HƏBSLƏRLƏ İNSANLARI SUSDURMAQ OLMAZ!

Başda Eynulla Fətullayev və Ruslan Bəşirli olmaqla bütün siyasi məhbusları azad etmək lazımdır!

Bu il azad jurnalistlərin əksəriyyəti vurulacaq, sındırılacaq, siyasətçilər həbsə atılacaq…

«Xural»ın baş redaktoru Əvəz Zeynallı və Ümid Partiyasının iqtisadi məsələlər üzrə şöbə müdiri Razi Abasbəylinin Kanal 13 televiziyasının efirində canlı yayımda bir saat yarımlıq çıxışları olub. Müzakirənin mövzusu aktual olduğu üçün və Oxucularımızın da bu sahələrə marağını nəzərə alaraq canlı yayımı olduğu kimi nəzərinizə çatdırırıq.
Söhbəti aparıcı Aynurə İmranova aparır…

Əvvəli ötən saylarımızda

(Söhbət Nemət Pənahlının və İslam Partiyasının sədrinin həbsindən gedir…)
– Buraxılmasalar?
Əvəz Zeynallı:
– Azərbaycan hakimiyyətinin analitikləri – əgər varsa, düşünən beyinləri – əgər varsa, oturub düşünməlidirlər ki, həbslərlə, məhbəslərə salmaqla insanları susdurmaq olmaz. Çünki Azərbaycanda bu məhrumiyyətlərin içindən çıxan, gözü odlar görən elə bir nəsil yetişib ki, o nəsil artıq həbsə düşməkdən qorxmur. Siz bir insanı, tutalım, Nemət Pənahlını həbs edəcəksiniz, o da içəridən 100 tərəfdarla bayıra çıxacaq. Bunun başqa bir yolu da yoxdur. O baxımdan, bütün siyasi məhbusları, başda Eynulla Fətullayev, Ruslan Bəşirli olmaqla azad etmək lazımdır. İşin başqa bir tərəfi də var ki, biz 2011-ci ilin ağır olacağını proqnozlaşdırırdıq. Çünki 2011-ci ildə cəmiyyətin danışan dilləri, düşünən beyinləri, yazan qələmləri, etiraz edən təbəqələrinin hamısı zərərsizləşdiriləcək. Bu il münbit ildir. Niyə? Çünki 2012-ci ildən 2013-cü ilin qovğaları başlayacaq. İlham Əliyev prezident olsun, ya olmasın, Mehriban Əliyeva prezident olsun, ya olmasın? Beynəlxalq qurumlar ortaya qatılacaq, yerli təşkilatlar dövrəyə girəcək, ortaya böyük məbləğli qrantlar daxil olacaq. 2011-ci il ona görə münbit ildir ki, bu il həm kütləvi həbslər, həm də azad qəzetlərin bağlanılması gözlənilir. Ən müxtəlif bəhanələrlə… Yəni küçədə oturub çay içdiyiniz bir adam birdən qalxar və sizin üzünüzə dayanıb sizi həbs etdirə bilər. Azərbaycan əhalisinin bir çoxundan agent, satqın, işverən düzəldə biliblər. İnsanlar var ki, 100 manata dağdan ağır bir adamı satır.

Yanvar ayından başlayan bu prosesləri mən şəxsən təbii qarşılayıram. Qarşıda azad jurnalistlərin əksəriyyətinin vurulacağını, sındırılacağını, siyasətçilərin həbsə atılacaqlarını gözləyirəm. İlham Əliyevin, Mehriban Əliyevanın, oliqarxların, generalların əleyhinə danışan, yazan adamları həbs edəcəklər. Çünki ölkə 4-5 adamın əlindədədir. Ölkəni çox adam idarə etmir. Hamının qarşısına şərt qoyulur ki, 3-5 adama dəymə, nə istəyirsən yaz. Əslində, toxunulası da bu 3-5 adamdır, onlardan başqa kim var ki? Biz bir-birimizi o qədər tənqid edək ki, nə dəyişəcək? Əgər 2011-ci ilin ağırlığından çıxa bilsək, 2012-ci ildən siyasi hadisələr xəfifləməyə başlayacaq…

– Tofiq Tapdıq sual verir ki, «KİVDF-dən 5 kasıb jurnalist dəstək alırsa, nə üçün bağlansın?»
– Allah eləsin, Vüqar Səfərli Tofiq bəyə hər il, hər tranşda böyük dəstəklər eləsin, mən çox sevinərəm. Amma bu təfəkkürdən qurtulmalıyıq. Mən KİV DF-dən maliyyə dəstəyi alan «Yeni Müsavat» və «Azadlıq» qəzetlərinin baş redaktorlarına da dəfələrlə demişəm. Söhbət burada Əvəz Zeynallının və ya «Xural» qəzetinin pul alıb-almamasından getmir. Bizə pul versələr belə, bu fikirlərimizdən vaz keçməyəcəyik. Söhbət jurnalistikanı və qəzetləri pulla şirnikləndirib, yazmaq, tənqid etmək vərdişlərindən imtina etdirməkdən gedir. Jurnalistə ev verməlidir prezident? Niyə? O baxımdan, mən həmkarlarımın KİVDF-dən daha çox, daha yaxşı mükafatlandırılmalarını istəyirəm, amma yenə də öz fikirlərimdə qalıram ki, bu mətbu siyasətdə KİVDF olmamalıdır.

– Bir sualımız da var: «Şəxsən mən sizin kimi düşünmürəm, Əvəz bəy. Sizin Ramiz Mehdiyev haqqında dediyiniz o fikirlər səhvdir». Deyəsən, artıq tamaşaçılar bir-birliərinə cavab verməyə çalışırlar. Sizinlə razı olan və olmayanlar artıq özləri arasında bir diskussiya yaradıblar. Son sualımı vermək istəyirəm hər ikinizə… Bu gün Azərbaycanda müxalifət partiyaları, media əhli də bu çətinliklərlə, təzyiqlərlə üzləşməmək üçün, demokratik bir seçkiyə nail olmaq üçün nədən başlamalıdır?

– Rəhmətlik Karl Marksın qızının «Ata, dünyada ən gözəl şey nədir» sualına ünvanladığı bir cavab var: «Qızım, dünyada ən gözəl üç şey var – birincisi, mübarizə, ikincisi, mübarizə, üçüncüsü də mübarizə…» Yəni Azərbaycan cəmiyyətində indiki halda prinsiplərini qoruyaraq, yalan danışmayaraq, hakimiyyətin maddi nemətləri qarşılığında ana prinsiplərindən imtina eməyərək mübarizə aparmaqdan başqa yol yoxdur. Yəni açığı, mən nə beynəlxalq qurumlara, nə beynəlxalq fondlara, nə Dünya Birliyinə inanmıram. Bütün zamanlarda böyük şirkətlər hökumətlərin yanında bizim xalqımızı satıb. Bizim hakimiyyət böyük şirkətlərlə xalqımızın əleyhinə sövdələşmələr aparıb. Ona görə «SOCAR» Gürcüstanda öz millətimizin yaşadığı yerlərdə yüksək qiymətə benzin satır. Çünki həmin demokrat dediyimiz Saakaşvili sövdələşmə aparıb bunlarla, o da saxtakardır. Sadəcə, öz xalqını sevən saxtakardır. Sənin mənafeyini sənin öz prezidentin, sənin öz hakimiyyətin, sənin öz qardaşın satıbsa, sən başqalarından ümid gözləmə. Mən hər zaman özümüzə, öz əllərimizə, öz qollarımıza və öz beynimizə inanmışam və inanmışam ki, Azərbaycanda o möhtəşəm gənclik var və inanıram ki, o proses yetişir. 3 il tez, 5 il gec olsa da, mən inanıram ki, biz o prosesdən alnıaçıq, üzüağ çıxacağıq.

Razi Abasbəyli:
– Demokratiya əslində bir hadisə deyil, bir prosesdir, seçkilər isə bir prosedurdur. Yenə qeyd edirəm, 2010-cü ilin parlament seçkilərindən sonra Azərbaycan cəmiyyəti axtarışdadır. Cəmiyyət, «necə edək», «ümumiyyətlə, bu mübarizənin bir sonu olacaqmı» kimi suallara cavab axtarır. Mətbuatın bu qədər kəskin şəkildə sıradan çıxarılması, siyasi institutların darmadağın edilməsi, cəmiyyətin müqavimət qüvvələrinin kifayət qədər aşağı endirilməsi əslində hər bir vicdanlı azərbaycanlını narahat edir və hər kəs axtarışdadır. Əlbəttə ki, biz də Ümid Partiyası olaraq uzun müddətdir, partiyanın sədri İqbal Ağazadənin rəhbərliyi altında və onun təşəbbüsü ilə bu məsələni geniş müzakirə etmişik. «Vəziyyətdən necə çıxış yolları tapmaq olar?» məqamına bir daha toxunmaq istəyirəm. Son seçkilər göstərdi ki, insanlarımız hakimiyyətdən ciddi şəkildə narazıdır. Ölkədə çox ciddi narazılıqlar var, amma bu narazı elektorat seçkilərə qatılıb öz narazılığını ifadə etmir. İnsanlar onların fikirlərini ifadə edən namizədləri dəstəkləmirlər. Niyə? Çünki ənənəvi müxalifətin bir düşüncəsi var ki, onsuz da insanlar iqtidara yox, onlara səs verəcəklər. Amma bunun qarşılığında demokratik seçkilərin keçirilməsi, demokratik seçki yolu ilə hakimiyyət dəyişikliyinin mövcud olması modelini ortaya qoymur, bu barədə düşünmür. Hər bir müxalifət partiyası, hər bir kəs, «görəsən, hakimiyyət bu dəfə hansı partiyaya yer verəcək, o yerdən mənə də düşəcəkmi?» – deyə düşünür. O qədər cılız, aşağı yanaşma var ki, cəmiyyət artıq yeni çıxış yolları axtarmağa başlayır. Əvəz bəy bayaq doğru qeyd etdi. Təhsil strukturlarını bu qədər darmadağın edəndə, dövlətin və dövlətçiliyin hər zaman sevgiylə keşiyində olan, bu dövlətin özünü yaradan siyasi müxalifət bu qədər küncə sıxışdırılanda təbii ki, onlar da dini radikalizmə meyllənəcəkdilər. Hakimiyyət bunun fərqində olmalıdır. Düşünürəm ki, fərqindədir də… Biz Ümd Partiyası olaraq yaxın dövrlər üçün fəaliyyət proqramı hazırlamışıq – insanlarla işləmək niyyətindəyik. «Necə edək ki, insanlar bizim arxamızca gəlsinlər? Necə edək ki, insanlar öz fikirlərini sərbəst ifadə edə bilsinlər? Necə edək ki, seçkilər yolu ilə ölkədə demokratikləşməyə nail olaq?» Əlbəttə, biz bunları edəcəyik. Biz demirik ki, bunu tək edəcəyik? Biz bunu xalqa güvənərək, ondan dəstək alaraq edəcəyik. Biz – illərlə həyatını bu diktatura rejiminə qarşı mübarizədə sərf etmiş insanlar var ki, onlarla bunu etmək istəyirik. Çox arzulayırıq ki, o insanlar da bizim mütərəqqi ideyalarımıza dəstək olsunlar, yeni təkliflərlə çıxış etsinlər, cəmiyyət təşəbbüskar olsun.

Sözlərimi onunla yekunlaşdırmaq istəyirəm ki, demokratiya bir prosesdir, bu prosesin enişi də var, yoxuşu da… 90-cı illərin əvvəllərində Azərbaycanda sovet imperiyası böyük qırğınlar törədəndə hamı elə düşünürdü ki, artıq hər şeyin sonu çatıb və heç bir zaman insanlar yenidən bir yerə toplaşaraq fikirlərini mitinqlərdə ifadə edə bilməyəcəklər, Azərbaycan da müstəqil, demokratik dövlət olmayacaq. Cəmi bir neçə aydan sonra Azərbaycanda böyük bir dalğa başladı, heç kimin o zaman ağlına da gəlməzdi ki, belə bir dalğa yaranar və hakimiyyətin dəyişilməsini tələb edə bilər. Bu gün Azərbaycanda həmin proses hər an başlaya bilər. Hər an ölkədə hakimiyyət dəyişikliyi zərurəti ortaya çıxa bilər. Burada nə kütlənin, nə xalqın, nə də siyasi ünsürlərin rolu olmaya bilər. Bir şeyi də qeyd etmək istəyirəm. Bir neçə il əvvəl Ukraynadan qonaqlar gəlmişdi. Onlar demişdilər ki, Ukraynada inqilab edəndə 10 min çadırımız, hərəmizin maşınının arxasında avtomat silahlarımız var idi, hətta seçkilərdən sonra 37 milyon dollar vəsaitimiz qalmışdı. Haradan idi bu pul? Gürcüstanda milyonlarla dollar vəsait xərcləndi. 40-50 gün ərzində insanları meydanlara çıxardılar, güc nümayiş etdirdilər, hakimiyyət dəyişikliyi baş verdi. Əminəm ki, bu, Azərbaycanda da baş verəcək. Amma çox arzu edərdim ki, Azərbaycanda bu proses inqilab formasında olmasın, inqilablarla olmasın. Çünki biz dövlətimizi sevirik. Birinci növbədə bu prosesdən dövlətimiz əziyyət çəkəcək. Bunun vurduğu ziyanları, fəsadları uzun müddət aradan çıxarmaq olmur. Çox istərdik ki, Azərbaycan iqtidarı nəhayət ki, düşünsün. Ölkədə demokratik institutların qorunmasında maraqlı olsun. Prezidentin Milli Məclisin ilk iclasında söylədiyi nitqindən bir cümlə demək istəyirəm: «Artıq Azərbaycanda siyasi institutların formalaşdırılmasına başlamaq lazımdır…» Nə üçün dedi, hansı məqsəd üçün dedi? Hər halda dedi və mən də çox istərdim ki. Bu fikir söz olaraq qalmasın.

Ə.Zeynallı:
– Həmin parlamentin həmin ilk iclasında cənab prezident parlamentə ayaq basan kimi bütün millət vəkillərinin mikrofonları söndürülmüşdü. Ən azı, 10 millət vəkili olmuşdu ki, prezidentə müracəit etmək istəsin. Bizim gənc və perspektivli prezidentimiz özünün parlamentə təyin etdiyi millət vəkillərinə belə güvənməyərək onların mikrofonlarını söndürür. Ona görə də hesab edirəm ki, o illüzionist çıxışlara bel bağlamaq lazım deyil. Əsas özümüzə belə bağlamaq lazımdır.

Son

Hazırladı:
XuralTAC

“Xural” qəzeti
il: 9, sayı: 007(415), 6-12 mart 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button