“Günəş” – ELÇİBƏY YAZI MÜSABİQƏSİ

Azərbaycan, başı bəlalı vətənim mənim. Sənin bağrından neçə-neçə igidlər çıxdı, neçə-neçə qəhrəman igidlər böyütdün, eləcə də, neçə-neçə düşmənləri içində boğdun, şəhidlərinin axan qanına axıtdığın gözyaşların kimi. Yüz il əvvəl tale üzünə güldü, bağrından bütün Şərqi işıqlandıracaq bir Cümhuriyyət Günəşi doğdu, yüksəklərə qalxdı, lakin yenə qaragüruhçu qüvvələr və yadellilər əl çəkmədilər. Günəşin işıqlarının zərrəsinin belə üzərinə düşməməsi üçün öz “fəhlə”ləri ilə uca divarlar hördü dörd bir yanına. O divarların palçığını su ilə yox, Aydınlarımızın və şəhidlərimizin qanı ilə yoğurdular. İllər boyunca günəşimizin qarşısını alan o divarlarda F.Xoyskinin, M.Müşviqin, H.Cavidin, Ə.Cavadın qanının, qürbətdə həyata gözlərini yuman olan M.Ə.Rəsulzadənin gözyaşlarının ləkəsi qaldı. Aylar illəri qovdu və bir qəhrəman çıxdı bağrından. Əlinə külüng alıb, silahdaşları ilə birlikdə divara zərbələr endirməyə başladı. O qəhrəman Əbülfəz Elçibəy idi. O, özünü dərk etdiyi gündən sadəcə sənin taleyinə köklənmişdi. Gecəsi sən, gündüzü yenə sən olmuşdun. Getdiyi yerlərə özü ilə birlikdə sənin xəyallarını aparırdı. Zindanda da, qürbətdə də, əsarətdə də sənin xəyalınla nəfəs alırdı. Sənin xəyalın idi onu diri tutan. Axı sən Rəsulzadənin də son nəfəsi olmuşdun. Ölüm sərxoşluğu yaşayan zaman su yerinə səni istəmiş və gülüstandan uzaq düşən bülbül kimi torpağa düşmüşdü. Elçibəy də səninlə yaşayırdı. Yağıların baltalaı ilə parçalanmışdın, o isə səni bütünləşdirməyə çalışırdı. Təbrizi Borçalıya, Ərdəbili Dərbəndə, İrəvanı Bakıya qovuşdurmaq istəyirdi. Kimisi yuxusunda anasını, kimisi övladını görürdü, amma onun tək röyası səni və xalqını bütöv görmək idi. Xalqının dəstəyi ilə o divarları yıxdı. Sənin üzərinə yenidən Azadlıq Günəşi doğdu. Artıq Elçibəyin xəyallarına da günəş doğmuşdu. Xalqının iradəsilə lider, sonra da dövlət başçısı seçildi. Xaqlın xeyrinə nə lazımdısa etdi. Milli valyuta, təhsildə yeniliklər və bir sıra islahatlar həyata keçirdi. Sənin bağrında kök atmağa çalışan yadelli ordusunu da ölkədən çıxarmağa nail oldu. Xalqın sərvətini mənimsəmədi, hər zərrəsi üçün yadellilərlə mübarizə apardı, səbəbini soruşanlara “Bu mənim şəxsi sərvətim deyil, xalqımın sərvətidi” dedi. Ona dil uzadanları da, əl uzadanları da zərrə qədər incitmədi. Bugün də, onunla birlikdə yol almış, ona daş atmış heç bir kəs deyə bilməz ki, “Elçibəy mənim qəlbimi qırdı”. Çünki onun bu kimi dəyərsiz işlərə ayıracaq vaxtı, insan qəlbinə toxunacaq xisləti yox idi. Bəli, Elçibəy xalqın mənəvi atası olmuşdu. O, təkcə bu xalqın yox, bütün müsəlman dünyasının dərdini çəkirdi. Nəcməddin Ərbakanla görüşündə dediyi kimi:

“Müsəlman dediyin, hər bir müsəlman cocuğunun dərdini çəkməlidi. Sudandan Azərbaycana qədər harda bir cocuq ac yatırsa, onunla birlikdə yuxusu qaçmalıdı, narahat olmalıdı.”

Amma bugün belə o heyrətamiz insanı yaxşı tərəfləri ilə yox, əlindəki ucuz siqaretilə xatırlamaq və xatırlatmağa çalışan bəd xislətli insanlar var. Əvvəlcə ruhunu bədənindən çıxardılar, hirsləri soyumadı, indi isə torpağa qarışmış cansız cəsədinə zərbələr endirməyə çalışırlar. Gəlməsini gözlədiyi bu parlaq və saf gəncliyə onu içkisiylə, siqaretilə tanıdırlar. Əfsuslar! Əfsuslar! Əslində, Elçibəyi belə tanıtmaları onun necə güclü bir lider olduğunu bir daha sübut edir. İki milyarda yaxın müsəlmanın Peyğəmbərini doqquz xanımı ilə, Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkü içkisiylə tanıtmağa çalışmırlarmı? Əsl liderlərin alnına qarayaxma yazılıbdır sanki.

Elçibəy həm də güclü bir lider idi. O, Sovet zindanlarında necə güclü idisə, Hərəkat lideri olanda da, dövlət başçısı olanda da, hakimiyyətdən gedəndə də eyni dərəcədə güclü idi. O, hər zaman dik duruşu ilə yaddaşlarda qaldı. O, sadəcə xalqına axıtdığı gözyaşlarını gizlətməyə çalışarkən başını əyirdi. Xalqın gözündə o qədər güclü idi ki, Türkiyədə ölümlə cəbəlləşərkən üstünə çökən taqətsizliklə onu görənlər bu vəziyyəti qəbullana bilmirdilər. Bir övladın evə həmişə əlidolu gələn atasının əliboş gəlməsini qəbullana bilməməsi kimi. Olsun! Biz də qəbullanmırıq. O, indi də, pak məzarını ziyarətə gələn parlaq gəncliyi əzəmətli duruşu ilə seyr edir. Xəstəxanada olarkən onun şəklini çəkməyə çalışanlara izn verməmişdi ki, xalq elə görüb ümidsizliyə qapılmasın. Son nəfəslərində belə xalqını düşünürdü. “Bəs indi mənim xalqım nə edəcək?” deyə içi içini yeyirdi. Onu gördüyü işgəncələr yox, bu xaqlın dərdi öldürdü.

Vəfat etmiş bir insanın inancını sorğulayacaq qədər yaramaz insanlar var. Rəhmət oxumaq yerinə məzəmmət edən insanlar var. Niyə onu etmədi? Niyə buna icazə verdi? Elçibəy vaxtının az olduğunu bilirdi, ona görə də, xalqa bir düstur verdi: “Qarabağın azadlığına gedən yol Təbrizdən keçir.” Bir gəncliyə Bütöv Azərbaycan düsturundan daha yaxşı nə verilə bilərdi ki? Mən də bütün Azərbaycan gəncliyi önündə Bütöv Azərbaycan düsturuna uyacağıma, paytaxtı Təbriz olan Azərbaycan uğrunda mübarizə aparacağıma söz verirəm.

Bu il sənsizliyimizin on səkkiz illiyidi. Doğumunun isə səksən illiyidi. Yüzilliyini Savalanda qeyd etmək diləyilə, Savalanda görüşənədək!

Elmin Nəcəfli

Yazı “Elçibəy-80” yazı müsabiqəsi üçün yazılıb

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button