Gülməyin olsun, Mirzə!

 Bu günlərdə tanıdığım bir nəfər mənə zəng etdi. Sözü təbrikdən başladı, ora-bura, mən də başa düşmürəm, nə əcəb. Axı bu adam mənə 95-ci ildən bu tərəfə zəng eləməyib, nəinki zəng etməyib, heç görəndə üzünü mənə tərəf belə çevirməyib. “Nə var-nə yox”dan sonra, bu mənə bir qəribə şey dedi. Dedi ki, “bəy, eşitdim, “zvaniyanı” bərpa ediblər, hara isə qərargah rəisi gedmisən. Təbrik edirəm! Əşşi, mən bilirdim ki, əvvəl-axır bu hökumət sənin kimi vətən yolunda can qoyan kişilərə qiymət verəcək.”

Əvvəl çaşdım. Sonra fikirləşdim ki, bəlkə kimdənsə, nəsə eşidib. Axı mən nə qələt eləmişəm, nə əskiklik göstərmişəm ki, bu hökumət mənə nə isə yaxşılıq eləsin? Telefon qulağımda bütün bu fikirlər ildırım sürəti ilə ağlımdan keçdi. Sonra fikirləşdim ki, bəlkə kimə isə, nə isə veriblər, bu səhf salır. Məni kimnənsə qarışdırır. Dedim, “A bəy, axı mən nə yaramazlıq etmişəm ki, mənim “zvanıyamı” qaytarsınlar, mənə vəzifə versinlər? Nədisə səhfdir.” Bu dostum (“dostum” deyəndə 95–ci ildən səsini eşitmədiyim adam nə qədər dost adına layiqdir?) dil boğaza qoymayaraq, mənə aman vermədi ki, ondan nə isə soruşam.

“Komandir, sən bilirsən də, mənim həmişə komandirim olmusan, başa düşürəm, təvazökarlıq edirsən, amma mən bilirdim haqq yerini tapacaq. Bəsdi da, elə bunlar basıb yeməyəcək ki, biz də yeməliyik.” Vallah, bunun belə həyasız və arxayın danışmağı məni şübhəyə saldı. Nə bilim, fikirləşdim görəsən, bu nə oyundur? Dedim, “Qardaş, vallah, nə vəzifəm var, nə də pulum. Tak çto (rus demişkən) yeməyə bir şey yoxdur. Nə var idi o vaxt xərclədik. Sənin də nə danışdığından baş açdımsa, Allah mənə lənət eləsin!” Dostum başladı, nə başladı, “Bəy, necə yanı heç nə bilmirəm, heç nə bilmirəm, nə deməkdir? Odey, qəzetlər yazır. Sənə nəçalnik-ştab vəzifəsi veriblər. Sən indi bizi unudacaqsan bəyəm? Bizdən yaxşı kimi tapacaqsan? Onsuz da bu qədər ac qaldığın illər sənə dərs olub. Qardaşını qoyarsan bir yaxşı yerə, mən hər şeyi həll edərəm.” Dedim, “nə qəzet, nə yazı?” Dedi, “bəs o gün əlimə bir qəzet keçdi, orada yazılıb ki, sənə baş qərargah rəisi vəzifəsi veriblər. Day nə istəyirsən? O vaxtlar qoymadın bir manat qazanaq, indi nə deyəcəksən, qoy qazanax daaa…”

Əvvəl məni tər basdı. Sonra məni gic bir gülmək tütdu. Sizə gülmək deyirəm ey. Sən demə, mənim bu dostum Mirzə Sakitin yumoristik, fantastik yazısını oxuyub və elə fikirləşib ki, bu, doğrudur. Acgözdük buna güc gəlib, fərqinə varmadan mənə zəng edib ki, birdən o gecikər, mən də başqa adamı işə götürərəm. Ay sənin gülməyin olsun! Nə isə, daha danışa bilməyib telefonu söndürdüm. Yoxsa mən bu naqisi başa salınca mənimki mənə gələcəkdi. Bəs nə edəydim? Mirzənin yazısı ilə məni vəzifədə görən adama mən nə deyə bilərdim? İndi mənə maraqlıdır, görəsən, başqa virtual vəzifə sahiblərinə zəng edən olmayıb? Amma bir səhv elədim, gərək onu Arzu Səmədbəylinin yanına göndərəydim. Ya da Sülhəddin Əkbərin yanına. Amma ən yaxşısı elə matros Faiqin yanı idi, həm matrosu cəbhədən tanıyır, həm də matrosun hövsələsi çatar. Cavandı, hələ belə şeylərə allerqiyası yoxdur. Özü də baxmayın, Xəzər gəmiçilik idarəsi böyükdür. Aydın Bəşirovdan nə isə qalar. Orduda isə deyəsən heç nə qalmayıb. Vallah deyəsən, bir saniyəlik özümü vəzifədə hiss etdim axı.

Amma sənə nə deyim, ay Mirzə, sənə dedim axı mənə pulsuz vəzifə ver ki, bu havayı yeyənlər mənim başımı aparmasınlar. Yoxsa baş qərargah rəisi. İndi fikirləşirəm, telefon nömrəmi Mirzə ilə dəyişim, qoy elə bu zənglərə özü də cavab versin. Necə məni bu işə salıb, əcrini də özü çəksın. Mirzə, nə olar, yazanda böyük hərflərlə yaz ki, zarafatdır. Yoxsa deyəsən, hamı məmurlaşır…

Amma öz aramızdır, halal olsun Mirzə Sakitə. Elə bil gələcəyi güzgüdə görür. Hər halda şəxslərdə səhv etsə də, situasiyada səhv yoxdur. Tarix sübut edib ki, insan dühası qabağı görə bilir!

“Xural” qəzeti,

il 9, sayı: 061 (471), 16 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button