GÜLƏR ƏHMƏDOVADAN DEBAT TƏKLİFİNƏ SƏRT REAKSİYA

“Yeni Müsavat” qəzeti

2011-11-22

“Ya söyüş söyməliyəm, ya da onların təpəsinə güllə çaxmalıyam”

Milli Məclisin üzvü Gülər Əhmədovanın “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının həbsi ilə bağlı “Yeni Müsavat”a verdiyi müsahibə qarşı tərəfin ciddi reaksiyasına səbəb olub. G.Əhmədovanın Ə.Zeynallı barədə Baş Prokurorluğa verdiyi şikayət ərizəsinin əsaslı olduğunu deməsi, bir sıra digər arqumentlər söyləməsinin cavabında “Xural” təmsilçiləri əks fikirlərini çatdırıblar.

YAP-çı deputatın “Arqumenti olan varsa, bu məsələdə haqlı olmadığımı sübut edə biləcək adamlar varsa, gəlsinlər, mətbuatda söhbət edək” deməsi də reaksiyasız qalmayıb. “Xural” qəzetinin kollektivi bəyan edib ki, Ə.Zeynallının həbsi ilə bağlı G.Əhmədova ilə polemika aparmağa hazırdırlar. Qəzetin kollektivi mətbuat vasitəsilə G.Əhmədovaya müraciət edərək onu debata çağırıb. “Xural”cılar G.Əhmədovadan xahiş edib ki, debatın vaxtını, yerini və iştirak edəcək mətbuat orqanlarını özü müəyyən etsin.
“Yeni Müsavat” qəzeti olaraq bu debatı təşkil etməyə hazır olduğumuzu G.Əhmədovanın da nəzərinə çatdırdıq. Ancaq xanım deputatın reaksiyası sərt oldu.
G.Əhmədova dedi ki, o, heç vaxt “Xural”çılarla debata çıxmaz: “Mən onların səviyyəsinə enə bilmərəm. Onların səviyyəsi sayt və qəzetdən aydın görünür. Mən debata çağıranda polemika qabiliyyəti olan, səviyyəli şəxslərdən danışırdım. Bu gün mən ya onların səviyyəsinə enib söyüş söyməliyəm. Bunu da etmərəm, çünki ana və millət vəkiliyəm. Ya da bu insanların barəmdə yazdıqlarına görə onların təpəsinə güllə çaxmalıyam. Bunları da etməmək üçün onların səviyyəsinə enib həmin adamlarla üz-üzə gəlmək istəmirəm”.

Cavid TURAN

Qeyd: Deputatın təhdidlərilə bağlı görülən tədbirlərlə bağlı məlumatları növbəti günlərdə saytımızda izləyin.

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button