Gürcüstan parlamentinin sədri mübahisəli qanun layihəsini imzalayıb

Yayımlandı: 3 İyun 2024 12:16

“Emosiyalar səngidi, müxalifətin etirazına qoşulan vətəndaşların çoxu gördü ki…”

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili “xarici təsirin şəffaflığı haqqında” olan qanun layihəsini imzalayıb.

Bununla da Gürcüstanda aylardır etirazlara səbəb olan, mübahisəli qanun layihəsi qüvvəyə minib.

Ötən ay qəbul edilmiş qanuna Gürcüstanın Prezidenti Salome Zurabişvili veto qoymuşdu. Parlament vetonu ləğv edib, imzalaması üçün Prezidentə geri göndərmişdi, lakin Prezident qanunu təsdiqləməkdən imtina etmişdi.

Gürcüstan Konstitusiyasına görə, veto qanunvericilər tərəfindən ləğv edildikdən sonra Prezident qanunu təsdiqləməkdən imtina edərsə, onu elan etmək parlament sədrinin üzərinə düşür.

Kremlin müxalifəti sıxışdırmaq və demokratik müxalifəti boğmaq üçün istifadə etdiyi oxşar Rusiya qanunu əsasında hazırlandığı bildirilən və tənqid edilən qanuna əsasən, maliyyələrinin 20 faizindən çoxunu xaricdən alan QHT-lər xarici təsir agentləri kimi qeydiyyatdan keçməlidirlər.

Emosiyalar səngidi və radikal müxalifətin etirazına qoşulan vətəndaşların çoxu gördü ki, əslində şəffaflıq qanunu qeyri-hökumət təşkilatlarının və onları maliyyələşdirənlərin məsuliyyətini və hesabatlılığını artıracaq, siyasi sistemi təkmilləşdirəcək, dezinformasiyanı zəiflədəcək, radikalizmi və qütbləşməni azaldacaq”, – Papuaşvili parlamentdə keçirdiyi brifinqdə bu addımı elan edərkən bildirib.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button