“Güllübulaq” MMC-nin rəhbərinə 10 milyon manata görə 10 il verdilər

Külli miqdarda mənimsəmədə və vergidən yayınmaqda ittiham olunan “Güllübulaq” MMC-nin təsisçisi və direktoru Füzuli Adıgözəlovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. virtualaz.org-un xəbərinə görə, bu gün keçirilən son məhkəmə iclasında hökm oxunub. Hökmə əsasən, F.Adıgözəlov 10 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, F.Adıgözəlov 2011-2015-ci illərdə Türkiyədən müxtəlif məhsullar idxal edib, Cəmiyyətə məxsus 1 milyon 885 min manat  hesabına həmin malların dəyərini və gömrük rüsumlarını ödəyib, amma malların satışından əldə etdiyi gəlirdən Cəmiyyətə ödəniş etməyib.

Bundan başqa, F.Adıgözəlovun 2011-2015-ci illər ərzində cəmi 8 milyon 396 min manat məbləğində vergini dövlət büdcəsinə ödəməkdən qəsdən yayındığı da müəyyən edilib.

F.Adıgözəlov həbs olunub, ona qarşı  Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 213.2.2-ci (külli miqdarda vergiləri ödəməkdən yayınma) maddələri ilə ittiham irəli sürülüb.

Maraqlıdır ki, məhkəmə hökmündən ortaya çıxan nəticəyə əsasən F.Adıgözəlov faktiki olaraq öz şirkətindən oğurluq etdiyi üçün cəzalandırılıb. Əslində isə yerli KİV-lərdə, sosial şəbəkələrdə “Güllübulaq” MMC və onun rəhbəri Adıgözəlov barədə bir çox materiallar yer alır. Bu şəxs sosial şəbəkələrdə yayılan müraciətində iddia edirdi ki, “Güllübulaq” MMC-ni 1995-ci ildə təsis edib. Şirkətin faktiki olaraq 50 faizi, rəsmi sənədlərə əsasən isə 25 faizi ona məxsusdur, amma digər payçılar (Adıgözəlov digər payçılar qismində yüksək mənsəb sahiblərinin adını çəkir, – red.) şirkəti bütünlüklə onun əlindən almaq istəyirlər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button