Güzgüqıranlar

İdrak Abbasov

Əslində, haqsız yerə zindana atılan dostum, səmimi insan, qəzetinin qapısını hər kəsin üzünə açıq saxlayan Əvəz Zeynallı, onun saxta bir ittihamla uzun müddətli cəzaya məhkum edilməsi barədə yazmaq qərarına gəlmişdim. Bu amansız qərar barədə dünən çox adam danışdı, bu gün və sabah da danışılacaq. Artıq çoxdan adı beynəlxalq hesabatlarda olan Zeynallı haqqında xeyli bəyanat və hökumətin ünvanına xoş olmayan sözlər də səslənəcək. 
Bir ildən artıq davam edən bu məhkəmə “şousunda” mən də dəfələrlə iştirak etdim və Əvəzə belə ağır cəzanın veriləcəyini gözləyirdim. İndi də əminliklə söyləyə bilərəm ki, onu hakimiyyət uzun müddət həbsdə də saxlayacaq. Düzdür, kimlərsə öndə Avropa Məhkəməsini, dünyaya hətta inqilablar və müharibələrlə demokratiya ixrac edən ABŞ-ı, ATƏT-i, hətta “dişsiz” Avropa Şurasını və daha hansı dairələri də gözə soxmağa çalışacaqlar. Amma polis ATƏT-in Novxanıdakı tədbirinə basqın edirsə, Avropa Şurasının ştatlı əməkdaşı İlqar Məmmədovu “x” ittihamla həbs edirlərsə, hakimiyyət mirzələri vasitəsilə MDİ-a çox ciddi ittiham səsləndirirlərsə vəziyyəti analiz etmək elə də çətinlik yaratmır. Hakimiyyətin qərarı qətidir! Hakimiyyət hər şeyi düz etdiyini” düşünür, əks fikirlilər isə onlara düşməndir. Öz düşmənlərini də ölkənin düşmənləri kimi təqdim edirlər.
Düzdür, ölkənin hər yerində sosial-iqtisadi problemlər var, əsasən məhəlli xarakter daşısa da etirazlar olur. Müxalifətin məhəlli münaqişələrdən ilhamlanaraq hakimiyyət dəyişikliyinə gedən yolun metr-metr yaxınlaşdığını düşünür. Amma ötən bazar Fəvvarələr Meydanında bir neçə yüz əli yalın gənci, şəhid əsgərlərin valideynlərini qovmaq üçün meydana “Səs topu” belə çıxaran, heç bir xəbərdarlıq etmədən hüquq müdafiəçiləri, jurnalistləri rezin güllə, su şırnağı və gözyaşardıcı qazın qabağına verən hakimiyyət özünü çox təhlükəli aparır. Hakimiyyət artıq gənclərin analoji mitinqini bir dəfə görmüşdü və bu gənclər heç yeri yandırmadan, kimsəni öldürmədən sözlərini deyib dağılışmışdılar. Bəs bu dəfə nə dəyişdi? Dəyişən, hakimiyyətin “əks fikirlilərə” qarşı amansız olacağını nümayişindən başqa bir şey deyil.
Saysız-hesabsız KİV-lər, internet mediası, bütün telekanallar hakimiyyətin nəzarəti altında olsa da, insanlarımızın əksəriyyəti qəzet oxuya bilməsə də (xüsusilə yaşlı və orta nəslin latın qrafikası ilə yazı-pozu belə bacarmır, oxumağı bilənlərin də əksəriyyəti gündəlik qəzet almaq imkanına malik deyillər – müəllif.) narazılıqlar var və insanlar bir qədər gec olsa da ölkədə və dünyada baş verənlərdən xəbər tutur.
Xüsusilə, gənclərin informasiya mübadiləsi üçün öz meydanları var – “facebook”. Amma neçə gündür ki, “Facebook” davası gedir. Bir gün əvvəl iqtidarın deputatı Fəzail Ağamalı sosial şəbəkələrin məhdudlaşdırılmasından danışdı, dünən də daxili işlər naziri Ramil Usubov “facebook”dan aksiyalara çağırışları pisləyən bəyanat verdi. Sabah sosial şəbəkələrə girişi ölkədə yasaq etsələr burada təəccüblü bir məsələ qalmayacaq. Belə getsə “Facebook” da həbs ediləcək, “youtube” haqqında həbs-qətimkan tədbiri seçiləcək və s. Hərçənd ki, Azərbaycan bir kimsəsiz ada deyil, müasir dünyanın bir hissədir və bu baxımdan sosial şəbəkələrin qadağası asan olmayacaq. Amma nəzərə almaq lazımdır ki, hakimiyyət indiyə qədər heç bir ölkənin bacarmadığı çoxsaylı “cəsarətli” addımları atıb. İstəsə sosial şəbəkələr nədir, hətta interneti də bağlayar!
Amma bu çıxış yolu olmayacaq. Yeni-yeni texnologiyalar olacaq və xalq həqiqətləri onsuz da biləcək, axı ölkəmiz kosmosa peyk də çıxarıb və hansı zəmanədə yaşadığımızı yuxarılar daha yaxşı bilir. Bu səbəbdən də, güzgüləri sındırmaq lazım deyil, çünki kimsənin gül camalına tamaşa etməsi üçün bir vedrəyə su tökməsi də yetərli olan zəmanədə yaşayırıq. Su iləə mübarizə qəliz məsələdir. Su həyat mənbəyi olsa da daşı da deşə bilir, qaya parçalarını, iri kötükləri də qabağına qatıb apara bilir.

“Bizim Yol” qəzeti

13.03.2013

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button