Günaz.tv rəhbəri Əhməd Obalıya ABŞ-da hücum olub, vəziyyətinin ağır olduğu bildirilir

Günaz.tv-nin yaradıcısı və rəhbəri, İrandan olan azərbaycanlı mühacir Əhməd Obalı və oğlu Amerika Birləşmiş Ştatlarının (ABŞ) Kaliforniya ştatında bir qrup insanın hücumuna məruz qalıb.

Bu barədə mayın 21-də Günaz.tv məlumat yayıb. Hadisənini mayın 17-də olduğu bildirilir.

Sosial şəbəkələrdə Obalının çoxsaylı xəsarətlər aldığı görünən video və fotosu yayılıb.
Günaz.tv-nin Bakı ofisinin icraçı direktoru Araz Obalı Amerikanın Səsinə bildirib ki, hadisə Əhməd Obalının Azərbaycandan ABŞ-a qayıtmasından bir gün sonra baş verib.
“Əhməd bəy Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında hoteldə sayı bilinməyən şəxslərin terror hücumuna məruz qalıb. Hücum nəticəsində Əhməd Obalının bütün bədəni ciddi zədə alıb, özəlliklə sağ əlinin bütün barmaqları sındırılıb, gözləri ciddi zərbə alıb. Qollarını və ayaqlarını hiss etmir. Hal-hazırda durumu orta ağırdır”, o Amerikanın Səsinə bildirib.

Araz Obalı əlavə edib ki, hadisə ilə bağlı araşdırma davam edir.

“Polis hücumu həyata keçirənlərin həbs olunduğunu bildirib. Ancaq polis onların sayı və kimliyi barədə hələ məlumat vermir. Biz güman edirik ki, bu terror aktı ola bilər”, Araz Obalı söyləyib.

Araz Obalı “Günaz.tv” rəhbərinin oğlu Dənizin də hücuma məruz qaldığını və hazırda xəstəxanada olduğunu deyib.

“Əhməd bəy oğlunun hansı şəraitdə hücuma məruz qalıdğı barədə məlumatsızdır. Bizim başqa mənbələrdən aldığımız məlumata görə Dənizin vəziyyəti çox ağırdır. O anası ilə danışmaq imkanında belə olmayıb”-Araz Obalı qeyd edib.
Əhməd Obalı İrandakı mövcud idarəçiliyin tənqidçilərindədir. O Azərbaycana son səfəri zamanı yerli mediada İranda insan hüquqlarının, o cümlədən orada yaşayan azərbaycanlıların hüquqlarının pozulmasından danışıb.

“GünAz TV” 2004-cü ildə İrandan olan azərbaycanlı siyasi mühacir Əhməd Obalı tərəfindən təsis edilib. Telekanal ABŞ-ın Çikaqo şəhərindən yayımlanır.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button