Gülnaz Qənbərli “Söz Adamı”nda (II sonuncu hissə): “Əli Həsənovla qürur duyuram”-VİDEO

Gülnaz Qənbərli: “İnsanın kişiliyi çatmalıdır yaşamağa, döyüşməyə, ayıb olsun mənə”

Onun son günlərdə status yazaraq intihar edəcəyini oxuyanda Almaniya ilə Fransanın sərhəddində yerləşən Kehl şəhərində çay içirdim. Donub qaldım. Mən Gülnaz Qənbərlini 20 ildən çoxdur ki, tanıyıram. Mərd, qorxmaz, qətiyyətli, mübariz, etibarlı, ən əsası da iradəli bir xanımdır. Mətbuatın hər zaman üçün pərdəarxası qəhrəmanlarından biri olub. Bir çox ciddi media qurumlarında işləyib və ayrıldığı heç bir yerdən də problemli, qalmaqallı ayrılmayıb. Problemli ayrılmaq, qalmaqallarla yaddaşlarda qalmaq qəbahət deyil, amma Gülnaz elə olmayıb. O, davanı hər zaman öz yerində, öz redaksiyasında, öz iş yoldaşlarının arasında aparıb. Yorulmayıb, usanmayıb, ancaq kənara da çıxarmayıb.

Belə tanıdığım, 20 ildən çoxdur ki, “qardaş” dediyim bu “kişi kimi qadın” nə oldu ki, birdən-birə pessimist notlara üstünlük verdi və həyatdan küsdü? Çox narahat oldum. Dərhal səhifəsinə girib statusunun altından etirazımı yazdım. Dostlara dedim. Və… təbii ki, çox narahatçılıq içində nəticənin müsbətə doğru dəyişəcəyini gözlədim. Mən Gülnazı tanıyıram. O, nə dedisə onu da edər – buna görə qorxdum. Amma onu çox yaxşı tanıdığım üçün bilirdim ki, dostlarının sözünü də eşidər, yanlışdan tez dönər – ona görə də nəticənin yaxşı olacağını gözləyirdim. Şükür, elə də oldu.

Çox az qadınlardan biridir ki, ona “qardaş” deyirəm. Qardaş kimi qızdır Gülnaz. Ağır günlərində yanında olar. Heç çəkilməz. Mənim taleyimin ağır günlərində də elə oldu. İşdə, evdə, həbsxanada hər zaman gəldi, əlindən gələni etdi – yarpaq dolması bükdü gətirdi Ağır Cinayətlər Məhkəməsinin salonlarına. Bunları unutmaq olarmı? Olmaz təbii ki… Amma Azərbaycan mətbuatının durumunu o günə gətirib salıblar ki, artıq heyimiz qalmayıb. Mən Kehl şəhərində Gülnazın intihar anonsunu oxuyanda hiss etdim ki, hamımız çox zəifik və bir-birimizdən elə də fərqimiz yoxdur. Çarəsizik. Kimsəsizik. Dövlətin zor aparatının bütün gücü ilə üstünə gəldiyi yalnız qalan adamlarıq. Narahatçılığımın bir səbəbi də o idi əslində. Gülnaz Qənbərli də bu vəziyyətət düşdüsə, sonuncu akkordlarımız çalınır demək ki.

Hər zaman pozitiv və optimist adam olmuşam. Bilənlər bilir. Amma son zamanlar qəti bir ümidsizlik və pessimist ovqat nə gizlədim, mənə də hakimdir. Bunun tamam başqa səbəbləri də var, amma ictimai motivlər də yox deyil. Bu yaxınlarda mən də “Yoruldum” deyə bir status paylaşmışdım, dostlar imkan vermədilər. 3 dəqiqədən sonra silməli oldum. Cəmiyyətin elə adamları var ki, onlar hər zaman pozitiv görünməli, optimist olmalıdır. Kimin içini özü, çölünü özgəsi yandırır, kimsənin umurunda deyil. Bu cəmiyyət üçün “saman çöpü” rolunu oynayan adamlar var ki, onlar yorulsa, cəmiyyət çökər. Kim nə çəkir, kim niyə yorulur, bunun hesabını çəkmir cəmiyyət – sən sınmamalısan, sən hər zaman öndə və dik olmalısan.

“Söz Adamı” jurnalist çevrələrində birinci – baş redaktor olmayan, amma jurnalistikada külüng çalan həmkarlarımız üçün nəzərdə tutulub. Onlar da danışmalıdır və onlar əslində, hamıdan da yaxşı və olanı danışırlar. Hələ uzun illərdir Azərbaycan mətbuatında bir “baş redaktor kultu”nun olduğunu yazanlar var. Hər zaman onlar, hər zaman onların sözü çatdırılır cəmiyyətə. Düşünürük ki, “Söz Adamı” bu kulta qarşı olmasa da, sözü olan hər kəsin sözünü çatdırmalıdır. Gülnaz Qənbərlini həm də bu baxımdan, dəvət etdik. Və onun çox maraqlı müsahibəsinin şahidi oldum.

Gülnazla jurlnalistikanın niyə belə vəziyyətə düşdüyündən tutmuş jurnalistlərə verilən evlərin sanki qara bazarda satılmasına qədər hər şeydən danışmışıq. Jurnalistlərə verilən birinci binada boş qalan və kirayə verilən evlər haqqında da, uzaq 2001-ci ildə “Millətin Səsi” qəzetində baş verən qalmaqaldan da danışmışıq. Ümid edirəm ki, Gülnaz Qəmbərli ilə bu müsahibə mətbuat çevrələrində ciddi müzakirələrə səbəb olacaq…

Beləliklə, “Söz Adamı” rubrikasında müstəqil jurnalist Gülnaz Qəmbərlidir. O, mediamızın problemlərindən danışır…

Əvəz Zeynallı,

“Söz Adamı”

 

II sonuncu hissə

 

Gülnaz Qəmbərli II-sonuncu hissədə deyir ki:

– Yolu piyada gedirəmsə, bunu özümə dərd etmirəm ki, mən piyada gedirəm

– Mən işin həmişə müsbət tərəfini düşünürəm, pozitiv olmağa çalışıram

– Mən sevmirəm gündəmdə olum, məni kimsə gündəmə gətirsin

– 2 aprel döyüşlərində partlayıb ölsəydim, nə mutlu, nə xoşbəxt deyərdim özümə

– Borclu olmağı, borc almağı sevmirəm

– 2 saata 1001 dəfə salavat çəkdim

– Oğluma yazdım ki, “Sənin arzularının qarşısını almamaq üçün, Sənə məhbus oğlu deyilməməsi üçün – mən qadınam, mən bu yolu seçdim, məni bağışla”

– Bezdim…

– Azərbaycanda jurnalist deyilən bir nəsnə var yəni? Biz mövcuduq?

– İntihar edən adamlara hər zaman deyirdim ki, deməli, bu adamların yaşamağa kişilikləri çatmayıb. Sən demə, adamı kişilikdən elə çixarırlar ki, mövcud olmursan

– Mən döyüşərək ölərəm, ayıb olsun mənə

– Özüm-özümə “ayıb olsun sənə” dedim

– Ev almaq üçün elan verə bilmərəm ki, mənim evim yoxdur, mənim problemim var, mən çətinlik çəkirəm, məndən də çətin vəziyyətdə olanlar var

– İntihar haqqında düşünmək nəinki acizlik, hətta acizliyin də acizliyidir

– İnsanın kişiliyi çatmalıdır yaşamağa, döyüşməyə

– Allahın verdiyi canı Allah özü almalıdır

– Mənim ən böyük layihəm oğlumdur

– Bizim dövlət başqa millətlərin, xalqların nümayəndələrinə daha çox dəyər verir, onları bizimkilərdən daha yaxşı tutur, onların nümayəndələrinə ev verir və mən bununla qürur duyuram

– Mənim alnım açıqdır, kimsə deyə bilməz ki, mən Gülnaza yazını sifarişlə yazdırdım

– Mən peşəmə xəyanət eləmədim, peşəm də mənə xəyanət eləmədi

– Mən əl buyruqçusu olmadım, kimsənin haqqını yemədim, kimsəyə də haqqımı yedirtmədim

– Eynulla Fətullayevin güdazına getdik

– Afət Telmanqızının verdiyi bir süjetə görə, mənim anam infarkt keçirib öldü, atam dözməyib öldü

– Jurnalistikada ən böyük itirdiyim şey ata-anamdır

– Həqiqəti ilk şərə məruz qalan adam bilir

– Ramiz Mehdiyev şərə məruz qalmışdı

– Ramiz Mehdiyev mənə jest elədi

– Heydər Əliyevdən o qədər yaxşılıqlar görmüşəm ki, saysam, bitməz

– Əli Həsənov mənim tələbə yoldaşım olub, Əli Həsənov çox istedadlı oğlandır, Əli Həsənov çox yaxşı dostdur

– Əli Həsənovla qürur duyuram, onunla fəxr edirəm

– Əli Həsənov “Qaynar Qazan”a gələr

SON

 

Xural.com

Əlaqəli məqalələr

1 şərh

  1. Gereh bu musahibeni vermezdiz. O yazixa bu musahibeden sonra ev ve is vermiyejehler. Adi siyahida olsa bele, cixarajahlar. Genjeden salamlar. Coxdandir bele casareetli musahibe oxumamisdim.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button