Gürcüstan fəallarının hədələndiyi anonim zənglər kampaniyası 

Jurnalistləri və siyasi fəalları hədəf alan gizli zənglərin arxasında kimlərin olduğu bəlli deyil

Həftələrlə davam edən mübahisə və etirazlardan sonra Gürcüstan parlamenti prezidentin vetosunu ləğv etdi və mayın 29-u ölkəni Avropa İttifaqından uzaqlaşdıran “Xarici təsirin şəffaflığı haqqında” mübahisəli qanun qəbul edildi.

Hakim “Gürcü Arzusu” Partiyası parlamentdə və küçədə üzləşdiyi güclü müqavimətə baxmayaraq, buna nail oldu. Proses parlamentarilər arasında yumruq davası, təhlükəsizlik əməkdaşlarının müxalif millət vəkillərinin otağa daxil olmasına maneə yaratmaq, sürətli şəkildə səsvermənin keçirilməsi və rəqibləri susdurma kampaniyaları ilə müşayiət edildi.

Baş verənlər qanunun qəbulu zamanı jurnalistlərə və vətəndaş cəmiyyəti nümayəndələrinə qarşı təzyiq kampaniyası ilə də yadda qaldı. Onlar yaşadıqları məhəllələrin divarlarında altında “xarici agent” və ya “xain” yazıları olan plakatlarla rastlaşdılar və saysız hədələyici telefon zəngləri aldılar.

Təxminən 2 həftə əvvəl sıravi vətəndaş Edo Cavaxidze naməlum nömrədən gələn zəngə cavab verəndə Gürcüstanın yeni “xarici agent” qanununa göstərdiyi müqavimətə görə hədsiz təhqir və təhdidlərə məruz qalıb. O və onunla həmfikir gürcülər qanunun ölkəni Rusiyaya bənzər avtokratiyaya çevirəcəyinə inanırlar.

Aramsız vulqar ifadələr istifadə edən qəzəbli bir şəxs Cavaxidzenin vəfat etmiş atasının adını çəkərək, onu belə bir oğul böyütdüyünə görə söyəndən və bir neçə qohumunun adını hallandırandan sonra Cavaxidze əmin olub ki, zəng edənin sadəcə dövlət qurumunun malik ola biləcəyi şəxsi məlumatlara çıxışı var.

Başqa bir detal isə zəng edən şəxsin Edonun sənəddə yazılan adından, Eldardan istifadə etməsidir. Edo deyir ki, illərdir heç kim onu ​​belə adlandırmır, onu tanıyan hər kəs ona Edo deyir.

Müxalif “Vahid Milli Hərəkatın Vətəndaş İnteqrasiyası” Partiyasının katibi bu zənglərin arxasında hökumətin dayandığı qənaətindədir.

Gürcüstanın Daxili İşlər Nazirliyi araşdırmaçı jurnalistlərin şərh sorğusuna ənənəvi olaraq cavab verməyib.

Cavaxidze qanuna qarşı çıxanları və qanunun qəbulundan sonra baş verən etirazları susdurmaq məqsədi daşıyan belə tükürpərdici zənglər alan onlarla etirazçı, fəal və jurnalistdən yalnız biridir.

Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsinin (OCCRP) əməkdaşları qurbanların telefonlarındakı zəng siyahılarından nömrələri toplayıblar və hədə-qorxu kampaniyasının arxasında kimin olduğunu yoxlamaq üçün geri zənglər ediblər. Onlar Gürcüstana, Ukraynaya, Azərbaycana, Türkiyəyə, hətta Sinqapura zənglər etməyə nail olublar.

Müxbirlər əksərən “təyin olunmamış nömrə” cavabı alıblar. Cavab verən çaşqın vətəndaşlar isə jurnalistlərin nə danışdıqlarını bilmədiklərini deyərək dəstəyi asıblar.

“Mən bu nömrəni iki gün əvvəl almışam… Yox, mənim belə şeylərlə işim yoxdur. Mən heç vaxt evdən çölə çıxmayan adamam”, – deyə bir azərbaycanlı qadın titrək səslə “OCCRP”yə bildirib.

Zəng edənin şəxsiyyətinin saxtalaşdırılması

Dövlət qurumu olan Fərdi Məlumatların Mühafizəsi Xidməti bir neçə gün əvvəl üç gürcü operatoru ilə yerində yoxlama apardıqdan sonra hədə-qorxu ehtiva edən telefon zəngləri ilə bağlı işin prokurorluğa təhvil verdiyini açıqlayıb.

Agentlik telekommunikasiya şirkətlərinin bu zənglərə heç bir nəzarəti olmadığını bildirərək, “Zəng edənlərin kimliyinin saxta olduğunun aşkar edildiyini” deyib. Agentlik zənglərin “təhdidedici və təhqiredici, vətəndaşları qorxutmağa yönəlik olması” əsası ilə  araşdırmanın prokurorluğa təhvil verildiyini söyləyib.

Zəng edənin öz şəxsiyyətini ört-basdır etmə prosesi qarşı tərəfin ekranında göstərilən məlumatlarını qəsdən saxtalaşdırmasıdır. Telefon zəng çalanda ekranda zəng edənin həqiqətən istifadə etdiyi nömrədən tamamilə fərqli nömrə göstərilir. Bu, “Google Play” mağazasında pulsuz olaraq mövcud olan saxtalaşdırma proqramları sayəsində edilə bilər.

Sonra Azərbaycandan edildiyi görünən zənglər peyda olmağa başlayıb. Çoxunda ölkə kodundan sonra “005”, “004” və ya “006” rəqəmləri olan bu “Bakcell” mobil operatoruna aid olduğu görünən nömrələrə jurnalistlər geri zəng etdikdə isə avtomat cavablayıcı zəngin qəbul olunmadığını bildirib.

Digər nömrələrin isə məsələ barədə heç bir məlumatı olmayan və təəccüblənən orta statistik azərbaycanlılara aid olduğu ortaya çıxıb. Onların hamısı Azərbaycanın korporativ telekommunikasiya xidməti olan “Bakcell” operatorundan istifadə edib.

“Bakcell” “OCCRP” əməkdaşlarına bildirib ki, o, gürcü operatorları ilə birlikdə araşdırma aparıb və həmçinin zənglərin onların nəzarəti olmayan “CLI Spoofing” adlı “fırıldaqçılıq metodu” vasitəsilə ilə edildiyini aşkar edib.

Azərbaycandan olan 84 yaşlı Kapitolina Sergeyevnanın nömrəsindən mayın 11-də gürcü fəal Nina Tuquşiyə “zəng daxil olub”.

“And içirəm ki, bu, mən deyildim”, -Sergeyeva belə deyib və gürcü dilində danışan bir qadından qəribə zənglər aldığını bildirib. “Başa düşmədiyimi dedim, sonra telefonu qapatdı. Fərqli nömrələrdən zəng etdilər… Bir nəfər mənə dedi ki, məndən zəng gəlib, amma dedim ki, bu mümkün deyil”, – o, “OCCRP”-yə belə deyib.

“Xarici agentlər”

Zənglər aprel ayında Gürcüstan parlamentində ilk dinləmədən keçərkən ölkəni sarsıdan mübahisəli “Xarici agentlər haqqında” qanuna qarşı kütləvi etirazlardan sonra başlayıb.

Parlament onu qəbul etdikdən sonra layihəyə prezident veto qoyub, lakin mayın 29-da həmin veto parlament tərəfindən ləğv edilib.

Qanun qüvvəyə minəndə xaricdən maliyyə alan qeyri-hökumət təşkilatları və müstəqil KİV-lərin “xarici güclərin maraqlarını təmsil edən” şəxslər və təşkilatlar kimi qeydiyyatdan keçməsi tələb ediləcək və bu, onları hökumətin nəzarətinə götürəcək. Analoji qanun Rusiyada vətəndaş cəmiyyətini aradan qaldırmaq üçün istifadə olundu.

Parlamentdəki proseslər və küçələrdə kütləvi etirazlar fonunda insanların telefonlarına dayanmadan anonim zənglər gəlməyə davam edirdi.

“İlk zənglər Ukraynadan, sonra Sinqapurdan gəldi. Səhv etmirəmsə, Azərbaycan nömrələri də var idi; qalanları gürcü nömrələri idi”, – özəl universitetlərdən birinin müəllimi Davit Braqvadze “OCCRP”-yə belə bildirib.

Elə həmin gün axşam Davitin həyat yoldaşı da eyni tipli zənglər almağa, təhqir edilməyə başlayıb. Daha sonra isə onun anasına zəng edilib.

Digər etiraz iştirakçısı Salome Çxaidze də “OCCRP”yə bildirib ki, ona Azərbaycandan zəng edilməsi qəribədir, çünki zəng edən şəxs gürcü dilində danışıb, lakin Salome, geri zəng edən kimi operator rus dilində danışıb, sonra isə zəng kəsilib.

Edo Cavaxidze bu təhdid kampaniyasını terror adlandırıb: 

“Bu zəng edənlərdə mənim ailə üzvlərimin telefon nömrələrinin olması o deməkdir ki, onlarda mənim haqqımda bütün məlumatlar var və hökumət bu məlumatları bölüşərək təhdid zənglərini dəstəkləyib”.

Zənglərdə rəsmi qurumların izi varmı?

Bəzi gürcü fəallar Azərbaycan hökumət strukturları ilə Gürcüstan hökumətinin əlbir olaraq bu zəngləri həyata keçirdiyi qənaətindədirlər. Onlar iddia edirlər ki, bu qədər zənglərin eyni tarixlərdə edilməsi ancaq bir mərkəzdən idarə oluna bilər və o şəxslərə fəallar, jurnalistlər barədə, onların yaxınları haqqında açıq olmayan məlumatların verilməsi ancaq güc strukturlarının işi ola bilər.

Bəs Azərbaycan hüquq-mühafizə orqanları bu haqda araşdırma aparıbmı, kimlərsə cəzalanıbmı? Məsələ ilə əlaqədar Azərbaycanın Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev bildirib ki, DİN-in Mətbuat Xidmətində bu barədə məlumat yoxdur.

Tbilisidəki Azərbaycan səfirliyindən isə sorğumuza səfirliyin nümayəndəsi Cavid Məhərrəmov bildirib ki, Azərbaycan hökuməti heç bir halda bu tip təxribatlarla məşğul olmayıb və olmayacaq: “Azərbaycan Gürcüstandakı hökuməti dəstəkləyir, bu, öz yerində. Amma Azərbaycan Gürcüstanı normal metodlarla dəstəkləyir, bu tip metodlarla yox. Bir zənglə kimi qorxutmaq olar?”

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button