Həbsdə olan “AbzasMedia” əməkdaşlarına qoyulan telefon və görüş qadağası götürülüb

Yayımlandı: 20 Fevral 2024 12:30

Jurnalistlər ailə üzvləri ilə telefonla danışıb

“AbzasMedia” ilə bağlı cinayət işi üzrə həbs olunan jurnalistlərin ailə üzvlərilə telefon danışığı və görüşlərinə qoyulan qadağa aradan qaldırılıb. Bu barədə həmin jurnalistlərdən biri – Nərgiz Absalamovanın vəkili Şəhla Hümbətova məlumat verib.

Vəkil bildirib ki, telefon danışığı və görüş qadağasının ləğvi haqda onu da “AbzasMedia” işinin istintaqını aparan müstəntiq məlumatlandırıb.

Üç aydır ki, davam edən qadağa istintaqın qərarıyla qoyulmuşdu. Jurnalistlər isə görüş və telefon danışığı hüquqlarının məhdudlaşdırılmasına görə məhkəməyə şikayət vermişdi.

Şəhla Hümbətovanın sözlərinə görə, onun müvəkkilinin bu şikayətilə bağlı ölkə daxilində həm birinci instansiya, həm də apelyasiya məhkəməsini keçiblər. Yerli məhkəmələr şikayəti təmin etmədiyinə görə Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəklər:

Foto: sosial şəbəkə

Düzdür, indi bu qadağa aradan qaldırılıb. Lakin indiyə qədər onların bu hüququ heç bir qanuni əsas olmadan pozulub”.

Həbsdə olan jurnalistlər artıq ailə üzvlərilə əlaqə saxlayıblar. “AbzasMedia”nın baş redaktoru Sevinc Vaqifqızının (Abbasova) anası Ofeliya Məhərrəmova Meydan TV-yə bildirib ki, qızı fevralın 19-da onunla əlaqə saxlayıb:

“Sevinc həbs olunandan ilk dəfə idi ki, onunla danışırdıq. Dedi ki, “yaxşıyam, narahat olmayın”. Dünən (fevralın 19-da) vəkili Fariz Namazlı da onunla görüşüb”.

Ofeliya Məhərrəmova bu həftə istintaq təcridxanasında Sevinc Vaqifqızı ilə görüşəcəklərini də əlavə edib.

Ofelya Məhərrəmova. Foto: screenshot

Digər jurnalist Elnarə Qasımova da fevralın 19-da yaxınlarıyla əlaqə saxlayıb.

Korrupsiya araşdırmalarıyla tanınan “AbzasMedia” işi üzrə həbslər noyabrın 20-dən başlayıb. Öncə saytın direktoru Ülvi Həsənli, direktor müavini Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı həbs edilib. Daha sonra həbslər araşdırmaçı jurnalist Hafiz Babalı, Nərgiz Absalamova və Elnarə Qasımova ilə davam edib. Onlar da Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham olunur.

Bu maddənin sanksiyasında 5 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Noyabrın 20-də Ülvi Həsənli saxlandıqdan sonra “AbzasMedia”nın ofisində axtarış aparılıb. Saytın ofisindən 40 min avro pul tapıldığı iddia olunub.

Ülvi Həsənli isə orada pul olmadığını, 40 min avronun ofisə onu tapdığını iddia edənlərin özləri tərəfindən qoyulduğunu bildirib.

Adları çəkilən jurnalistlərin heç biri özünü təqsirli bilmir, “AbzasMedia”da Prezidentin ailə üzvləri də daxil olmaqla, bir sıra vəzifəli şəxslərin biznesi, korrupsiya ilə bağlı araşdırmalara görə cəzalandırıldıqlarını bildiriblər.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button