Həbsdəki Xalq Cəbhəsi üzvü ilə bağlı prokurorluğa şikayət verilib

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan üzvü Mehman Əliyevin 1 saylı Bakı İstintaq Təcridxanasında aclıq aksiyası keçirdiyi bildirilir. Onun həbsinə etiraz etdiyi deyilir.

O, iyunun 4-də ailə üzvləri ilə telefonla danışıb. Yaxınlarının bildirməsinə görə, M.Əliyev deyib ki, aksiyaya iyunun 1-də başlayıb.

Onun atası Aydın Əliyevin verdiyi məlumata görə, oğlu saxlanıldıqdan sonra polis bölməsində döyüldüyünü bildirib. Ata həmçinin ailə üzvlərinin M.Əliyev ilə görüşünə icazə verilmədiyini qeyd edib.

Müdafiə tərəfinin məsələ ilə bağlı prokurorluğa ərizə verdiyi də bildirilir. Amma şikayətə, hələlik, Baş Prokurorluqdan və Daxili İşlər Nazirliyindən (DİN) münasibət almaq mümkün olmayıb.

Penitensiar Xidmətdən isə “Turan”a bildiriblər ki, Əliyev İstintaq Təcridxanasının rəhbərliyini aclıq etdiyi haqqında rəsmi qaydada məlumatlandırmayıb, qohumları ilə görüşü isə müstəntiqdən asılı məsələdir.

M.Əliyev Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham olunur. Bu maddə ilə 5 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Atası oğlunun narkotiklər ilə hər-hansı əlaqəsinin olduğunu inkar edir. Onun sözlərinə görə, oğlunun həbsinin əsl səbəbi onun mayın 22-də Şirvanda qohumu Əli İsayev adlı şəxsin saxlanılması cəhdini videoya çəkməsi olub: “Oğlum bu hadisənin şahidi olub və çəkiliş aparmağa başlayıb, sonra isə videogörüntüləri yayıb. Buna görə də onu narkotik vasitələri yaymaqda ittiham ediblər”.

Mayın 24-də DİN Şirvan şəhərində iki şəxsin – Ə.İsayev və M.Əliyevin saxlandığını açıqlamışdı. Qurumun açıqlamasına görə, onların üzərində külli miqdarda heroin aşkar edilib və götürülüb.

İttihama digər saxlanan – Ə.İsayev və vəkilinin münasibəti isə bəlli deyil.

Hazırda AXCP-nin 10-a qədər fəali uzunmüddətli həbsdədir. Onlar müxtəlif ittihamlarla üzləşsələr də, partiya onların siyasi sifariş ilə həbs edildiyini açıqlayıb. Bəzi yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 250-300 siyasi məhbus var. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbus olması ilə bağlı deyilənləri qəbul etmirlər. Onlar vurğulayırlar ki, siyasi məhbus siyahısında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button