Həbsdə olan ictimai fəal ona 'pencək qadağası' qoyulduğunu deyir

İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri, 4 aydan çoxdur həbsdə olan Afiyəddin Məmmədovun məhkəməsi başlanıb.

İctimai fəal deyir ki, məhkəmə önünə çıxarkən, pencək geyinmək istəsə də, buna imkan verilməyib. Onun sözlərinə görə, Penitensiar Xidmətin əməkdaşları buna hakimin icazə vermədiyini söyləyiblər.

A.Məmmədovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. İctimai fəala Cinayət Məcəlləsinin 126.2.4 (xuliqanlıq niyyətilə qəsdən bədənə ağır xəsarət yetirmə) və 221.3-cü (silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddələrilə ittiham verilib.

Yanvarın 23-də məhkəmənin hazırlıq iclasında A.Məmmədov deyib ki, nə kimisə bıçaqlayıb, nə də xuliqanlıq edib. İctimai fəaliyyətinə görə şərlənib həbs olunduğunu vurğulayan A.Məmmədov məhkəmə prosesini izləməyə gələn jurnalistlər və digər şəxslərin buraxılmamasına da etirazını dilə gətirib. Onun etirazından sonra media və ictimaiyyət nümayəndələri məhkəmə zalına buraxılıb.

A.Məmmədovun vəkili Zibeydə Sadıqova müvəkkilinin əllərinin arxadan qandallanmasına etiraz edib. Təqsirləndirilən şəxsə belə davranışın yolverilməz olduğunu deyən vəkil buna yol verənlərin cəzalandırılmasını istəyib.

Vəkilin daha bir vəsatəti A.Məmmədovun ev dustaqlığına buraxılması haqda olub. Müdafiəçinin sözlərinə görə, istintaq dövründə onu ev dustaqlığına buraxmaqdan imtina edən məhkəmələr belə əsaslandırırdı ki, azadlıqda qalsa, istintaqın gedişini əngəlləyə bilər.

“Artıq istintaq yekunlaşıb, göstərilən əsaslar aradan qalxıb. Yaşayış yeri məlumdur. Məhkəmədən yayınmaq niyyəti yoxdur. Xahiş edirik, Afiyəddin Məmmədov ev dustaqlığına buraxılsın”, – müdafiəçi vəsatətini belə əsaslandırıb.

Hakimlər bu vəsatəti təmin etməyiblər.

Jurnalistlərin məhkəmədə videoçəkiliş aparmasına dair A.Məmmədovla vəkilinin daha bir istəyinə də məhkəmə “yox” deyib.

A.Məmmədovun əllərinin arxadan qandallanması, onun məhkəməyə pencəklə gəlməsinə icazə verilməməsi barədə vəsatətlərsə baxılmamış saxlanılıb.

Avqustun 1-də İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyası və Kuryer Birliyi Həmkarlar İttifaqı etiraz aksiyası keçirib. Onlar kuryerliklə məşğul şəxslərin mopedlərinin kütləvi şəkildə cərimə meydançasına aparılmasına etiraz ediblər.

Elə həmin gün Konfederasiyanın sədri Afiyəddin Məmmədova polisə müqavimət və xırda xuliqanlıq ittihamıyla 30 sutka inzibati həbs cəzası verilib. O, inzibati həbsdən buraxılandan az sonra – sentyabrın 20-də yenidən saxlanıb. Bu dəfə onun haqqında cinayət işi başlanıb.

Avqustda A.Məmmədovla yanaşı, İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının daha iki üzvü – Elvin Mustafayev və Ayxan Mustafayev də (aralarında bir neçə gün fərqlə) narkotik ittihamıyla həbs ediliblər. Bakı Ağır Cinayətlər Məhkəməsində onların da mühakiməsi davam edir.

Adları çəkilən ictimai fəalların hamısı ittihamların saxta olduğunu, işçi hüquqlarını müdafiə etdiklərinə, ölkədəki özbaşınalıqlara etirazlarına görə şərləndiklərini deyirlər.

Daxili İşlər Nazirliyi ictimai fəalların şərlənməsi, polis idarələrində təzyiqlərə məruz qalması barədə iddiaları yalanlayır. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, həbs olunanlar konkret faktlar əsasında saxlanılıblar və onların dedikləri özünümüdafiə məqsədi daşıyır.

Hökumət rəsmiləri də ölkədə heç kimin ictimai-siyasi fəaliyyətinə görə təqib olunmadığını iddia edir.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button