt məna kəsb etmir.
Mən mənsub olduğum Yeni Azərbaycan Partiyasına və onun nizamnamə və məramnaməsinə sadiqəm və həmişə də sadiq qalacam. Istintaq getdiyindən heç bir açıqlama verməmək qərarına gəlmişəm və hər hansı açıqlamanın istintaqın gedişinə təsir edəcəyini düşünürəm. Odur ki, bütün jurnalistlərdən, KIV nümayəndələrindən xahiş edirəm ki, məndən hər hansı açılqlama almaq istəklərini istintaqın bitməsinə qədər saxlasınlar və barəmdə yazılan şayiələri xəbərə çevirib ictimaiyyətin və istintaqın fikrini yalnış istiqamətə yönəltməsinlər.
Anlayışınız üçün təşəkkür edirəm”.

Rauf Arifoğlu keçmiş deputata cavab verdi

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun G.Əhmədovanın KIV-ə müraciətində bu qəzetlə bağlı ittihamlarına cavabı gecikməyib. R.Arifoğlu sabiq deputatın ittihamlarına cavab olaraq bildirib: “Sabiq deputat Gülər Əhmədova artıq neçənci dəfədir ki, qəzetimizi hədəfə alan ittihamlarla çıxış edir. Bu, məni təəccübləndirir. Lakin məqsədini anlayıram. Gülər Əhmədova belə bir görüntü yaratmaq istəyir ki, o, müxalifət düşərgəsinin hədəfindədir, hər şeyi bu düşərgəyə aid bir qəzet mürəkkəbləşdirir. Əslində isə onun vəziyyətini özü, düşünülməmiş hərəkətləri və açıqlamaları ilə, pisləşdirir. ”Yeni Müsavat”, eləcə də digər KIV-lər ölkənin gündəmini dəyişən, konkret bir cinayət əməli barədə yazılar yazır, bu əməldə əsas şübhəli bilinən Gülər Əhmədova və Elşad Abdullayevin hərəkətlərini izləyərək, onları əks etdirməyə çalışır. Bu məsələdə bizim xüsusi qərəzimiz yoxdur, ola da bilməz. Üstəlik, hörmətli Gülər xanım haqqında onun partiya yoldaşlarından, iqtidar mənsublarından kəskin ifadələr işlətməmişik. Dövlətin və hakim partiyanın rəhbərləri Gülər Əhmədobanın məlum videodakı hərəkətlərini konkret olaraq dələduzluq kimi qiymətləndirmiş, onun bu cunayəti törətdiyini etiraf etmişlər. Hazırda onun mandatı əlindən alınmış (nə qədər desə də ki, mən özüm mandatdan imtina etmişəm, buna kimsə inanmır ), barəsində cinayət işi açılmış, ölkədən çıxmasına yasaq qoyulmuşdur. Belə bir vəziyyətdə, əsas məsələləri, taleyi ilə bağlı hökm verənlərin münasibət və qərarlarını kənarda buraxaraq, bir qəzeti hədəfə alması yersiz və gülünc görünür. Gülər xanımın problemi “Yeni Müsavat” qəzeti deyil. Onun problemi başqadır və yaxşı olar ki, onlarla məşğul olsun.
Elşad Abdullayevə gəlincə isə, əslində “Yeni Müsavat”la problemi olan instansiya məhz o olmalıdır. Çünki onun bu ilin əvvəllərində “Azadlıq” qəzeti vasitəsi ilə yaydığı müvafiq açıqlamaları məhz bizim qəzet əks -arqumetlərlə vurmuşdu. O səbəbdən də bizimlə Elşad Abdullayev arasında ciddi konfliktlər yaşanmış, məsələ məhkəmə təhdidlərinə qədər gedib çıxmışdı. Lakin artıq onun ortaya çıxartdığı faktlar o dərəcədə təkzib oliunmaz, o dərəcədə aydındır ki, hətta Gülər xanımın partiyadaşları, yaxın dostları da ona heç bir dəstək verə bilmirlər. Biz də, bir qəzet olaraq, olanları yazır, oxucu tələbatından çıxış edərək, bir sıra gizlinlərə işıq tuturuq. Eləcə də, onun “facebook” səhifəsində yazdığı “Xoruz baba” statusunun şifrəsini də biz çözmüşük. Təbii ki, bu cür fəaliyyətimiz Gülər xanıma xoş gəlmir, bu səbəbdən də üzərimizə hücum edir. Lakin bu dəfə də yanlış yapır. Onun üçün ən yaxşı olan budur ki, indiki anda heç olmasa sussun, istintaqın nəticələrini gözləsin, sağa-sola hücum etməsin.  Bundan belə  hansı hərəkəti etsə, yenə də öz vəziyyətini pisləşdirəcək”.

YAP-dan Gülər Əhmədovaya hücum

G.Əhmədova “Facebook” profilində paylaşdığı məlum “Xoruz baba” statusunun Əli Əhmədova hər hansı aidiyyatı olmadığını bildirsə də, YAP sabiq deputatın təkzibini qəbul etməyib. Partiyanın tanınmış simaları statusun Əli Əhmədova ünvanladığını anlayaraq sabiq deputatı asıb-kəsiblər.
YAP-çı deputat Eldar Ibrahimov Modern.az-a bildirib ki, G.Əhmədovanın bu fikirləri tək Əli Əhmədova qarşı deyil, həm də YAP üzvlərinə təhqirdir. Daha sonra E. Ibrahimov sabiq deputatın ünvanına sərt ifadələr işlədib: “Gülər Əhmədova kimi dələduz, cinayətkar adamların Əli Əhmədova qarşı bu cür ifadələr işlətməsi Əli Əhmədova heç vaxt yapışmayacaq”. YAP-çı deputat əlavə edib ki, G.Əhmədovanın belə ifadə işlətməsi özbaşına deyil, onun arxasında hansısa qüvvələr dayandığını göstərir: “Hansısa qüvvələrə söykənərək belə ifadələr işlədir. Ona görə də bu məsələ ilə bağlı konkret qərar verməyin vaxtıdır. Hələlik partiyadan kənarlaşdırılmaması bəlkə də onda müəyyən arxayınçılıq yaradır və o, bundan istifadə edərək YAP-ın rəhbərliyinə qarşı böhtan və təhqir dolu ifadələr işlədir. Hesab edirəm ki, Gülər Əhmədovanı tezliklə Yeni Azərbaycan Partiyasından çıxarılma məsələsi həll edilməlidir. Eyni zamanda, prokurorluq orqanları Gülər Əhmədova barədə həbs-qəti imkan tədbiri seçməlidir. Belə adamların YAP-da olması partiyaya ləkə gətirir”.
Başqa bir YAP-çı deputat Siyavuş Novruzov da Əli Əhmədovun müdafiəsinə qalxıb. O, “Yeni Azərbaycan” qəzetinə müsahibəsində G.Əhmədovanı dələduz adlandırıb: “Burada ən əsas şərt ondan ibarətdir ki, Azərbaycan ictimaiyyəti canlı, real video və stenoqram şəklində kimin-kim olduğunu gördü. Ayrı-ayrı dövrlərdə dələduzlar da olub. Azərbaycan cəmiyyəti açıq şəkildə bunun şahidi oldu ki, ilk növbədə, heç bir dələduz kiminləsə dövlət arasında əlaqə yaratmaq imkanına malik deyil.
Məsələn, Gülər Əhmədova YAP-ın Sədr müavini-Icra katibi Əli Əhmədov haqqında bəzi şeylər yazır. Insan özünü bir tərəziyə qoymalıdır ki, kim kimdir, mən kimin haqqında nə yazıram, hansı hallarda bu söhbətləri mən apara bilərəm”.
Hakim partiyanın Idarə Heyətinin üzvü Kərim Kərimov isə “Yeni Azərbaycan”a açıqlamasında deyib ki, G.Əhmədovanın Ə.Əhmədov haqqında danışmağa mənəvi haqqı çatmır. “Gülər Əhmədova kimilərinin Əli Əhmədov haqqında belə açıqlamaları, tərbiyəsiz hərəkəti yolverilməzdir. Mən, eyni zamanda, Gülər Əhmədovaya havadar çıxan məmurlara xəbərdarlıq edirəm ki, belə hərəkət etməsinlər, onu himayə etməkdən çəkinsinlər. Çünki bu ayıbdır”, – deyə K.Kərimov əlavə edib.
YAP-çıların bu cür açıqlamalarından açıq-aydın sezilir ki, G.Əhmədovanı bitirmək üçün onlara komanda gəlib.

Gülər Əhmədova prokurorluqda dindirilib

Dünən axşam saatlarında məlumat yayılıb ki, G.Əhmədova E.Abdullayevin yaydığı video görüntü ilə bağlı başlanmış cinayət işi üzrə Bakı şəhər Prokurorluğunda ifadə verib.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya faktı təsdiqləyib. Bildirib ki, G.Əhmədova həmin cinayət işi üzrə Bakı şəhər Prokurorluğunda şahid qismində dindirilib.
E.Abdullayevin Fransadakı təmsilçilərindən biri, blogger-jurnalist Elnur Məcidli isə “Yeni Müsavat”a açıqlamasında deyib ki, sabiq rektorun bundan sonra hansı addımlar atması açılan cinayət işinin hansı yöndə getməsindən asılı olacaq. O, G.Əhmədova ilə bağlı videonun növbəti hissəsinin də olacağını deyib. “Həmin videoda Gülər Əhmədovanın Elşad Abdullayevdən aldığı pulları sayması ilə bağlı görüntülər var. Siz o videonu görmüsünüzmü?” sualına cavabda isə E.Məcidli bildirib ki, o fraqmenti indiki mərhələdə dəqiq deyə bilməz: “Çünki onda 3-cü videonun marağı qaçar. Mən müstəqil bir jurnalist kimi bu işin tədqiqatı ilə məşğulam. Deyə bilərəm ki, 3-cü hissə daha güclü effekt yaradacaq”.

http://www.azadliq.az/index.php?option=com_content&view=article&id=22171:guelr-hmdova-prokurorluqda-dindirildi&catid=293:syas&Itemid=457

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button