Gürcüstanda seçki demokratiyası

Yayımlandı: 28 Oktyabr 2024 16:49

Zərdüşt Əlizadə

Nəticə bəllidir, gürcü əhalisi çox sadə seçim qarşısında qoyulub

Seçki demokratiyasının fəzilətindən ağızdolusu danışanlar müasir tariximizdə və hətta mütərəqqi Qərbin tarixində həmin bu seçki demokratiyasının törətdiyi fəsadların istibdad fəsadlarından əsla az olmadığını etiraf etməlidirlər. Əlbəttə, əgər insaf deyilən məfhum varsa.

Ən mükəmməl və şəffaf seçki yolu ilə əhalinin ali mənsəbə yüksəltdiyi dövlət başçılarının necə asanlıqla, hiylə və məkrlə qanunları pozduqlarının və həm öz, onları seçmiş xalqlarına və digər qonşu və ya uzaq xalqlara necə böyük bəlalar gətirdiklərinin şahidi olmuşuq. Ən acınacaqlısı isə odur ki, onların biri belə bəd əməllərinin məsuliyyətini daşımamışdır, sanki seçki demokratiyasının mövcudluğu cəzasız cinayət üçün icazə sənədidir.

Seçkilər arası müddətdə siyasi rəqibləri pulla, yasaqlarla, həbs bə təqiblə bihal edən sırtıq müstəbidlərdən danışmaq əbəsdir. Onlar bihal edilmiş siyasi rəqiblərini seçkiyə 1-2 ay qalmış seçkiyə dəvət edir və zəlil günə düşmüş rəqib üzərində təbii qələbəsini xalqın iradəsi kimi təqdim edirlər.

Foto: Meydan TV

Söhbət qanunların qismən işlədiyi ölkələrdən gedir. Belə ölkələrdə də hakimiyyət şirin və əziz vəzifələrini itirməmək naminə müxtəlif tarixi dövrlərdə və məkanlarda sınaqdan çıxmış siyasi fəndlərdən istifadə edirlər. Bu zaman heç kim deyə bilməz ki, bu fəndlər demokratiyaya ziddir, zira demokratiya hamıya eyni dərəcədə imkan yaratdığı üçün dələduzların da bu imkandan bəhrələnmək hüququ vardır. Həyat sübut edir ki, eyni şərtlər daxilində siyasi mübarizə aparıldıqda, dələduzlar vicdanlı insanlara asan qalib gəlirlər, zira bu mübarizə əsnasında şərəfli insanın özünə rəva bilmədiyi əclaflığıı onlar asanlıqla özlərinə rəva bilirlər.

Gürcüstan seçkilərini geniş şərh etməyə ehtiyac yoxdur. Bu hadisədə daha nəyin təsiri sezilmir? 2012-ci ildə avam kütlənin Bidzina İvanişvilinin milyardlarına tamarzı düşməsi də, Mişa Saakaşvilinin hakimiyyəti zamanı sadə vətəndaşlarla qanunun icazə vermədiyi sərt davranış da, büt kimi sitayiş edilən Qərbin siyasi oyunbazlığı da, Rusiyanın hədsiz məkrlə tətbiq etdiyi iqtisadi təzyiqin fəsadları da, gürcü müxalifət liderlərinin utanc gətirən siyasi çəkişmələri də…

Nəticə bəllidir, gürcü əhalisi çox sadə seçim qarşısında qoyulub: ya daha zəngin və varlı Avropa, ya da şimaldan ölkəyə qorxunc kölgə salan Rusiya. Bu seçimin çalarları var, Avropaya meyl həm də Gürcüstanın suverenliyinin bir hissəsinin Qərbə güzəşt edilməsi, LGBT qarşısında ağ bayraq qaldırılması, ənənəvi gürcü həyat tərzinin sürətlə təftişi və aşınması, Rusiya ilə iki əsr mövcud olmuş əlaqələrin məhdudlaşdırılması tələb olunur. Rusiyaya meyl isə gürcü xalqının indiyə kimi adət etdiyi və sürdüyü rahat həyat tərzinin, yəni düşüncəsiz, sədəqəyə və dələduzluğa köklənmiş tüfeyli yaşamın davamı deməkdir.

Gürcü xalqının yaradıcı və üsyankar azlığı bu tilsimli dairəni qırıb yarmaq, vətənləri üçün daha şərəfli bir yol seçmək naminə mübarizə aparır. Bu yol keçmişlə vidalaşmağı, ilk növbədə Rusiyanın siyasi qəliblərinin təsirindən qurtulmağı tələb edir. Eyni zamanda Qərbin iyrəndirici ifrat standartlarından da imtina bu mübarizənin hədəflərindən biridir. Dünya xalqlarını zorla Avropa qəlibinə salmaq, bu qəlibə yerləşməyən milli xüsusiyyətləri düşünmədən kəsib tullamaq Qərbin ən böyük qüsurlarından biridir. Bu zaman “hər gözəlin bir eybi olar” məsəli işə yaramır, Avropanın, daha doğrusu, avropalı dar düşüncəli məmurların və alimlərin xoşuna gəlməyən milli xüsusiyyətlərin kəsilib tullanması əksər hallarda süni “sivilizasiyaların toqquşması” kimi təqdim edilir. Avropanın bu bayağı və zorakı mədəniləşdirmə əməliyyatına tamaşa edən sıravi vətəndaş çar-naçar gedib “Gürcü Arzusu” partiyasına səs verir.

Yox əgər, möcüzə baş versə və gürcü müxalifətinin sıralarında tələb olunan sayda satqın tapılmasa, onda iş qalır “ölüb-öldürməy”, yəni küçə toqquşmalarına. Bu zaman da iki qətiyyətin toqquşması baş verəcək: İvanişvilinin öz hakimiyyətini qoruması naminə vətəndaşları öldürmək əzmi və müxalifətçilərin hakimiyyəti ələ keçirmək arzusu naminə həyatlarını fəda etmək hazırlığı.

İndi seçim gürcü müxalifətinindir. Parlamentin səlahiyyətli sayılması üçün onun tərkibində azı 100 deputat olmalıdır. Hakim partiya 90, müxalifət 61 yer qazanıb. Bidzina İvanişvili özünü xalqa yaxın müxalifət adlandıran dəstədən azı 10 nəfəri satın alıb parlamenti qanuna cavab verəsi şəkilə sala biləcəkmi?

Çox qəribə vəziyyət yaranıb: hansı 10 deputat seçilmiş insan xalqın gözü qarşısında şərəfsiz və satqın olduğunu etiraf və elan etməyə razı olacaq?

Əgər belələri tapılsa, təbii ki, onlar öz şərəfsiz seçimlərini gürcü xalqının həyati maraqlarını təmin etmək istəyi ilə izah edəcəklər. Bu mövqe əsla orijinal sayılmamalıdır, bütün dünyanın tarixi boyu, o cümlədən qonşu Azərbaycanın müxalifət tarixində də belə hoqqabazlıqlar olub və cəzasız ötüşüb. Gürcüstanda da belə ola bilər.

Yox əgər, möcüzə baş versə və gürcü müxalifətinin sıralarında tələb olunan sayda satqın tapılmasa, onda iş qalır “ölüb-öldürməy”, yəni küçə toqquşmalarına. Bu zaman da iki qətiyyətin toqquşması baş verəcək: İvanişvilinin öz hakimiyyətini qoruması naminə vətəndaşları öldürmək əzmi və müxalifətçilərin hakimiyyəti ələ keçirmək arzusu naminə həyatlarını fəda etmək hazırlığı.

Geridə qalmış, oturuşmuş demokratik ənənələri və institutları olmayan ölkələrin hamısında demokratiyaya keçid dövründə belə sarsıntılar yaşanır. Uzağa getməyək, noyabrın 5-ni gözləyək. Görün ABŞ-də seçkidən sonra nə həngamə qopacaq!

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button