Gürcü ədəbiyyatında nələr var?

Anna Kordzaia: “Əvvəllər kişilər mərd, əyilməz, məğlubedilməz idilər, indi isə aydın oldu ki, o məğlubediləndir, əyiləndir, sınandır və ya sındırılandır”

Bugünkü gürcü ədəbiyyatının mənzərəsi necədir, yeni nəsil yazarları nələr düşündürür? – Tiflisə səfərim sırasında fürsət tapıb bu məsələlərlə maraqlanıram. Həmsöhbətim yeni nəsil gürcü ədəbiyyatının tanınmış adlarından biri, yazıçı Anna Kordzaiadır. Annanın 2 hekayələr toplusu, “Şuşanik” adlı bir romanı dərc olunub. 1968-ci ildə Tiflisdə ziyalı ailəsində anadan olub; anası Nanuri hüquqşünas olub, universitetdə dərs deyib, atası Arseniy Kordzaia məşhur folklorşünas olub, ömrünün 35 ilini təqribən 300 min nəfər daşıyıcısı olan svan ləhcəsinin ata sözlərini toplamağa həsr edib, svanlara aid 5 mindən artıq paremioloji vahid toplayıb. Anna uşaq yaşlarından bu ata sözlərinin sistemləşdirilməsində atasına kömək edib. Ondan, bizdə təsəvvür olsun deyə, bir svan ata sözünü söyləməsini xahiş edirəm: “Əgər arvad yaxşı olsaydı, Allah da evlənərdi” – deyir Anna. Söhbətimiz üçün ürəkaçan bir başlanğıcdır. Annaya ilk sualım belədir: – Azərbaycan Oxucusunun Gürcüstanda cərəyəan edən bu günün ədəbi prosesi haqqında bilgisi azdır. Ümumi şəkildə çağdaş Gürcü ədəbiyyatı haqqında nələri deyə bilərsiniz? – Bu suala cavab verməkdən ötrü ilk növbədə 90-cı illərdə yaranan əsərlərə nəzər salmaq lazımdır. Mən bu yaşımda 4 müharibə görmüşəm, hesab edirəm ki, bizim yaradıcılıq istiqamətlərimizə müharibələr çox güclü təsir göstərib. Əvvələn, bu illərdən başlayaraq əsərlərdəki qəhrəmanlar kökündən dəyişilməyə başlayıb. Artıq o, gürcü ədəbiyyatının bu günə qədər təbliğ etdiyi namuslu, sədaqətli qəhrəman deyil. Əvvəllər kişilər mərd, əyilməz, məğlubedilməz idi, indi isə aydın oldu ki, o məğlubediləndir, əyiləndir, sınandır və ya sındırılandır. Biz hər zaman qalib deyilik, uduza da bilərik, yeri gələndə qaranlıqdan və ya siçovuldan da qorxa bilərik. İkincisi, 90-cı illərdə yaranan əsərlərdəki qadın tipləri dəyişilməyə başladı. Artıq qadın, gürcü şairlərinin bu günə qədər öydüyü kimi, zərif, gözəl, ilahi varlıq deyildi… Ən yeni gürcü ədəbiyyatının başlanğıc əsəri mənim fikrimzə Aka Murçuladzenin “Qarabağa səyahət” romanıdır. Bu romanda tiryək tapmaq məqsədilə qonşu respublikanın sərhədlərini keçən və gözlənilmədən müharibənin içinə düşən və əsirlik həyatı yaşayan iki gürcü gəncinin başına gələn hadisələrdən söhbət gedir. Bu əsər gürcü ədəbiyyatının bütün mükafatlarını alıb. Aka Murçuladze hal-hazırda Londonda yaşayır. Akanın “Qarabağa səyahət” romanından sonra gürcü ədəbiyyatında hər şey dəyişdi. Artıq biz öz reallıqlarımızı yazmağa başladıq. Birdən-birə sanki gözümüz açıldı və biz gerçəkləri görməyə başladıq. Bu, təkcə mənim fikrim deyil, ədəbiyyatla məşğul olan hər kəs təsdiq edə bilər, həmin bu ən yeni ədəbiyyat prosesinin başlanması Aka Murçuladzenin adıyla bağlıdır. Aka bizə öz ağrılarımızdan yazmağı öyrətdi, orta əsrlərdən qalma ədəbiyyat anlayışı birdən-birə öz yürürlüyünü itirdi. Bizdə, pərakəndə yaradıcılıq cəhdləri deyil, öz məqsədləri olan, dəqiq bir ədəbi prosesin yaranmasında böyük rolu olan, 90-cı illərin sonu və 2000-ci illərin əvvəllərində çox sayda həftəlik və aylıq ədəbiyyat jurnallarının meydana çıxmasını da yəqin ki, qeyd etmək lazımdır. Eyni zamanda çoxlu ədəbiyyat mükafatları yarandı (bu mükafatların ən böyüyü “Saba” bu gün də verilir, bu mükafat TBC bankı tərəfindən təsis edilib, habelə “Qala” dövlət mükafatı və İ.Çavçavadze adına universitetin təsis etdiyi mükafatlar da prestijli sayılır) və bütün bunlar prosesin sürətlənməsinə səbəb oldu. Bu mükafatlar yazıçıların şöhrət qazanmasıyla bərabər, onların yaşaması üçün çox faydalı oldu. – Siz bugünkü ədəbi prosesi necə qiymətləndirirsiniz, o, yüksəlişdədir, yoxsa tənəzzüldə? – Mən ədəbi prosesin yüksəlişdə olduğunu görürəm. Çox sayda romanlar yazılmağa başlayıb. Gürcü Oxucular yenidən kitaba qayıdıb. Ümumiyyətlə isə roman sülh dövrünün janrıdır. İndi müharibələr arxada qalıb, bu gün biz ard-arda yeni romanların yazıldığını görürük. Məsələn, gənc yazıçı Dato Turaşvilinin “Cins nəsil” romanı 10 min tirajla dərc olunub, 5 dilə, o cümlədən Türk dilinə tərcümə olunub. Belə nümunələr çoxdur. Prosesin canlanmasında ən önəmli işi tərcüməçilər yerinə yetirib. İndi bizdə çox yaxşı tərcüməçilər yetişib, onlar çox gözəl tərcümə edirlər, ən maraqlı əsərləri gürcü dilinə qazandırırlar… İndi mən qürurla deyə bilərəm ki, bizdə yeni nəsildən olan ən azı 10 müəllif var ki, Oxucular onların nə yazacağını səbirsizliklə gözləyirlər. – Ədəbi tənqid bu templə ayaqlaşa bilirmi, sizcə? – Məsələ burasındadır ki, nə ədəbi tənqid, nə də akademik ədəbiyyatşünaslıq bu templə ayaqlaşa bilir. Ədəbi tənqid, belə demək olarsa, cıra-cıra (so skripom) inkişaf edir, ədəbi proseslə heç cür ayaqlaşa bilmir. Ən uzağı, 5 tənqidçinin adını çəkmək olar ki, onlar professional şəkildə öz vəzifələrini yerinə yetirirlər. Ölkə ədəbiyyatında hansı prosesin getdiyi haqqında onların rəyinə əsaslanmaq olar. Təəssüf ki, ədəbi tənqid məktəbi bizdə sönməyə başlayıb. Yəqin ki, zaman göstərəcək, bu janr yaşamağa qabildir, yoxsa yox. – Gürcü ədəbiyyatını Avropa ədəbiyyatı hesab etmək olarmı? – Maraqlıdır ki, müasir gürcü nəsri tamamilə avropasayağıdır və onun Avropaya inteqrasiyası sayəsində biz böyük məsafələr qət etmişik. Təsadüfi deyil, lap bu yaxınlarda gənc gürcü yazıçılarından biri (35 yaş) Laşa Baqadze Avropanın önəmli bir ədəbiyyat yarışmasının qalibi olub (BBC radiosunun hekayə yarışmasında Laşanın “Naviqatorla söhbət” hekayəsi qalib olub. Bu hekayədə bir kişinin arabasında olan qadın səsli naviqatora aşiq olmasından bəhs olunur. Laşa Baqadzenin mükafat almasına isə arvadı səbəb olub. Yunan əsilli gənc xanım ərini bu hekayəni yazmağa həvəsləndirib, “sən mütləq bu yarışmaya qatılmalısan deyib”. Sofiya universitetdə müasir yunan dilindən dərs deyir ). Ancaq qəribədir ki, gürcü poeziyası haqqında bunu demək olmaz. O, tamamən şərq ruhunda və üslubundadır. Hətta şəhərdə yaşayan şairlər belə şərq üslubunda yazırlar. Çağdaş gürcü şeirindən tamamilə Şərq qoxusu gəlir… Ancaq ən qəribəsi budur ki, bu günün gürcü ədəbiyyatını yaradan gənc nasirlər və şairlər, nə qədər qərbli və ya şərqli olsalar da, ən yaxın qonşuları olan Azərbaycan və erməni yazıçıları haqqında çox az məlumata sahibdirlər. Bu ölkələrdə yaşayan yaşıd olduqları 2 yazıçının belə adını çəkə bilməzlər. Bu, çox pis haldır. – Anna, siz müasir rus ədəbiyyatını izləyirsinizmi? – Əlimdən gəldiyi qədər bunu etməyə çalışıram. Məsələ burasındadır ki, əvvəllər mən tez-tez Moskvaya gedərdim və qayıdanda özümlə gücüm çatdığı ağırlıqda kitab gətirərdim. İndi isə belə imkanlar yoxdur. Əslində, indi internet üzərindən bunu etmək mümkündür. Ancaq açıq söyləmək lazımdır ki, biz indi rus ədəbiyyatından qidalanmırıq. Mən Baltikyanı ölkələrin ədəbiyyatından bir çox nümunələri alman dilində oxumuşam və yaxınlarda bir macar qadın yazarın romanını oxudum. Hesab edirəm ki, postsovet ölkələrin ədəbiyyatı bizə görə çox qiymətli və doğmadır… Əsərlər çoxdur, bu bir az da bəxtinin gətirməsinə bağlıdır, əlinə düşəndə oxuyursan, düşməyəndə oxumursan. Bu məsələdə yol göstərənlərdən, tənqidçilərdən və ədəbiyyat mütəxəssislərindən çox şey asılıdır, nəyi oxumaq lazım olduğunu onlar bizə göstərməlidir. – Necə bilirsiz, siyasətçilər yazıçılara qulaq asmalıdırlarmı? – Məncə yox. Kim deyib ki, çox kitab oxumaq və ya yazmaq ağıllı olmaq deməkdir. Yazıçı onu ağrıdan şeylərdən yazmalıdır və bu ağrılar siyasət sferasına aid olmaya da bilər və ya milli ağrılar olmaya da bilər. Yazıçının boynuna belə bir öhdəlik qoymaq düzgün deyil. – Sizcə yazıçı ədəbiyyatətrafı məsələlərlə məşğul olmalıdırmı? – Həm hə, həm də yox. Məncə ədəbiyyatətrafı məsələlərlə başqaları məşğul olmalıdır.

Rasim Qaraca

“Xural” qəzeti,

il 9, sayı: 041 (449), 24 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button