Həbsdə olan AXCP fəalının intihara cəhd etdiyi bildirilir

Yayımlandı: 23 İyun 2024 14:29

Elnur Həsənov aclıq aksiyası keçirirdi

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan fəalı Elnur Həsənovun intihara cəhd etdiyi bildirilir.

Bu barədə Meydan TV-yə AXCP-dən verilən məlumata görə, Elnur Həsənov pəncərə şüşəsi ilə damarlarını kəsib. Hadisə iyunun 21-də Kürdəxanıda yerləşən Bakı İstintaq Təcridxanasının sanitar-tibb hissəsində baş verib.

Elnur Həsənovu narkotiklə şərləyiblər. Heç bir cinayət törətmədiyi halda, 7 aydır həbsdə saxlanılır. Üstəlik, şəhid qardaşıdır. Bundan əvvəl dəfələrlə şərləyib, inzibati qaydada həbs eləmişdilər. Qanunsuz həbs eləməklə də kifayətlənmirlər. Keçən dəfə məhkəmədən sonra konvoylar üstünə tökülüşüb döyüblər. Ötən məhkəmə iclasında bunu hakimlərin nəzərinə çatdırıb, heç əhəmiyyət verməyiblər. İnsan həyatına qarşı belə laqeyd münasibət olarmı? Bir adama nə qədər zülm eləmək olar?! O da bütün bunlara etiraz olaraq, əvvəl aclıq aksiyası keçirib, indi də intihara əl atıb”, – AXCP-dən belə deyilib.

Partiyanın məlumatına görə, Elnur Həsənov təcridxanada iyunun 14-dən aclıq aksiyasına başlayıb.

Elnur Həsənovun özünə qəsd etdiyini onun vəkili Nemət Kərimli də təsdiqləyib. Vəkil Meydan TV-yə bildirib ki, intihara cəhd hadisəsi iyunun 21-də səhər saatlarında baş verib.

“Mən dünən (iyunun 21-də) günorta saatlarında istintaq təcridxanasında onunla görüşdüm. Dərhal tibbi yardım göstəriblər, tikişlər qoyublar. Bu hadisə ilə bağlı həyatına təhlükə sovuşub. Amma ümumi durumu yaxşı deyil. Ayın 14-dən quru aclıq edirdi. Vəziyyəti pis idi. Dünən 4 saata yaxın onunla danışıqlar apardım. Mənim, partiya yoldaşlarının təkidlərindən sonra aclığı dayandırmağa razılaşdı. Hazırda da təcridxananın sanitar-tibb hissəsində müalicə olunur”, – vəkil Nemət Kərimli bildirib.

Elnur Həsənov 2023-cü il noyabrın 28-dən həbsdədir. O, saxlanılarkən cibindən 5,372 qram narkotik tapıldığı iddia olunur. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə ittiham irəli sürülüb. Bu maddənin sanksiyasında 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası var.

Elnur Həsənov özünü qətiyyən təqsirli bilmədiyini, narkotikin ona aidiyyəti olmadığını deyib. Onun sözlərinə görə, cibinə narkotiki polislərin özləri atıb. Hesab edir ki, həbsi AXCP üzvü olması, sosial mediadakı paylaşımları, tənqidi fikirlərilə bağlıdır.

AXCP fəalının tutulmamışdan az öncə “Facebook” hesabında polislərin fəaliyyətini tənqid edən paylaşımı olub. O, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general Ramiz Zeynalovun fotosuyla paylaşımında yol polislərini tənqid edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidməti isə bu iddiaların əsassız olduğunu, onun konkret fakt əsasında saxlandığını bəyan edib.

Elnur Həsənovun qardaşı 2020-ci ildə 44 günlük müharibədə şəhid olub, atası da 90-cı illərin əvvəlində Qarabağ döyüşlərində sağlamlığını itirib.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button