Gülər Əhmədova “Xural”a kompyuter təklif edib

Deputat prokurorluğa şikayət etdikdən sonra «Xural» qəzetinə kompüter hədiyyə etmək istəyib
“Xural” qəzetinin əməkdaşları baş redaktorları Əvəz Zeynallının həbsi ilə bağlı materiallar yayıb. Bu materiallardan biri də “Azadlıq”a göndərilib. Materialı olduğu kimi təqdim edirik:
Gülər Əhmədova Əvəz Zeynallı ilə niyə görüşmək istəyib?
Avqust ayından etibarən deputat gülər Əhmədova “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı ilə dəfələrlə görüşmək istəyib. Deputat görüşün baş tutmasına çalışaraq özü haqqında tənqidi materialın çap edilməməsi müqabilində şirikləndirici təkliflər edib. G.Əhmədova şərtləri qəbul edəcəyi təqdirdə Ə.Zeynallıya şəhərin mərkəzində ofis, bahalı avtomobil və külli miqdarda pul veriləcəyini deyib. Ə.Zeynallı görüşdən imtina etdikdən sonra G.Əhmədova bir sıra nüfuzlu şəxslərə və ölkənin ən tirajlı qəzetinin baş redaktoruna zəng edərək Ə.Zeynallı ilə gürüşməyə yardımçı olmalarını xahiş edib. Nəhayət Ə.Zeynallı həmkarının xahişi ilə G.Əhmədova ilə görüşməyə razılıq verib. Görüş “Xural” qəzetinin ofisində baş tutub. G.Əhmədova görüşdə şirikləndirici təkliflərini təkrar edib. Ə.Zeynallı isə G.Əhmədova ilə danışmaqdan imtina edib. Görüş şahidlərin iştirakı ilə baş verib. Görüşdən sonra Ə.Zeynallı olanlarla bağlı mətbuata geniş açıqlamalar verib. G.Əhmədova isə görüşün olmasını təkzib edib. Deputatın açıqlaması ilə bağlı Baş redaktor bir müddət əvvəl təxribat haqqında məlumat vermişdi.  Ə.Zeynallı 23 sentyabr tarixində “Xural” qəzetində köşə yazısı ilə çıxış edib. Köşə yazısını ixtisarla oxuculara təqdim edirik:
“Gülər Əhmədovnın…nə danışdığı önəmli deyil, boynundan atıb ki, mənə qarşı oyunda olmayıb və mənim yanıma gəlməyib. Uzun yazmaq istəmirəm. Gülər Əhmədova nəinki mənim yanıma gəlmək üçün, hətta onun telefonunu götürməyim üçün azı məmləkətin 5 böyük adamına telefon açdırıb. Ağlayıb, sıtqayıb, qadın olduğunu önə sürüb, sözünü yerə sala bilməyəcəyim adamlara zəng açıb. Nə üçün, bilirsinizmi? ”Mənim telefonunumu qaldırsın” deyə yalvarışlarla. Həmin adamlar bir kəlməmə bənddirlər ki, mətbuata bu haqda açıqlama versinlər…”.
Bundan əvvəl isə Ə. Zeynallı sentyabrın 17-də “Azadlıq” qəzetinə verdiyi müsahibəsində baş verənlərə aydınlıq gətirib. Müsahibəni qısa ixtisarla təqdim etmək qərarına gəldik.
– Son günlər bir şeylərin olacağını deyirdiniz…
– …bu yaxınlarda bizi bir qadın deputatla şantaj etmək istəyirdilər. Bu qadın deputat da Ramiz Mehdiyevin komandasına daxildir.
– Sirr deyilsə, kimdir bu deputat?
– Onu redaksiyaya göndərirlər, mənə onun vasitəsilə pul təklif edirlər və sonra da əməliyyat hazırlayırlar. Işə bir baxın ki, YAP-ın Siyasi Şurasının üzvü olan bu xanım deputat haqqında mənə xahişi tanınmış müxalifət qəzetlərindən birinin baş redaktoru edir. Gör ölkə rəhbərliyində durum nə həddə gəlib çatıb ki, artıq məni deputatları ilə şantaj edərək həbs etdirmək istəyirlər…
– Bəs nəticəsi nə oldu?
– Bir şey olmadı. Sadəcə mən xanım deputatın həyəcanlı gəlişindən və özünü itirməsindən səsimin yazıldığını anladım və danışmadım. Nə danışdısa o danışdı, nə dedisə o dedi və gəldiyi kimi də getdi.
– Bəlkə adını deyəsiniz?
– Gülər Əhmədova!
Deputat Əvəz Zeynallı ilə danışmaq üçün kimə minnətçi düşüb
Göründüyü kimi G.Əhmədovanın özünün Ə.Zeynallıya rüşvət təklif etməsi barədə məlumatlar hələ bir neçə ay əvvəl baş redaktor tərəfindən acıqlanıb. Məsələnin digər tərəflərini açmaq məcburiyyətindəyik. Ə.Zeynallıya zəng edərək G.Əhmədovanın telefonlarına cavab verməsi xahişini edən şəxs “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu olub. G.Əhmədova dəfələrlə R.Arifoğluya zəng edərək xahiş edib ki, Ə. Zeynallı onun telefonlarına cavab versin. R.Arifoğlunun xahişindən sonra Ə.Zeynallı G.Əhmədova ilə danışıb və görüş üçün razılıq verib. Oktyabrın 19-da qəzetimizin əmlakı müsadirə olunduqdan bir neçə gün sonra G.Əhmədova yenidən R.Arifoğlu ilə əlaqə yaradıb. Qəzetimizin əmlakı müsadirə edildikdən bir necə gün sonra qəzetimizin redaktoru Anar Niftəliyev, Nürəddin Xoca və mən Ə.Zeynallının otağında görüləcək işlər barədə müzakirə apararkən Ə.Zeynallının mobil telefonuna zəng gəldi. Ə.Zeynallı Rauf Arifoğlu ilə danışdı və sonda “Bizə lazım deyil” deyərək R.Arifoğlu ilə sağollaşdı. Daha sonra Ə.Zeynallı bizə bildirdi ki, Gülər Əhmədova Rauf Arifoğluya zəng edib. Ona deyib ki, “Xural”ın kompüterlərini müsadirə ediblər. Mən istəyirəm ki, Əvəzə kompüter hədiyyə edim. Lakin qorxuram. Gülər Əhmədova Rauf bəydən xahiş edib ki, bu işdə ona yardımçı olsun. Göründüyü kimi, hadisə oktyabrın 19-da sonra olub. Əgər G.Əhmədova oktyabrın 19-da Ə.Zeynallıdan prokurorluğa şikayət etmişdisə, nəyə görə sonrakı günlər kompüter hədiyyə etmək istəyib? Bu faktın özü onu göstərir ki, hakimiyyət Ə.Zeynallının həbsinə əvvəldən hazırlıq görüb. Müxtəlif yollarla baş redaktoru həbs etmək planları qurulub. Əsaslı ittihamlar əldə edə bilməyəcəklərini dərk etdikdən sonra Ə. Zeynallının saxta heç bir əsası olmayan iddia ilə həbs ediblər. Həbs günü isə G.Əhmədova ölkəni tərk edib.

Əfqan Muxtarlı
“Azadlıq” qəzeti

Əlaqəli məqalələr

2 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button