Gülər Əhmədovanın şərlənməsi

Pərviz

On iki həvari ilə süfrədə oturub yemək yeyərkən Isa dedi: ”Doğrusunu deyirəm ki, sizlərdən biri məni ələ verəcəkdir”. Onlar çox kədərləndilər və bir-bir ona: “Ya Rəbb, mənəmmi?” – soruşmağa başladılar. Isa onlara dedi: “Insan oğlu özü haqda yazılanlarla gedir. Fəqət vay o adamın halına ki, Insan oğlu onun vasitəsilə ələ verilir! O adam anadan olmasaydı, ona daha yaxşı olardı…”. Onu ələ verəcək Yəhuda (Iuda) söz alıb dedi: “Rəbbi, mənəmmi?”. Isa da ona: – Sən dediyin kimidir,- dedi…”.
Bu, Mattanın Incilindəndi. Burada əsas fikir budur ki, yazılanlar olacaq, ancaq o kəsə yazıqlar olsun ki, həmin pis iş üçün məhz o seçilib. Iudanın kədərini anlamaq çətin deyil. Tutduğu işin fərqinə varandan sonra nə boyda günaha girdiyini dərk eləyəndə isə gec idi. Peşmançılıq fayda verməzdi. Aldığı otuz gümüşü məbədin içinə tulladı və nicat yolunu özünü asmaqda gördü.
Mən heç də Əvəz Zeynallını Isaya, Gülər Əhmədovanı isə Iudaya bənzətmək istəmirəm. Əvəz bəyi alın yazısına əsasən olmasa da, öz yazdığı yazılara, buraxdığı qəzetə görə mütləq şərləyib həbs eləyəcəkdilər. Bizlər öz yazılarımız və əməllərimizlə öz yolumuzu müəyyən eləyirik. Lakin bu işdə məni daha çox düşündürən şərləmə üçün seçilən şəxsin kimliyidi.
Bu əməliyyatdan zərər çəkənin heç də təkcə Əvəz bəy olduğunu düşünmürəm. Rüsvay olmayıb, pis iş tutmayıb, başı da dimdik! Bir daha deyirəm ki, Əvəz bəy özü öz yolunu cızmışdı, yolu üzü o yanaydı. Necə ki, o dəmir məhbəs qapıları və ya o dünyanın qapıları bizim hər birimizin, hər bir jurnalistin üzünə hər an açıqdı. Sadəcə, bir xəfif itələnmə gərəkdi. Bu rejim, bu yeddi başlı əjdaha daim öz qurbanlarını gözləyir. O daim dişinin dibini dəyişməlidi. Indi onun qurban payına hansı jurnalistin adı düşəcək, bax bu, ayrı məsələdi. Əvəz bəy, kişidi, adamdı, iş versələr belə, çəkib qayıdacaq, sınmasa, yenə də fəaliyyətini sürdürəcək. Ona görə də səmimi deyirəm, bu işdə halına yandığım biri varsa… o da Gülər Əhmədovadı. O, bu işdə əsas zərər görmüş şəxsdi. Necəmi?
Şeytanın satın aldığı şəxslər bir ara, bəzən ömrünün lap son gününəcən faş olmadan, ruhlarını kimə satdıqlarını gizlədərək hamı kimi “üzü ağ” yaşaya bilirlər. Hətta satılmamışların çoxundan ləyaqətli və şərəfli ömür də sürürlər. Lakin Şeytanın müqaviləsi var və bir gün öhdəliklər yerinə yetirilməlidi. Son anda olsa da. Eynən hökumətin müstəqil adıyla açdığı qəzetlər, saytlar kimi. Bir gün elə həlledici məqam yetişir ki, o KIV özünü faş eləmək zorunda qalır. Əvəz Zeynallı məsələsində də, əvvəldən belə işlər üçün seçilmişlərdən biri seçilməliydi şərləməyə. Ama yazıqlar olsun ki, barmaq Əhmədovaya tuşlandı. O, şərləndi. Kimsə anadan işverən doğulmur. Işverən onu bu işə cəlb eləyən gerçəklikdi. Lakin bu seçim məsələsi Iudaya haqq qazandırmadığı kimi, Əhmədovaya da bəraət vermir. Barmaq hansı ürəyə girə biləcəyini yaxşı bilir. Lakin niyə Gülər Əhmədova? Niyə bir qadın? Niyə həm də millət vəkili olan qadın? Qanun verən kəsi iş verən eləməyin rəzilliyini anlayırmı o barmaq yiyəsi?..
Bir rejimin necəliyi onun insana, insanlığa və anaya yanaşmasıyla müəyyən olunur. Bir qadını çirkin bir oyuna qoşarkən zərrəcə tərəddüd eləməyən rejimin necəliyini deməyə ehtiyac belə, yoxdu. Mən Gülər Əhmədovanın nələr çəkdiyini anlayıram. Nə sıxıntılar keçirdiyini bilirəm. Deməyin ki, elə deyil. O da bunu boynuna almayacaq təbii ki. Ancaq insan ləyaqətinin nə olduğunu bilən bir şəxsin iztirab çəkməməsi mümkün deyil. Yox, yəqin ki, Gülər Əhmədovanı sıxıntıya soxan Əvəz Zeynallı, onun gülər üzləri qəmə bürünmüş gülüzlü övladları deyil. Indi onu yalnız bir sual düşündürür: nədən məni seçdilər? Nədənmi, Gülər xanım? Çünki onlardan qabaq siz onları seçmişdiniz. Dünyada seçimdən çətin heç nə yoxdu. Bir də seçəcək olsanız, yaxşıca düşünün.

 

“Azadlıq” qəzeti

Əlaqəli məqalələr

1 şərh

  1. BU GÜLER AHMEDOVA İSİMLİ KADIN MİLLETVEKİLİNDE ŞERF VE HAYSİYET OLSA,AZERBAYCANDA KÜÇEYE ÇIKAMAZ.VE ZATEN NAMUSLU İNSAN DİKTANIN KÖLESİ OLAMAZ..BU GÜLER KADIN GİBİ MİLLETVEKİLİ OLANLAR HALKIMIZIN YÜZ GARASIDIR.HAKİKATLER AÇIĞA ÇIKANDA,BU KADININ BELKİDE AR DAMARI PATLIYACAK,EVEZ BEYDEN ÖZÜR DİLİYEREK ONUN AYAKLARINA KAPANACAKTIR.BU MİLLETİMİZİN AYIBI OLAN BU KADIN İÇİN BİR MAKALE YAZACAKTIM,AMA MEN ONA DEYİL KALEMİME ACIUMAKTAYIM.EVEZ BEY MUTLAKA HASPİSTEN ÇIKACAKTIR,O ZAMANDA GÜLER HANIMIN YÜZÜNE TÜPÜRECEM.BU ŞANTAJCİ,SABOTAJCI KADINI TÜRKİYEDE HERKES BİYABIR ETMEKTEDİR
    BU KADINI AĞZIMA ALDIĞIM İÇİN SON DERECE ÜZGÜNÜM.prof dr. yahya taşdelen.ANKARA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button