Gürcüstanda itkin düşmüş rusiyalı fəal Sverdlovskda təcridxanadadır

Oktyabrın ortasında Gürcüstanda itkin düşmüş rusiyalı fəal Rafail Şepelev Rusiyanın Uraldakı Sverdlovsk vilayətində, Nijni Taqil təcridxanasındadır. “Birinci şöbə” insan haqları təşkilatı fəal barəsində həbs-qətimkan tədbiri seçildiyini bildirir.

“Artpodqotovka” hərəkatının fəalı Şepelevə terrorçuluq ittihamı irəli sürülüb. “Birinci şöbə” bu haqda Telegram kanalında yazıb.

Rusiya sol-qanad millətçi “Artpodqotovka” təşkilatını 2017-ci ildə ekstremist qrup elan edib, Rusiya ərazisində fəaliyyətini yasaqlayıb.

İnsan haqları fəalları deyirlər ki, 2021-ci ildən Gürcüstanda yaşayan Şepelev Rusiyaya qayıtmağı planlamırdı, onu Rusiyanın təhlükəsizlik qüvvələri Tbilisidən çıxmaq üçün dilə tutublar.

“Onlar onu dilə tutub Tbilisidən Tsxinvaliyə (Rusiyanın dəstəklədiyi separatçı Cənubi Osetiya) apararaq orada saxlayıblar, oradan Vladiqafqaza apararaq inzibati həbs veriblər. Bu müddətdə ona cinayət ittihamı irəli sürülüb, Nijni Taqil təcridxanasına salınıb”, – “Birinci şöbə” bildirib.

Şepelevin sənədləri, o cümlədən pasportu Gürcüstanda qalıb.

Onun Tbilisidə oktyabrın 12-də itkin düşməsi xəbəri yayılıb. Dostu İrina Ruçko Mediazona-ya deyib ki, o, evdən iş dalınca çıxıb, əlavə heç nə deməyib.

Şepelev itkin düşəndən bir gün sonra ona qarşı Rusiyanın Vladiqafqaz şəhərində inzibati iş açılıb. Əvvəlcə xırda xuliqanlıq ittihamı ilə 15 sutkalıq həbsə məhkum edilib. Sonradan ittiham terrorçu təşkilatın fəaliyyətində iştiraka dəyişdirilib. Buna görə 10 ildən 20 ilədək həbs nəzərdə tutulub. Fəala qarşı terrorçuluğu əsaslandırma ittihamı üzrə 5 ildən 7 ilədək həbs cəzası kəsilə bilər.

Oktyabrda başqa bir rusiyalı fəal – Lev Skoryakin Qırğızıstanda itkin düşüb, daha sonra onun Moskvada təcridxanada olduğu üzə çıxıb.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button