Gültəkin Hacıbəyli yazır: “Tahir Kərimlidən gözlənilməz etiraf”

Gültəkin Hacıbəyli

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü

 

Milli Məclisin bugünkü iclasında deputat Tahir Kərimli bəlkə də həyatının ən səmimi çıxışını, ən doğru-dürüst etirafını edib. O deyib ki, biz xalqa can desək də, bizə azar deyəcək. Buna görə, xahiş edirəm, onu qaralamayaq, əksinə, “sağ ol” deyək. Bu, gerçəkdən də, acı bir etirafdır. Tahir Kərimli bununla təkcə özünün və həmkarlarının xalq tərəfindən seçilmədiyini deməyib, bunu zatən bilirdik. O bu açıqlaması ilə ölkədə hakimiyyətə münasibətdə ümumxalq nifrətinin və qəzəbinin olduğunu etiraf edib. Düzünü deyim ki, mən buna sevinə bilmirəm, çünki bu ölkəmizin gələcəyində çox təhlükəli iz buraxa biləcək gerçəklikdir. 2-3 faiz çox zəngin təbəqə ilə əksəriyyəti yoxsulluq, səfalət girdabında sürünən, haqsızlıq, ədalətsizlik, korrupsiya və məmur özbaşınanılığın qurbanı olan 97-98 faiz əhali arasında kəskin təbəqələşmə və ziddiyyətin mövcudluğunu artıq hamı görür. Bu yaxınlarda görüşdüyüm yüksək rütbəli bir diplomat məndən elə açıq mətnlə də soruşmuşdu ki, sosial partlayış olacağı halqa siz Milli Şura olaraq xalqın bu qorxunc qəzəb və nifrət enerjisini idarə edə biləcəksinizmi? Buna gücünüz çatacaqmı? Mənim cavabım da bu olmuşdu ki, sizli, bizli çalışaq bu təhlükəli durum yaranmasın. Çünki, nə qədər özümüzə, xalqımıza və xalqımızın bizə olan etimadına güvənsək də, belə ekstremal xaos vəziyyətlərində heç kim ağır fəsadlardan və zorakılıq hallarından sığorta zəmanəti verə bilməz. Xalqın bu hakimiyyətə olan gerçək münasibətini dünya bilirsə, diplomatlar açıq şəkildə dilə gətirirlərsə, bu həqiqət bu gün hətta Milli Məclisdə deputat səviyyəsində etiraf olunursa, bundan nəticə çıxarmalı olan birinci tərəf hakimiyyətin özüdür. Çox uzun yazmaq istəmirəm. Avropa Birliyi ilə yaxınlaşma sizin üçün xilas halqasıdır, yalnız o halqanı boynunuza keçirməklə hakimiyyətdən daha ağrısız, daha az itkisiz və sivil bir şəkildə gedə bilərsiniz. Əks halda nələrin ola biləcəyini özünüz ehtimal edə bilərsiniz. Odur ki, bu yaxınlaşmanı reallığa çevirə biləcək addımlar atın: siyasi məhbusların hamısını azad edin, mitinq qadağasını aradan qaldırın, məhkəmələrə siyasi sifarişlər verməyin, saytların blokunu açın, vətəndaş cəmiyyətinə və siyasi partiyalara sərbəstlik verin, siyasi müstəvini bərpa edin. Və bütün bunların həmən ardınca xalqın “can”-ına da “azar”-la cavab verdiyi o heç kimə faydası olmayan Milli Məclisi buraxıb normal seçki keçirin. Vaxtınız çox deyil.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button