Gürcüstan parlamenti qalmaqallı qanunu qəbul etdi

Gürcüstan parlamenti tənqidçilərin Rusiyanın “xarici agentlər” barədə repressiv qanununun analoqu adlandırdıqları “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini üçüncü və sonuncu oxunuşda qəbul edib.

Sənədin lehinə 150 deputatdan 84-ü – qanun layihəsinin təşəbbüskarı olan “Gürcü arzusu”nun nümayəndələri və onların müttəfiqləri səs verib. 30 deputat əleyhinə səs verib. Qərardan əvvəl gedən müzakirə zamanı deputatlar dalaşıblar, əlbəyaxa davaya keçiblər.

Gürcüstan prezidenti Salome Zurabişvili bundan əvvəl qanun layihəsi parlamentdə qəbul olunacağı təqdirdə ona veto qoyacağını vəd edib. Bununla belə, “Gürcü arzusu” prezidentin vetosunu aşmaq üçün kifayət qədər səsə malikdir. Bundan sonra da prezident qanunu imzalamazsa, onu parlamentin sədri imzalaya bilər və dərc olunar.

Qanun imzalanarsa, təşkilatlar və vətəndaş qrupları maliyyələrinin 20 faizindən çoxunu xaricdən alırlarsa, “xarici agent” kimi qeydiyyatdan keçmələri tələb ediləcək. Layihənin təşəbbüskarları bildirirlər ki, bu qanun Gürcüstanı etiraz aksiyalarının, radikal partiyaların və təbliğat mediasının xaricdən maliyyələşdirilməsindən qorumaq üçün lazımdır. Qanunun pozulması ağır cərimə ilə nəticələnəcək. Müəlliflər bildirirlər ki, onlar Rusiyanın deyil, Amerika qanunvericiliyinin normalarını götürüblər.

Müxalifət, xüsusən də həbsdə olan Mixeil Saakaşvilinin Vahid Milli Hərəkatının tərəfdarları hesab edirlər ki, bu sənəd vətəndaş cəmiyyətinə qarşı repressiyaları qanuniləşdirəcək, Gürcüstanın Qərbdən üz döndərməsinə və “Rusiyanın zəbtinə” gətirib çıxaracaq.

Dekabrda Gürcüstana Avropa blokuna namizəd ölkə statusu verən Avropa İttifaqı (Aİ) bu qanunun qəbulunun onun dəyərlərinə uyğun olmadığını və həmin ölkənin bu assosiasiyaya üzvlüyünü təhlükə altına atacağını bildirib.

On minlərlə Gürcüstan vətəndaşı da qanun layihəsinin əleyhinədir. Artıq bir aydan çoxdur ki, onlar ölkənin müxtəlif şəhərlərində Gürcüstan, Aİ bayraqları və “Rusiya qanunu”nu qəbul etməmək tələbi ilə küçələrə çıxırlar. Etirazlarda polislə toqquşma olub. Polis güc tətbiq edib və, onun ifadəsi ilə, “ictimai asayişi pozan” etirazçıları saxlayıb. Ölkədə “xarici agentlər” qanun layihəsinə qarşı tələbə tətili də keçirilir.

Keçən il kütləvi etirazlardan sonra Gürcüstan parlamenti “Gürcü arzusu”nun səsvermədən keçirməyə çalışdığı “xarici agentlər” haqqında qanun layihəsini rədd etmişdi. Bu il hakim partiyanın parlament fraksiyasının lideri Mamuka Mdinaradze qanun layihəsinin heç bir halda geri götürülməyəcəyini bəyan etmiş və onun yaz sessiyasının sonuna qədər qəbul olunacağına əminliyini bildirmişdi. Qanun layihəsini dəstəkləmək üçün Tbilisidə “Gürcü Arzusu” liderlərinin təşkil etdiyi mitinq də keçirilib.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button