“Gülərin dostu Ramiz Mehdiyev, mənim “dost”um isə İlham Əliyevdir”

1474608_636831989717781_217068559_n

11.01.2014

Ə.Zeynallı: “Ramiz Mehdiyev-Əli Həsənov cütlüyünün mətbu monopoliyası üçün mən əsl başağrısı idim”.

“Xural” qəzetinin hazırda həbsdə olan baş redaktoru Əvəz Zeynallı mətbuata müsahibə verib. XuralTAC müsahibəni olduğu kimi Oxucularına təqdim edir.

– Əvəz bəy, 2 il 6 aydır ki, həbs həyatı yaşayırsınız. Sizin üçün həbs həyatı nə deməkdir?

– Həyatımın davamıdır, daha başqa bir mərhələsidir. Mən son 11-12 ili nəzərə almasaq, təxminən elə bu həyatı yaşamışam. Orta məktəbin son illərini kəndimizdə – Ağbulaqda tək qaldım, min bir əziyyət çəkdim, sonra hərbi xidmətdə Sovet dövlətinin bu başından o başına yol keçdim, Moskva ətrafı Kirov şəhərindən başlayıb Vladivastoka – Yaponiya sərhədlərinə qədər davam edən və sonu ağır xəstəliklə nəticələnən əsgərlik həyatı yaşadım – min bir əziyyət çəkdim, it zülmü gördüm. Təxminən 2 il yarım. Sonra Türkiyədə tələbəlik illəri başladı – orada da eləcə. Daim mübarizə, daim qovğa, daim çətinlik. Mənim gözəl Anam mənim həyatımı əslində bu bir cümlə ilə ifadə edə bilib: “Mənim bələyim odla bələnib”. Vəssalam. O baxımdan bu həbs həyatını da ömrümün normal davamı kimi qəbul edirəm – hələ o mərhələlərin bəzilərindən asan keçir… Azadlığa gəlincə, onun anlamını vermək və o haqda danışmaq qəzetlərinizin səhifələrini aşar. Təkcə bir şey deyim – insan fitrətən, mənəvi baxımdan azad olmalıdır. Mən burada da azadam. Özün azadsansa, nökər və qul deyilsənsə nə fərqi var harada olmağın. Mən həbsxanada da azadam, müstəqiləm, amma azadlıqda gəzən onlarla, minlərlə adam var ki, nökərçiliklə məşğuldurlar.

– Azərbaycan həbsxanalarında vəziyyət necədir?

– Azərbaycan  cəmiyyətində olduğu kimi. Həbsxana ayda deyil ki, bu ölkənin, bu şəhərin içindədir. İndi geniş və əsaslı quruculuq işləri gedir bu sahədə. Bildiyim qədərilə ötən il 83 milyon manat pul ayrılmışdı Ədliyyə Nazirliyinə – yeni xəstəxana-həbsxanalar tikilir. Maşallah tuthatutdur. Görünür yer çatmır. O baxımdan, burada vəziyyət elə orada – sizdə olan kimidir – nə bir az artıq, nə bir az əskik…

– Orada gününüzü necə keçirirsiniz, əsas məşğuliyyətiniz nədir?

– Bakı İstintaq Təcridxanasında daha çox oxuyur, sonra yazırdım. Burada daha çox yazıram, sonra oxuyuram. Tərcümələr edirəm. Azərbaycan oxucuları üçün dünya tarixinin ən nəhəng kitablarından birini tərcümə edirəm. Maraqlıdır ki, bu kitab da dünyaya yön verən kitablardandır, ancaq 100 ildir ki, Azərbaycan türkcəsinə çevrilməyib. Təbii ki, müəyyən tarixi və bədii filmlərə baxmaq imkanlarım da olur. Müəyyən mövzularda diskussiyalar aparırıq. Fikir mübadiləsi də etdiyimiz olur. Vaxtlı-vaxtında, qanunla nəzərdə tutulmuş qaydada telefonla danışır, vaxtı gələndə görüşür, ailəmizi görürük. Mən ağır cinayət törətmişəm axı (Gülür) – ona görə də ayda iki dəfə ailəmlə görüşürəm. Yüngül cinayət törətsəydim bu həftədə bir dəfə ola bilərdı…

– Həbsxanadan Azərbaycan və siyasi arena necə görünür?

– Olduğu kimi. Köhnə Sovet kəndlərindəki klubları təsəvvür edin. Həmin klublarda bir -ikinci mərtəbə olardı və o mərtəbədə filmləri göstərmək üçün bir otaq olardı. O otağın balaca pəncərələrindən kino göstərərdilər və balaca pəncərələrdən klub əlin içi kimi görünərdi. Bax, elə bil ki, mən indi o mərtəbədəyəm və kluba – Azərbaycana baxıram. Buradan bütün oyunlar aydın görünür. Təəssüf ki, siyasi arenda dəhşətli bir boşluq müşahidə edirəm. Ardıcıllıq, yorulmaz siyasi mübarizə, amansız müqavimət, ən əsası intellektual yarış yoxdur. Hər şey  iqtidara və onun ideoloqlarına tərk olunmuş vəziyyətdədir. Bir az qımıldamaq istəyənlər  içəridə, içəri düşmək istəməyənlər isə qımıldamadan yerlərindən oturublar. Millət isə kənarda müşahidə edir və için-için qaynayır.

– Sizi şərləyib həbs edən, başqasının əmlakını külli miqdarda mənimsəməkdə, mandat alverində və digər ağır cinayətlərdə ittiham olunan Gülər Əhmədovaya 3 il, sizə isə “gunahınız ” sübut olunmasa da 9 il iş veriblər. Sizcə bu nə deməkdir?

– Azərbaycanda hər şeyi olduğu kimi, hüququ da zorlayırlar. Təkcə mən yox, hazırda burada onlarla, bəlkə də yüzlərlə adam var ki, onlar 178.3.2-ci maddə ilə – Gülərin maddəsi ilə 8 ildən 12-13 ilə qədər cəzalarla burada əziyyət çəkirlər. Hamısının evində azyaşlı uşaqları var. Eləsi var ki, həbs olunanda uşağı hələ dünyaya gəlməyibmiş. Hamısına da Azərbaycan prokuroru azı 10, çoxu 15 il iş oxuyub. Elə o qədər də iş veriblər. İndi onlar dəhşət içində içlərində qalan son ülvi hissləri də öldürməklə məşğuldurlar. Qanun qarşısında hamı bərabər deyilmi? Nə oldu?! Səxsən mənə gəlincə, mən təmkinli olmağa çalısıram. Təmkinlə seyr etməyə məcburam. Nələr olur? İşin başqa bir tərəfi də var. İndi Azərbaycan məhkəmələrində ya pul, ya da adam keçir. Azadlığa çıxmaq üçün ya pulundan keçməlisən, ya da adamın, dostun olmalıdır. Bizim işimizdə pul rol oynamır, qalır “dosta zəng”!!! Gülərin dostu Ramiz Mehdiyev, mənim “dost”um isə İlham Əliyevdir. Onun dostu törədilmiş eşşək boyda cinayəti sildirə bildi, aldıqları 2 milyon dolları bağırda-bağırda mənimsədi, ağırlaşdırıcı səbəbləri yüngülləşdirdi, qanunu zorladı. Onlar bunu haqsız ola-ola etdilər. Bütün Azərbaycan xalqının gözlərinin içinə tüpürdülər. Biz – mən və “dost”um İlham Əliyev isə heç nə olmaya-olmaya, təkcə azad söz dediyimizə görə şərləndik və quruca “rüşvət vədini qəbul etdiyi” ittihamı ilə 9 il iş aldıq. Bu əslində Gülərlə mənim yox, Ramiz Mehdiyevlə İlham Əliyevin savaşıdır ki, o savaşdan birinci qalib çıxdı. Bizimki belə gətirib -“dost”umuz prezident olsa da, uduzduruluruq…

– Bir daha həbsinizə qayıdaq və soruşaq: Sizi niyə həbs etdilər və belə yüksək cəzaya layiq bildilər?

– İndi hər şey daha aydın görünür və bilinir. Məni həbs etməklə iqtidar indi hamımızın şahid olduğumuz boş və ölü bir mühit yaratmağın başlanğıc addımını atdı. Mən növbəti yeni mərhələ oldum. Mənə bu qədər ağır cəza verməklərinin səbəbi də mənim israrlı mübarizəmdir. Mən 9 il idi ki, bunları ipə-sapa yatmazlığımla və “heç kimi dinləməz”liyimlə bezdirmişdim. Bu uzun və əzablı illərin hər biri üçün mənə bir il – cəmi 9 il verdilər. “Xural” 9 il çıxdı. “Xural” 9 il bunların gecə-gündüzünü qarışdırdı. Səbəblərdən biri bu idi. Təbii ki, başqa səbəblər də var. Ramiz Mehdiyev-Əli Həsənov cütlüyünün mətbu monopoliyası üçün mən əsl başağrısı idim. Bunlar məni şərləməklə və tutdurmaqla  Azərbaycan mətbuatının dişlərini qırdılar və ondan sonra istədiklərini etdilər. İndi də edirlər. Bunlar azad sözdən qorxurlar. Baxın təkcə, jurnalistikadan 10-dan çox adam tutublar.

– Həbsdən öncə nə zamansa düşünmüsünüzmü sizi həbs edə bilərlər?

– Mən 10 ildir ki, hər gün həbs olunacağım haqqında düşünürdüm. Son 6-7 ildə isə bu təhlükəni hər zaman yaxından hiss etmişəm. Son 1-2 ildə ictimaiyyət də təxmin edib ki, mən həbsxanaya doğru gedirəm. Son 1-2 ayda isə mənim həbs olunacağımı bütün dünya bilirdi. Açın, baxın, güman ki, hələ də  “facebook”  səhifəmdə durur – mən hər gün  “həbsə hazırlaşıram”  yazırdım. Bu həbsi gözləyirdim. Bu namərdliyi, bu nakişiliyi, bu nakəsliyi gözləmirdim, onu da göstərdilər.

– İlham Əliyevə “jurnalistlərin dostu”  mükafatının verilməsinə necə baxırsınız? Vaxtilə demokratik mətbuatda olmuş və bu gün də bu düşərgədə olduğunu bildirən media mənsublarının həmin görüşdə iştirak etməsini və buna rəğmən medianın əsas problemlərini, eləcə də həbsdə olan jurnalistlərin həbsdə olmasını dilə gətirməməsini necə qiymətləndirirsiniz? Onlardan nəsə umacağınız varmı?

– Dövlət başçısı İlham Əliyevlə görüşü Gülər Əhmədovanın dostu təşkil etmişdi. İştirakçıların hamısı onların bayrağının altından keçənlər idi. Onlara zəng edib tədbirə çağıran şəxs mənim bütün cinayət işimi təşkil edən, bütün şahidləri birər-birər təlimatlandıran şöbə müdiridir. Təbii ki, o, həbsdə olan jurnalistlərin poblemini qaldırmamağı şərt kimi irəli sürmüşdü. Mən yaxşı bilirəm ki, prezidentlə görüşdə iştirak edən jurnalist-redaktorlardan hansı mənı 150 manatlıq müqaviləyə, hansılar 50 000 manatlıq layihəyə satıb. Orada oturan KİVDF icraçı direktoru Vüqar Səfərli Ağır Cinayətlər Məhkəməsində mənim üzümə duran adamdır, məni tutduranlardan biridir. Mən onlardan nə uma bilərəm ki?

Qaldı müstəqil mətbuat adına iddia edən, ancaq iqtidarın yaratdığı anti-demokratik şəraitə görə “danışa bilməyən” həmkarlarıma, onlar düşmən cəbhəsinə yaxınlaşıb könüllü əsir düşən əsgərləri xatırladır. Onlar hələ Güləri “siyasi məhbus” da elan edəcəklər. Hələ çox şeylər olacaq. Bir adam – redaktor ki, prezidentlə görüşdən çıxıb “danışa bilmədim”, “bu qədərini danışa bildim”, “heç olmasa bunu deyə bildim” deyirsə, əmin  olun, o redaktor artıq azad və müstəqil deyil. Nə dəyişib? Bunlar  İlham Əliyevə, onun atasına meydan oxuyan adamlar deyilmi?

Mehman Əliyev, Elçin Şıxlı kimi müstəsna adamlar xaric olmaqla, umacaqlarımız adamlar bizə demək olar ki, xəyanət ediblər…

Dostluq anlayışı çox mürəkkəbdir. Bəzi mənə dost deyən adamlar oldu ki, mən gündə üzümə duran, öyrədilən adamlarla qovğada ikən, onlar maaş- qonorar davası döydülər. Mənim qəzetimdə İlham Əliyevə, bəli-bəli İlham Əliyevə ağıl dərsi keçənlər, İlham Əliyevə ləbbeyk deyənlərin səngərlərinə keçdilər. Yanlış oxumadınız, mənim qəzetimdə İlham Əliyevin en-uzununu bir edənlər, indi İlham Əliyevin adı gələndə salavat çevirirlər. İddiası yer cıranlar görünməz oldular, ancaq onlar  “biz səninlə mətbu intihara varıq” deyirdilər.

Niyə bütün bunları deyirəm? Öz dostlarından, həmkarlarından bəzi hallarda dostluq görmürsən, Prezidentdən sənə nə dost olacaq? Mənim umduğum, gözlədiyim redaktor dostlarım, həmKARlarım bir il davam edən və hər iclası sensasiya olan məhkəməyə müxbir göndərmədilər, mənim məhkəməmi planlaşdırmalarına salmadılar. Prezident mənə necə dost olar? Olmaz!

Ümumiyyətlə, jurnalistikanın, ciddi jurnalistin dostu olmaz! Məhz ona görədir ki, bizə 4-cü hakimiyyət deyirlər. Burada ən yaxın adamlarla da dost olmaq olmaz! Mən heç bir zaman Prezidentlə və dövlət adamları ilə  dost olmağa can atmadım, güman ki, elə də olacaq. Uzun sözün qısası, “balama dəymə, balanı istəmirəm”. Hə, az qala unutmuşdum. Prezidentlə görüşdə həbsdə olan jurnalistlərin azadlığa buraxılması tələbini səsləndirməyənlər, həm də mənim – bizim azadlığa çıxmağımızı istəməyənlərdir. Mən bunu belə qəbul etdim, qeydlərimə də belə keçirdim…

– Bu an azadlığa çıxsaydınız bir insan kimi və jurnalist kimi ilk gördüyünüz iş nə olardı? Yoxsa siz də hüquq müdafiəçisi olacaqsınız?

– İnsan kimi görəcəyim ilk iş evimə çörək almaq, sonra Gəncəyə yola düşmək olacaq. Gəncə “İmamzadə”sində Atam, Babam və Nənəm bir məzarda uyuyurlar. Onları ziyarət edəcəyəm. Sonra İlhamla Fərizəni, müqəddəs şəhidlərimizi, Şıx Əli Qurbanovu, Əbülfəz Elçibəyi, Zərifə Əliyevanı, digər dövlət xadimlərini, Elmar Hüseynovu, Rafiq Tağını, Nəcəf Nəcəfovu, Mübariz İbrahimovu ziyarət edəcəyəm. Azadlığı üçün çalışdığım və dua etdiyim Ramil Səfərovla görüşəcəyəm, yaxın qohumları ziyarət edəcəyəm, mən həbs olunandan sonra Milli Parka mənsiz getməyə etiraz edən Xəyyamla parka gedəcəm…

Jurnalist kimi görəcəyim işlər isə daha çoxdur. Mətbu monopoliyanın yarılması üçün savaşı davam etdirəcəyəm. Mən azad və müstəqil söz adamıyam. “Xural”ı təkrar və gündəlik nəşr etməyə çalışacağam. Eyni zamanda ” Xural” TV-nin açılması üçün səy göstərəcəm.

Redaktorlar Birliyi və Müstəqil Yazarlar Təşkilatının təşkilatlandırılmasına başlayacağam. Təbii ki, medianın alternativ maliyyələşdirmə mənbələri, medianın alternativ yayım şəbəkəsinin qurulması məni burada da düşündürür. Elə o işlərin həllini qarşıya məqsəd qoymuşdum. Redaktorlar Birliyi necə möhtəşəm fəaliyyət göstərirdi. Maraqlıdır ki, mən həbs olunan kimi Redaktorlar Birliyi də dayandı.

Mən həbs olunan gün Redaktorlar Birliyi toplanmışdır. RB “Xural” ətrafında yaranan ajiotaja görə bəyanət verdi və təxminən 5 saat sonra məni oğurlayaraq həbs etdilər. O gün RB – nin iclasında təxminən 20 adam-redaktor iştirak edirdi. Bu heyət bir də mən həbs olunandan sonra bir dəfə toplandı. Və hər sey bitdi. Niyə? RB-nin  son iclasında iştirak edən bütün həmkarlarıma səslənirəm: niyə toplanmırsınız? Sizi bir araya Əvəz Zeynallı toplamışdısa, o zaman onu layiqincə mudafiə edin, yox, özünüz mətbu dərdi çəkmək üçün yığılmışdınızsa o zaman o dərdi cəkməyə davam edin.

Jurnalist kimi ilk işim həm də RB-nin iclasında iştirak edənlərdən bu sualıma cavab istəmək olacaq!

Yox, hüquq müdafiəçisi olmayacağam. Onsuz da hər zaman insanların hüquqlarını müdafiə etmişəm, indən sonra da  edəcəyəm. Ancaq təbii ki, həbsxanalarla, burada cəza çəkən minlərlə günahsız insanlarla bağlı düşüncələrim və konkret fəaliyyətim olacaq. Bir seyə çox təəccüblənir və təəssüflənirəm. Həbsdən çıxanlar bu problemlərlə niyə məşğul olmurlar? Olmağa çalışacağam!

– Vaxtilə “Mənim Savaşım” kitabını dərc etmişdiniz. İndi Əvəz Zeynallının özünün savaşı varmı və bu savaş kimə və nəyə qarşıdır?

– Mənim Savaşım kiçik mənada 1991-ci ildən başlayıb və 23 ildir davam edir. Heç vaxt jurnalist olmaq istəməmişəm. Mən ərəb dili mütərcimi olmaq və bu olkədən getmək  istəyirdim. Mənim Atam o zamandan bu ölkədə ədalətin olmadığını deyirdi və bilirdi. Sonra hüquqsünas oldum. Türkiyədə, Ankarada oxudum. 2000-ci ildən Azərbaycanda azad media qovğasına qatıldım və bu qovğa hələ də davam edir. O zamanlar  müstəqil və namuslu qələmlər çox idi. Savaş o qədər  hiss olunmurdu. Zaman keçdikcə, müstəqillər sıradan çıxdıqca mənim savaşım böyüdü və ömrümü, həyatımı bürüdü.

Mən güman ki, indən sonrakı həyatımı Azərbaycanda azad sözün qalib gəlməsinə həsr edəcəyəm.  İnanıram ki, azad mətbuatı yaradacağıq və həqiqi 4-cü hakimiyyəti quracağıq. Ona da  inanıram ki, Azərbaycanı həqiqətən bir dünya dövləti etmək mümkündür və biz bunu bacara bilərik. Öncə mətbuat – Azad və Müstəqil mətbuat!

– Əgər keçmişə qayıtmaq imkanınız olsaydı, həbsdən yayınmaq üçün nəyi başqa cür edərdiniz?

– Heç nəyi başqa cür etmək imkanı yox idi. “Xural” dayanmalı, mən susmalı idim. “Xural”ı izibati yollarla dayandırdılar da – mənə də susmaq, ya da bir müddətlik ölkədən getmək təklif olundu, mən əsla qəbul etmədim. Çəkilə bilməzdim. Geriyə yolum yox idi. Mətbu monopoliyanın təntənəsi yolunda  ən böyük maneə mən idim. Məni həbs etmədən monopoliya qurulmayacaqdı. Onu da etdilər. Ona görə də mənim nəyisə başqa cür etmək imkanım yox idi.

– Baş redaktor kimi yox, bir oxucu kimi “Xural” qəzeti  haqqında fikirləriniz nədir?

– Çox yaxşı qəzet çıxarmışıq. Çox cəsur, çox iddialı və çox imkansız qəzet olmuşuq. Çox xırda qüsurlar nəzərə alınmasa – ki, bunlar həmişə olur – mümkün şərtlər çərçivəsində olması gərəkəni etmisik

– Həbsxanada kitab, xatirələr və ya gündəlik yazırsınızmı?

– Hazırda 3 kitab uzərində işləyirəm. Biri də tərcümədir.Təbii ki, müəyyən imkanlar olsa, daha çox işlər görə bilərəm. Ancaq adı üstündə – bura həbsxanadır. Hər istədiyini edə bilmirsən.

Bu sualları cavablandırdığım gün həbsimin uzərindən 777 gün keçir. 9 illik təqvimin qalan günləri isə 2600 gündür. Bu ilin sonuna isə 18 gun qalır. Təbii ki, əsas gücü və ağırlığı gündəliklərin üzərinə salmışam: “Selcanın məmləkəti”nin. Orada hər şey var – elə bil gundəlik “Xural”dir. Sanki hər gunki köşə yazılarımın cəmidir. İnanıram ki, “Selcanın məmləkəti” təkcə ölkəmizdə yox, ölkəmizdən kənarda da əsas qaynaqlardan biri olacaq. Bu həm də Azərbaycan həbsxanalarından çıxacaq ilk kapsamlı gündəlik olmalıdır. Günü-gününə, anı- anına. Hər şey burada var, olacaq…

– Əvəz Zeynallı nə oxuyur?

– İndi bu sualı oxuyanda gundəliyimə baxdım. Sonuncu kitab “Mevlana ailəsində Turk milleti ve devleti fikri”kitabıdır.130-cu kitabdır.1997-ci ildə Ankarada nəşr olunub,742 səhifədir. Burada insanlar var, həyat var, balaca kənd kimidir bura, ona görə oxumaq imkanları o qədər deyil. Burada daha çox yazıram. O da barmaqlarımın gücünün çatdıgı ölçudə. Barmaqlar yorulanda, mən də yoruluram. Sırada isə oxumalı çox kitabım var. Zamanında Turkiyədən gətirdiyim kitabları indi oxuyuram.Təbii ki, yeni çıxan kitablar var, onları da oxumalıyam…

– Kiminlə dostluq, yoldaşlıq edirsiniz?

– Taleyin işinə baxın. Mən “zon”a duşəndə məni bir həmkəndlim və bir dostum qarşıladı. Həmkəndlim həm də Agbulaqda orta məktəbdə oxuyanda mənim muəllimim olub – Vəli Hüseynov. Təxminən 30-35 il bundan əvvəl və mən elə o qədər vaxtdır Vəli muəllimlə görüşmürdüm. Onunla məni qarşılayan isə Azərbaycan siyasətinin yaxşı tanıdıgı, “Xural”ın dostu Nəsimi Hüseynovdur. Nəsimi Hüseynov həm də İqbal Ağazadənin 2005-ci ildə seçki qərargahının sədri olub və məni təəccub bürüyüb ki, İqbal Ağazadə niyə indiyə kimi həbsdə olan keçmiş muavinini mudafiə etməyib? Onu da başqa biri şərləyib.

Qarabağ müharibəsinin əfsanəvi isimlərindən biri Oruc Məmmədov da burdadır -Xocalıdan meyitləri cıxaran qəhrəman. Anar Abbasov var – İqtisadi İnkişaf Nazirliyinin sabiq işçisi, “Bərəkət-AN”ictimai birliyinin təsisçisi. Muxtar Vəliyev var – “2009-cu ilin memarı” mükafatının qalibi. Adını çəkdiyim adamlar dostluq, yoldaşlıq etdiyim adamlardan sadəcə bəziləridir və sizə daha maraqlı bir şey deyim – bu adamların hamısı CM-nin 178.3.2-ci maddəsilə həbs olunub. Hamısının evində azyaşlı uşaqları, evində xəstə adamlar var. Ancaq Gülərdən fərqli olaraq, dövlət ittihamçıları onların hec birinə yüngülləşdirici səbəblər və 62-ci maddəni tətbiq etməyib. Prokuror hamısına 10 ildən 15 ilə qədər cəza istəyib və muvafiq olaraq 8 ildən 13 ilə qədər iş verilib. Ancaq adlarını çəkdiyim adamların hec birinin “isk”i 1,5-2 milyon dollar deyil. Çox adamın adını çəkə bilərəm. Çox sakit, insanların bir-birinə hörmət etdiyi “zon”dur bura. Dustaqlar rəhbərliyə, rəhbərlik dustaqlara hörmət edir – hərə öz işini bilir. Ziyalı və mədəni muhiti var. Hamıdan hörmət görürəm. Hamının diqqəti var mənə qarşı – mən də qarşılığını verməyə çalışıram.

– Əfv olunmaq üçün müraciət etmək təklifi olubmu? Əfv ərizəsi yazacaqsınızmı?

– Bu haqda dəfələrlə münasibət bildirmişəm. Hec bir zaman Azərbaycan Respublikasının Prezidentinə əfv ərizəsi yazanlara pis baxmamışam və lazım olarsa, o ərizə yazıla bilər. Sadəcə həmişə mənimlə o söhbəti edənlərə də demişəm. Nə cür yazmaq? Mən yazım ki, sizin deputatınız, aparatınızın rəhbəri və şöbə müdiriniz məni şərləyib tutdurublar? Bu hörmətli cənab prezidentə həqarət olmazmı? Onun aparatının rəhbəri başı, onun şöbə mudiri, onun deputatı bir gündəlik qəzetin baş redaktorunu şərləyib – mən bunu əfv ərizəsində qeyd edəcəyəm, etməliyəm. Olarsa, yazmaqda hec bir problem yoxdur. Muraciət edəcəyəm.

– Saxlanılma şəraitiniz və səhhətiniz necədir?

– Heç birindən şikayətim yoxdur. Böyük “zon”dur, bəzən narahatçılıq, yanlış anlaşmalar, gərginliklər olur, ancaq bunu danışaraq həll edə bilirik. Bu muəssisədə bir çox yeniliklər olur, onları təqdir edırəm, fikirlərimi, düşüncələrimi acıqca bildirirəm. Səbr və təmkin öyrənməyə çalışıram. Axı bura həm də insan uçun ciddi bir akademiya oxumaq kimi bir şeydir və o akademiyada səbr, təmkin öyrənmək dərsləri də var.

Səhhətim normaldır. Bu yaxınlarda qulağım möhkəm ağrıdı və bu təxminən bir ay davam etdi. Rəhbərlik kənardan həkim gətirmək təklifi belə etdi, qəbul etmədim, keçdi getdı.Yəni bundan əvvəl saxlanıldığım Baki İstintaq Təcridxanasında da elə olmağa çalışdım. Burada da elə… Hər şeyin böyüdülməsini istəmirəm. Problemləri yerindəcə həll etməyə çalışıram və o burada da qalır.

– Bir AzTV sualı. Həyata yenidən gəlsəydiniz yenə jurnalist olardınızmı?

– AzTV deyib keçməyin. İndi AzTV bizim bəzi telekanallardan yaxşı olub. Yəni AzTV–yə şükür edər olmuşuq. Sualınıza gəlincə, bu mərhələdən sonra, bəli yenə də eyni ömür yaşayardım. Ömrümü müstəqil və azad mətbuatın təntənəsinə və qalib gəlməsinə verərdim. Biləsiniz ki, elə də olacaq. Mən ömrümün qalan hissəsini də azad və müstəqil mətbuatın qalib gəlməsinə həsr edəcəyəm. İnanın azad mətbuat olan yerdə nə bugünkü Azərbaycan, nə də bugünkü mətbu sfera olacaq. Bu gün gördüklərimizin və tanıdıqlarımızın hamısı tarix olacaq – ən yaxşı halda. Ona görə bu qədər muqavimət var. Niyə başqa hec bir sahədə bu qədər həbslər olmur? Hansı peşə var ki, 10 həbsi olsun? Bəs hanı siyasi muxalifət?! Təhlükə onlar deyil çünki. Onlar inhisara boyun əyiblər. Mətbuatdır ki, burada monopoliya qurmaq çox çətin işdir. Bir Əvəz Zeynallı tutacaqsan, min Əvəz Zeynallı çıxacaq…

– “Yeni Cumhuriyyət” qəzetini oxuyursunuzmu və qəzetimiz haqda fikirləriniz nədir? Daha hansı qəzetləri oxuyursunuz?

–  4 qəzeti hər gün alıram. Bunlar “Azadlıq”, “Gundəm Xəbər”, “Bİzim yol” və “Yeni Musavat” qəzetləridir. Bu qəzetlərdən Azərbaycanı və dunyanı təqib edə bilirəm və getdikcə bu qəzetlərdə də azad sözün sərhədlərinin daraldığını təəssüf içində müşahidə edirəm. Hərə bir bəhanə edir, ancaq ciddi və effektiv müqavimət yoxdur, təşkil edilmir və bu bilərəkdəndir.

“Yeni Cumhuriyyət” qəzetinə gəlincə, bu qəzetin kollektivini və rəhbərliyini təqdir edirəm, indiyə kimi çıxan bütün saylarını oxumuşam.”Yeni Cumhuriyyət”də bir “Xural” ruhu hiss edirəm. İnanıram ki, bu cür davam etsələr ciddi uğurlar qazanacaqlar. Onlara uğurlar arzulayıram…

– Son olaraq?…

– Son olaraq, cənab İlham Əliyevə, onun həyat yoldaşı Mehriban Əliyevaya muraciət edirəm – adil olun, ədalətli olun, hec olmasa gündə 3-4 məhbusun sənədlərini şəxsən özünüz oxuyun. İnsanlara ədalətli mühakimə olunmaları üçün şərait yaradın.

Son olaraq, ciddi mətbuata səslənirəm – həbsxanalar məsələsini gündəminizin birinci sırasına yerləşdirin. Burada minlərlə günahsız insan və haqq etdiyi cəzadan ağır cəza alan minlərlə məhkum var. Azərbaycanı həbsxanadan kecməyən insanlar idarə etdikləri üçün həbsxanalar arxa plandadır. Ancaq Azərbaycan normadan 2 dəfə artıq məhkumu olan ölkədir. Bunu heç kim unutmamamlıdır. Bu ölkədəki siyasi məhbusların sayı çoxdur…

Son olaraq, özünü mustəqil hesab edən mətbuata səslənirəm – siyasi məhbusları gundəminizdən heç düşürməyin.Tofiq Yaqublunu, Sərdar Əlibəylini, Fərəməz Novruzoğlunu, İlqar Məmmədovu, Anar Məmmədlini, Qurban Məmmədovu, Hilal Məmmədovu, Nicat Əliyevi, Fuad Huseynovu, Möhsüm Səmədovu, Abgül Süleymanovu,Taleh Bagırzadəni, “Nida”çıları, Nemət Pənahlını,Yadigar Sadıqovu – 142 siyasi və vicdan məhbuslarının tamamını müdafiə edin və müdafiə “xalaxətrin qalmasın” olmasın.

Son olaraq, “Azadlıq” və digər müstəqil qəzetlərə olan hücumları pisləyirəm, qınayıram.

Son olaraq, “Qanun” nəşriyyatına olan ədalətsiz basqıları pisləyirəm, qınayıram. Bu nəşriyyatın yeni kitab bazasının formlaşmasında böyük rolu var, onu  qorumaq lazımdır.

Son olaraq, təyinatlı deputatların maaş artımına etiraz edirəm. Millət ağır vəziyyətdə yaşayarkən bu rəvadırmı? İnsanlıqdandırmı?

Təbii ki, bütün “son olaraq”lar hələlikdir…

Tanrı Millətimizi qorusun!

 

Əvəz Zeynallı

10 saylı cəzaçəkmə müəssisəsi 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button