Həbsdəki sabiq icra başçısının cəzası azaldıldı

Yayımlandı: 28 İyun 2024 14:31

Mahir Quliyev məhkəmədə deyib ki, özünü təqsirli bilmir

2006-2020-ci illərdə əvvəl 5 il Astaranın, daha sonra Biləsuvarın icra başçısı vəzifəsində çalışmış Mahir Quliyev haqqında hökm dəyişib.

İyunun 28-də Ali Məhkəmədə hakim Teyyib Muxtarovun sədrliyilə çıxarılan hökmə əsasən, onun cəzası 11 ildən 8 il 3 aya endirilib.

Mahir Quliyev 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının Biləsuvar Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat nəticəsində həbs olunub. 2022-ci ilin martında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmüylə ona 11 il azadlıqdan məhrumetmə cəzası verilmişdi. Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311 (rüşvət alma) və digər maddələrilə təqsirli bilinib.

Ali Məhkəmə də onu eyni ittihamlarla təqsirli bilib, lakin cəzasını azaldıb.

Mahir Quliyev məhkəmədə ifadəsində bildirib ki, ittihamları qəbul etmir. O, Biləsuvar Rayon İcra Hakimiyyətindəki özbaşınalığa görə özünü günahkar saysa da, dövlət vəsaitini mənimsəməsi, rüşvət alması ilə bağlı ittihamlarla razılaşmır.

Onun vəkilləri məhkəmədə Mahir Quliyevin səhhətindəki problemlərə də diqqət çəkiblər.

Mahir Quliyev haqqında hökmə əsasən, Bakıda onun ailə üzvlərinə məxsus iki mənzil, həmçinin “Audi” markalı avtomobil müsadirə olunub.

Sabiq icra başçısına qarşı ittihamlardan biri də DOST Mərkəzində işçi kimi qeydiyyatdan keçən şəxslərin maaşlarının mənimsənilməsilə bağlı idi. DOST Mərkəzi də ayrıca zərərçəkmiş qismində tanınmış və ona qarşı 121 min manatlıq mülki iddia qaldırmışdı. Məhkəmə həmin mülki iddianı da təmin edərək, Mahir Quliyevin üzərinə bu vəsaiti ödəmək öhdəliyi qoyub.

Bugünlərdə Ali Məhkəmə həbsdə olan daha bir sabiq icra başçısı – İmişli rayonuna rəhbərlik etmiş Vilyam Hacıyevin də cəzasını azaldaraq, 12 ildən 8 il 6 aya endirmişdi.

Azərbaycanda 2019-2021-ci illərdə bir sıra rayonların icra başçıları həbs olundu. İlk həbs edilənlər Ağstafa rayonunun icra başçısı Nizaməddin Quliyev və Yevlaxın sabiq icra başçısı Qoca Səmədov olub. 2020-ci ilin ilin fevralında Neftçalanın, mayda isə Biləsuvarın və İmişlinin icra başçısı həbs edildi. Ardınca Kürdəmir, Cəlilabad, Şəmkir rayonlarında da eyni əməliyyatlar həyata keçirildi və icra başçıları həbs olundu.

Nizaməddin Quliyev həbsdə koronavirusa yoluxaraq, Qoca Səmədov isə həbsdən buraxılandan az sonra vəfat edib.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button