Həbs və təqiblər hakimiyyətin narahatlığının siqnalıdır

Nəsimi Məmmədli

Ölkədə vətəndaş hüquqlarının açıq-aşkar və intensiv şəkildə pozulduğu dövrü yaşamaqdayıq. Bu barədə ictimai rəydə özünə yer edən bütün müstəqil fikirlər və arqumentlər əsasən üst-üstə düşür. Səbəb nədir? Niyə hökumət ölkəni fəlakətə sürükləyən problemlərin həllinə deyil, onu dilə gətirənlərə qarşı səfərbər olub və kəskin mövqe sərgiləyir? Doğrudanmı hökumətin siyasi arqumentləri artıq tükənib və yalnız zor aparatını hərəkətə gətirməklə ölkəni idarə etməyi düşünür? Əlbəttə ki, bu istiqamətdə çoxsaylı sualların olması mövcud durumun yaratdığı apolitik mühitdən qaynaqlanır.

Görünür, hökumət yenidən rəqiblərinin üzərinə dövlətin gücünü yeritməklə bütün ölkəboyu gərginlik və qorxu yaratmaqla bir neçə gizli siyasi məqsədinə çatmaq arzusundadır. Getdikcə ağırlaşan sosial-iqtisadi böhranın qarşısını almağı bacarmayan iqtidar, idarəetmənin yalnız zor üzərindən davam etməsi alternativsizliyinə sığınmağa məcbur olub. Əhalinin sürətlə artan narazılığı, komandadaxili tarazlığın pozulması, Qarabağla bağlı milli maraqlara zidd olan sülh təşəbbüsləri, Türkiyədən, Rusiyadan və qərbdən gələn müxtəlif səpkili təzyiqlər hakimiyyətdə dərin narahatlıq yaradıb və onu isterik addımlara sürükləyir.

Təəssüf ki, hələ də hökumətdə təşkilatlanmış müxalifəti əzməklə, toplumu hüquqsuz idarə etməklə hakimiyyətin təhlükəsiz və uzunömürlü olacağını düşünənlər var. Sovet totalitar düşüncə tərzini mənimsəmiş səlahiyyət sahibləri nə çağdaş dünya siyasətinin öncəliklərini qəbul edir, nə də insan hüquq və azadlıqlarına söykənən idarəetmənin üstünlüklərini dərk edir. Müasir idarəetmə metodlarını inkar edən bütün antidemokratik rejimlərin təcrübəsində analoji addımlar təkrarlanır.

Ölkəmizin ən yaxın siyasi tarixinə nəzər salsaq görərik ki, repressiyalarla müxalifəti fəaliyyətindən çəkindirmək qətiyyən mümkün olmayıb. Hər bir təqsirsiz həbs olunan fəalın yeri görünsə də, müxalif siyasətə yeni-yeni narazı gənclər axışıb. Elə son həbslərin tərkibinə nəzər salmaqla da görərik ki, bu gənclərin çoxu məhz bundan öncəki hay-küylü həbslərin dalğasında müxalifətin sıralarına qoşulublar. Uzun illərdir davam edən repressiv siyasət uğurlu olsaydı, onda gərək müxalif düşərgədə bir nəfər də olsun gənc olmayaydı. Halbuki bu gün müxalifətin ən prinsipial liderlərinin və təşkilatlarının arxasında minlərlə yeni gənc var. Müəyyən səbəblərdən özünü tam göstərə bilməyən, lakin müxalifətə rəğbət bəsləyən gənclərin sayı isə görünənlərdən bir neçə dəfə çoxdur və günü-gündən artmaqdadır.

Dünya dövlətlərinin son 50 illik siyasi tarixlərini incələyəndə də görünür ki, mübarizəyə və ya siyasətə şüurlu şəkildə atılan insanları onsuz da həbslə, təzyiqlə hədəfindən çəkindirmək mümkün olmayıb. Ölkəmizdə də müxalifət qorxu mərhələsini çoxdan keçib və bu metodla onu hədəfdən yayındırmaq mümkün olmayacaq. İndi həbs olunan gənclərin çoxu məhz repressiyaların şiddətli dövründə siyasi prosesə qoşulublar. Elə indi də hər həbs olunan müxalifətçinin yerinə 5-6 nəfər yeni gənc qoşulur. Nə qədər qəribə səslənsə də son həbs və təzyiq dalğasında müxalifət daha çox ümidli, hakimiyyət isə daha çox çarəsiz və isterik görünür. Sanki iqtidar ölkə daxilində köməksiz durumda olan hər kəsə güc göstərməklə üzdə görünməyən hansısa ciddi zəifliyini ört-basdır etməyə çalışır.

Ardı-arası kəsilməyən repressiyalar, dərinləşməkdə olan sosial böhran, korrupsiya və rüşvətxorluq, idarəetmənin qeyri-müəyyən xarakteri təəssüf ki, cəmiyyəti təşkilatlanmış və dağınıq olan bir neçə hissəyə bölüb. Bu isə özlüyündə yaxın perspektivdə hakimiyyətin ənənəvi qaydada davam etməsinə nəzəri olaraq xidmət etsə də, mövcud problemlərin həllini daha da çətinləşdirən, hətta mümkünsüz edən amilə çevrilib. İqtidarı güclü, qüdrətli və məğlubedilməz göstərən bütün davranışlar əslində, çox ciddi zəifliyin və tərəddüdlərin təzahürüdür. Bu hal gələcəkdə cəmiyyət üçün daha böyük təhlükələrin xəbərçisidir.

Daha öncə qeyd etdiyimiz kimi, hakimiyyətin özəl siyasi məqsədləri ilə yanaşı, qlobal əndişələri də repressiv davranışlarında əsas rol oynayır. Əhalinin sürətlə artan narazılığını, komandadaxili sabitliyi qorxu yaradaraq önləmək ilk məqsəddir. Konstitusiyaya zidd olaraq referenduma çıxarılan əlavə və dəyişikliklərə qarşı ciddi kütləvi etiraz aksiyalarını boğmaq da əsas qayğılardandır. Qarabağla bağlı milli maraqlarımıza zidd olan sülh təkliflərinə görə yarana biləcək müqaviməti bəri başdan yox etmək, habelə Türkiyədən, Rusiyadan və qərbdən gələn müxtəlif səpkili təzyiqləri isə daxildə müəyyən addımlarla neytrallaşdırmaq istəyi var.

Təsadüfi deyil ki, iqtidar yenə də ən çox çəkindiyi qüvvəni xüsusilə ciddi hədəfə alıb. Etirazları ölkə daxilində təşkil edə bilən və xarici əlaqələri yüksək səviyyədə olan təşkilatlar əsas hədəfdədir. Ən mütəşəkkil və cəsarətli qüvvəni əzməklə bütövlükdə toplumu sükunətə qərq edəcəyini güman edən iqtidar nəhayət, qəbul etməlidir ki, müxalif təbəqə onsuz da bu repressiyalardan çəkinmir. Nə tanınmış iqtisadçı ekspert, REAL hərəkatının rəhbərlərindən olan Natiq Cəfərlinin həbsi, nə də AXCP üzvlərinə qarşı davam edən total həbs dalğası cəmiyyəti sükunətə atacaq. İctimaiyyətə tamamilə aydındır ki, AXCP sədrinin köməkçisi, “Azadlıq” qəzetinin yayım direktoru Faiq Əmirliyə qarşı irəli sürülən ittiham və digər AXCP üzvləri olan fəal gənclərdən Fuad Əhmədli, Məsud Rzalı, Qədim Bəkirov, Vasif Fətiyev habelə, NİDA hərəkatının üzvü Elgiz Qəhrəman məhz siyasi fəaliyyətlərinə görə həbs və təqiblə üz-üzədirlər.

Mövcud durumun dəqiq analizini apardıqda aydın olur ki, hökumətin müxalifətə qarşı bu siyasəti də uğursuz olacaq. Çünki hakimiyyətdən qorxan təbəqə onsuz da uzun illərdir meydana çıxmır, qorxu və tərəddüdlə baş verənləri kənardan seyr edir. Amma bu seyirçi mövqe onların heç bir problemini həll etməməklə yanaşı, son vaxtlar güzaranlarını daha da ağırlaşdırır. Toplumun xarakterini bilən hər kəsə aydındır ki, ümumiyyətlə fürsət gözləyən və qorxusundan səsini çıxarmayan insanların müxalif siyasi proseslərə fəal qoşulmaması heç də müxalifətin fəaliyyətindən asılı deyil. Bunun bir sıra dəyişkən sosial və psixoloji səbəbləri var. Odur ki, bu repressiyalar müxalif siyasət müstəvisinə fərqli dəyişiklik gətirməyəcək. Ola bilsin ki, iqtidar komandasının və tərəfdarlarının daxilində müvəqqəti sabitlik üçün mövsümi bir təsir görüntüsü yaratsın. Amma unutmayaq ki, cəmiyyət böyük böhrana hələ indi yaxınlaşır və onun səbəbkarı isə müxalifət deyil. Əminliklə qeyd edirəm ki, hökumət polis gücü ilə bu prosesi qətiyyən ağrısız idarə edə bilməyəcək. Hətta deyərdim ki, bu siyasət ölkədə gərginliyi daha da artıracaq və ictimai-siyasi fəallığı yüksəldəcək.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button