Gülər Əhmədovadan oliqarxlara tərs şapalaq

Deputat xanım İqbal Ağazadənin 2003-cü ildəki yanlışlıqlarından yazdı…

Gülər Əhmədovadan iqtidarın monopolistlərinə sərt yanaşma: «Kim bu həyasız, abırsız, büdcəni çapıb-talayan korrupsioner və rüşvətxorları görəndə sevinir ki?»

«Mərkəz» qəzetinin sahibəsi, deputat Gülər Əhmədova son vaxtlar köşə yazıları yazmağa başlayıb. Gündən-günə müstəqil xətt yeritməyə çalışan və Nigar Almanqızının gəlişi ilə fəaliyyətində yeni nəfəslik açılan qəzetin son sayında da deputat xanım «Bizə inqilab lazımdır!» başlıqlı yazı ilə çıxış edib. Gülər Əhmədova maraqlı «oborotlarla» gündəmin əsas sualına cavab verib və yazısına «Kim bu həyasız, abırsız, büdcəni çapıb-talayan korrupsioner və rüşvətxorları görəndə sevinir ki?» sualıyla başlayıb. Və dərhal da cavab verib. Bu cavabı çox əhəmiyyətlidir Gülər xanımın. Hakimiyyətin mətbəxində olan və uzun illər Heydər Əliyev komandasına sədaqəti ilə seçilən deputat görün Azərbaycan xalqının qanını soranları hansı kateqoriya altında təsnif edir:

«Bəlkə də sevinən var. Məsələn, həyat yoldaşları, bacıları, bacılarının ərləri, qardaşları, qardaşı oğlanları, qardaşı qızları, bibiləri, bililərinin kürəkənləri, dayısı qızları, onların uşaqları, sürücüləri, sürücülərinin qardaşı uşaqları (inanmırsınız? Vallah, belədir), bağbanları, bağbanlarının yeznələri, nəvələrinin dayələri, onların uşaqları, qudaları, qudalarının əmisi oğlanları, qudalarının sürücüləri, sürücülərin gəlinləri, manikür-pedikür ustaları, bərbərləri, massajistləri, katibələri, katibələrin ərləri, uşaqları, cangüdənlərin anaları, həyat yoldaşları… Yenə də yazım?»

Deputat xanım daha sonra fikirlərini davam etdirir və maraqlıdır ki, bütün bunların müqabilində yenə İlham Əliyevin ətrafında birləşməklə inqilab dalğasının tamamlanmasını istəyir. Sanki oliqarxiyanın bütün iç üzünü açan bu sıralama, əslində hakim monopolistlərin əxlaqi-mənəvi-fiziki durumlarını gözlər önünə sərir.
Gülər xanım yazısını ilginc bir «P.S»lə bitirir:

«2003-cü ilin 15-16 oktyabr hadisələrində «Azadlıq» meydanına tələsən İqbal Ağazadə ilə son dəqiqəyə qədər telefonla danışdım. «İqbal, getmə, səni aldadırlar. Meydanda tək qalacaqsan», – dedikcə – «İsa bəy gəlir, 10 dəqiqəyə çatır» – cavabı verirdi. Amma İsa bəy nə 10 dəqiqəyə gəldi, nə də 10 saata.»

Bu fikirləri əslində, şok da saymaq olar. Deməli, İqbal Ağazadə 2003-cü ildə iqtidarın önəmli adamları tərəfindən nəzarətdə saxlanılırmış və Gülər Əhmədovanın yazdıqları bunun bariz sübutudur. Hətta «son dəqiyəyə qədər» bunun belə olduğu Gülər Əhmədovanın tarixi açıqlamalarından məlum olub. Görünür, iqtidarın dərin qatları ilə olan bu möhkəm və sarsılmaz əlaqələrdir ki, ÜP sədrini ikinci dəfə – Heydər Əliyev erasında bunun analoqu yoxdur – parlamentə aparıblar.
Hər halda Gülər Əhmədovanın yazılarının davamının daha incə məqamlarla zəngin olacağı gözlənilir. Həqiqətlərin ortaya çıxması baxımından…

XuralTAC

“Xural” qəzeti
il: 9, sayı: 008(418), 13-19 mart 2011-ci il

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button