Gündəlik «Xural»ın prioritetləri

əvəz zeynallıƏvəz Zeynallı

Pulsuz təhsil…

Uğrunda vuruşacağımız və mübarizə aparacağımız ən böyük məsələlərdən biri pulsuz təhsil olacaq. Bu ölkədə haradasa artıq pulsuz təhsil qalmayıb. Yerli təhsili Misir Mərdanov həzrətləri pis günə qoyub, əcnəbilər də hərə özü ilə bir qayda gətirib. Konstitusiyada və əsas qanunlarda dövlət tədris müəssisələrində təhsilin pulsuz olduğu qeyd olunsa da, aparılan bilincli siyasət nəticəsində məktəblər tədricən pulluya çevrilib və təxminən uşaqlarımızı oxudacağımız məktəb qalmayıb. Dövlətin ali təhsil verən bütün institutları pullu təhsilə keçib. Pullu təhsil get-gedə pulsuz təhsilin əhatə dairəsini azaldır və onu sıradan çıxarmağa çalışır. Keçirəcəyimiz dəyirmi masalarla, dəvət edəcəyimiz ictimai-siyasi xadimlərlə bu məsələni gündəmə daşımağa və orada saxlamağa çalışacağıq. Ölkənin təhsilini ağlar günə qoymaq və onu büsbütün pulluya çevirmək olmaz. Ölkə rəhbərliyi və təhsil siyasətinə yön verən simalar ölkənin fəlakətə yuvarlandığının fərqinə varmalıdır. Bu ölkə xarici ölkələrə gedib oralarda təhsil görən 5-10 nəfərlə gələcəyə daşına bilməz. Bu ölkənin sovet təhsil sistemindən də dərin və dünyanın bütün müasir standartlarına cavab verən təhsil sistemi olmalıdır ki, biz gündəlik qəzet olaraq əsas missiyalarımızdan biri kimi bu məsələni üstlənəcəyik.

Təhsil məsələsində duyarlı olan bütün mütəxəssisləri, alimləri, gəncləri və valideynləri ciddi əməkdaşlığa dəvət edirəm. Hamımız bilməliyik ki, təhsil pulsuz və keyfiyyətli olmasa, bizim və ölkəmizin gələcəyi qaranlıq olacaq.

Pulsuz səhiyyə…

Pulsuz təhsil qədər pulsuz səhiyyə də bizim üçün «olmazsa olmaz» şərtlərdən olacaq. Bütün ömrünü əziyyətlə yaşayan Azərbaycan vətəndaşı özünü Azərbaycan səhiyyəsinə etibar edə bilmir. Nəinki sadə Azərbaycan vətəndaşı, heç Azərbaycan prezidenti belə özünü Azərbaycan həkimlərinə əmanət etmir. Nədən? Nədən adi əməliyyatları belə Azərbaycan zənginləri kənar ölkələrdə edirlər? Niyə ölkəyə gələn milyardlar göyə sovrularkən müasir tələblərə cavab verən səhiyyə ocaqları yaradılmır? Heç kim yalançı tikililəri və diaqnostika mərkəzlərini bizə sırımamalıdır. Hamı bilməlidir ki, keyfiyyət azərbaycanlıların öz həkimlərinə inanması ilə gələcək. İndi sadə azərbaycanlılar İranın, bir az imkanlılar Türkiyənin, lap imkanlılar İsrailin, Avropanın, Amerikanın səhiyyə ocaqlarına üz tuturlar. Gör nə böyük fəlakətdir ki, indiyə qədər Azərbaycanı idarə edən və dünyasını dəyişən iki nəhəng şəxsiyyətimiz – Əbülfəz Elçibəy və Heydər Əliyev Azərbaycandan kənarda müalicə olundular və onların son günləri başqa ölkələrin səhiyyə ocaqlarında keçdi. Ölkənin prezidentləri öz həyatlarını başqa ölkələrə və başqa ölkələrin həkimlərinə əmanət edirlərsə, o zaman vətəndaşların gününü təsəvvür etmək çətin olmaz. İndi imkansız Azərbaycan vətəndaşlarını xəstəxanalara qəbul etmirlər, qəbul etdiklərinə də pullu qohumları gələnə qədər yaxın durmurlar. Bir çox hallar olur ki, sırf həkim laqeydliyindən adi bir məsələdən xəstələr dünyasını dəyişirlər.

Ölkənin səhiyyə sahəsində bütün duyarlı insanlarını əməkdaşlığa dəvət edirəm. Biz Azərbaycana axan bu milyardlardan özümüzə xoş güzəran yarada bilərik. Bunu etməyənlərlə savaşa bilərik. Axı bizim hamımızın xarici ölkələrdə təhsil almaq və xarici ölkələrdə müalicə olunmaq və ölmək imkanlarımız olmaya bilər. O zaman hamıya yaxşı şərait, pulsuz müalicə və müayinə hüququ yaradılmalıdır və gündəlik «Xural» həm də bu məsələnin izində olacaq.

 Əhalinin batan pulları…

 Əslində, gələn neft pullarının müqabilində bu, dövlətə problem olmamalı idi. Sovetin vaxtında əmanət kassalarında qalan və batan pullar dərhal verilməli idi. Pulun olmadığı zamanları başa düşmək olar. Amma pulu xərcləməyə yer olmadığı zamanlarda insanların hüquqlarını pozmaq, onların batan pullarını verməmək xalqa hörmətsizlikdən başqa bir şey deyil. Ən müxtəlif aksiya və təpkilərlə batan pulların qaytarılmasına nail olmağa çalışacağıq. Prioritet məsələlərimizdən, üzərində daim işləyəcəyimiz mövzulardan biri də bu olacaq. Səhraları yenidən yaratmaq, uzun yollara bahalı döşəmə daşları döşəmək, bütün Azərbaycanı çəpərləmək, dünyanın müxtəlif ölkələrində milyonlarla dəyəri olan villalar əldə etmək, Belarus kimi mənasız dövlətlərə pulsuz kreditlər verməkdənsə, öz vətəndaşlarının haqlarını verməlidir bu dövlət. Deyilmi?

Bu pulların tez və ağrısız qaytarılması üçün bütün maraqlı tərəflərlə əməkdaşlıq edəcəyik və imkansız, heç bir köməyi olmayanların səsi olmağa çalışacağıq…

Təbii ki, təkcə saydığım bu mövzularla kifayətlənməyəcəyik. Biz Azərbaycanın bütün məsələləri ilə – indiyə qədər olduğu kimi – maraqlanacaq, hər yerdə olmağa çalışacağıq…

 Mənim sevimli müəllimim və Ayazın nəvəsi…

 Taleyin ironiyasına baxın, ömrünün ən təlatümlü günləri onun prezidentliyi dövrünə düşən, onun və onunkimilərin apardığı səbatsız siyasət nəticəsində pərən-pərən olan və yer-yurdundan edilən mənim sevimli müəllimim Məhərrəm müəllim elə onun pərvasız nəvəsinin də avtomobilinin qurbanına çevrildi. Bizə Ayaz Mütəllibovun yazıq, fağır obrazını yaratmaqla məşğuldurlar. Bir yazı yazmağıma 50 yerdən barmaq silkələdilər. İnformasiyalar buraxdılar ki, rəhmətlik oğlunun müalicəsini Heydər Əliyev Fondu üstlənib. Yəni bunun imkanları yoxmuş… Amma iş avtomobillə adam vurmağa gələndə, bir də oxuyuruq ki, Mütəllibovun nəvəsinin bahalı arabaları varmış. Bəs bunlar niyə yazıqlanırlar?..

Mən Allahın işinə qarışmıram. Bilirəm, qəzadır və hamının başına gələr. Amma ömrünü zillətlə keçirən, yurd-yuvasından didərgin düşən, hər zaman o torpaqlara qayıtmaq eşqi ilə yaşayan, səbatsızlığına görə hər zaman Ayaz Mütəllibovdan gileyli olan mənim sevimli müəllimim Məhərrəm müəllim məhz Ayaz Mütəllibovun nəvəsinin avtomobillərinin təkərlərinin altında can verməməli idi. Bu, mənim üçün – elə Azərbaycan üçün də pis əlamətdir!..

 TƏBİİ Kİ…

MƏNİM DƏ PRİORİTETLƏRİM VAR…

“Xural” qəzeti, il 9, sayı: 035 (443), 11-17 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button