Həbsxanada yaranan kitabın təqdimatı keçirildi-VİDEO

xedice-kitab-e1457888756984

“Biz hamımız ədalətin olmadığı ölkədə yaşayırıq”

Martın 13-də Vətəndaş Həmrəyliyi Partiyasının qərargahında jurnalist Xədicə İsmayılın tərcümə etdiyi kitabın təqdimatı keçirilib. Tədbirin təşkilatçısı NİDA vətəndaş hərəkatı idi.

Xədicə İsmayılın məhbəsdə tərcümə etdiyi “Çakaranda ağacının uşaqları” İranın məhşur Evin həbsxanasında 1983-cü ildə doğulmuş Səhər Dilicaninin əsəridir.

Təqdimat mərasiminə ölkədənin tanınmış ictimai-siyasi xadimləri və fəallar qatılmışdılar.

Kitabın redaktoru Elnur Astanbəyli tədbiri açaraq Xədicə İsmayılın həbsxanadan göndərdiyi məktubu oxuyub.

“Çox sağ olun ki, mənim seçimimi bəyənib, bu kitaba maraq göstərdiniz.

Bu kitabı ona görə seçdim ki, o, azad olmayan cəmiyyətlərdə insan faciələrinin nəsildən nəsilə keçdiyini göstərir. Ən önəmlisi, elə davalar var ki, gələcək nəsillərə ötürülməlidir!

Bir gün hər iki tərəfdə olanların uşaqları eyni problemlərin məngənəsində qala bilər. Evin həbsxanasından fərqli olaraq, başqa siyasi məhbuslarla ünsiyyətdən mərhumam. Həbsxanadakı insanların çoxu mənimlə eyni dəyərləri bölüşmürlər və ya heç vaxt o dəyərlər üçün mübarizədə olmayıblar.

Məni anlamaq onlar üçün çətindir. Amma bizi – cinayətkarları, oğrunu, jurnalisti, savadlı-savadsız, dəyərlərə hörmət edən və etməyən insanları bir şey birləşdirir: Biz hamımız ədalətin olmadığı ölkədə yaçayırıq.

Çətin olanı insanlara və gələcəyə inamı itirməməkdir.

İnsanlığı və sevgini unutmamağı hamınıza arzulayiram. Gələcək bu sevgini itirməyənlərindir.”, – deyə X.İsmayıl məktubunda qeyd edib.

Sonra tədbir iştirakçıları Xədicə İsmayılın tərcüməsi və ümumən fəaliyyəti barədə danışıblar.

Milli Şuranın sədri Cəmil Həsənli deyib ki, Xədicə İsmayıl hətta həbsdə olanda da Azərbaycan cəmiyyətini dəyərləndirən bir mübarizə, mənəviyyat adamıdır.“Müəllifi və tərcüməcini təbrik edirəm. Müəllifin ailəsi və bu əsərdə məhbus həyatı keçirənlər öz azadlıqlarına qovuşublar. Hərçənd Xədicə xanım həbsxanada da Azərbaycan cəmiyyətinin həbsdə olmayan hissəsindən daha azaddır, amma bununla belə biz onun həbs yerindən çıxmasını arzu edirik. O, özündə yaşaddığı azadlıq ruhu ilə həbsxanada da bir nümunə yaratdı, yaradıcılıqla məşgul oldu. Eşq olsun Xədicə xanıma.”

Milli Strateji Düçüncə Mərkəzinin sədri İsa Qəmbər tədbirin təşkilatçılarına təşəkkür edib və təqdimat mərasimini demokratik düşərgənin toparlanmasında önəmli addım sayıb. O, tərcümə haqqında deyib ki, “bu, zindanda olan bir azad insanın yaradıcılığının məhsuludur”.

AXCP sədri Əli Kərimli də tədbirin təşkilatçılarına, təqdimata gələnlərə, xüsusən də gənclərə kitaba dəyər verdiklərinə görə təşəkkürünü bildirib. Daha sonra o, kitabın müəllifi və tərçüməçisi barədə fikirlərini bölüşüb: “Müəllifin debütü olmasanına baxmayaraq, kitabın qısa zamanda 70-dən artıq ölkədə, 27 dildə çap olunması onun yaxşı bir əsər olması haqda müəyyən təsəvvür yaradır. Amma ən önəmlisi kitab olduqca real, faciəvi hadisələrin bədii təsvirinə həsr olunub. İnsanlıq üçün bütün zamanlarda belə kitablar maraqlı olmalıdır. Səhər xanımın kitaba yazdığı ön söz bizi bu kitaba daha da doğmalaşdırdı. Onun dilimiz haqqında öz döğma dili kimi bəhs etməsi bizi daha da sevindirdi.

Heç şübhəsiz, bugünkü tədbirin əsas qəhrəmanı Xədicə İsmayıldır. Bunu əminliklə deyirəm ki, Xədicə xanım zəmanəmizin bir fenomenidir. İlk növbədə Xədicə xanım öz cəsarətini heç kimin edə bilmədiyi bir dövrdə edib. O, İlham Əliyev və onun ailəsi barədə araşdırmalarını o zaman etdi ki, həmin vaxt faktiki olaraq bu barədə bir tabu mövcud idi. Bu mövzuda yazmaq qadağan edilmişdi. Hətta Xədicə xanıma edilən təhdid və şantajlar da onu bu yoldan çəkindirmədi.”

Əli Kərimli Xədicə xanımın məhbəsdə etdiyi şücaətlərə də toxunaraq, onun apellyasiya məhkəməsində nəzarətçilərin hər çür maneələrinə baxmayaraq istintaq təcridxanasında yetkinlik yaşına çatmayan məhbuslara qarşı edilən qanunsuzluqları jurnalistlərin diqqətinə çatdırmasını yada saldı.

Müsavat partiyasının başqanı Arif Hacılı çıxışında ölkədəki siyasi məhbusların çox olmasını, amma onların icərisində Xədicə xanım kimi cəmiyyətə örnək olanların bir nümunə yaratdığını vurğuladı.

ReAl hərəkatının icra katibi Natiq Cəfərli Xədicə xanımın həbsi ilə hakimiyyətin vətəndaş cəmiyyətində yaratmaq istədiyi qorxunun baş tutmadığını bildirib. “Hakimiyyət elə düşünürdü ki, belə həbslərlə jurnalistika zəifləyəcək, sivil toplum sıradan çıxacaq. Lakin Xədicə öz yaradıcılığı ilə bunların əksinin olduğunu sübut etdi”, – deyə o qeyd edib.

Tanınmış jurnalist Şahvələd Çobanoğlu da çıxışında təqdimatı keçirilən kitabın sıradan bir əsər olmadığını vurğulayıb, həm əsərin məzmunun mübarizədən bəhs etməsi, həm də müəlliflərin həmin mübarizənin iştirakçısı olmasından danışıb.

Jurnalist Zamin Hacı, Sivil Toplum Platformasının üzvü Akif Qurbanov, Milli Şura Koordinasiya Mərkəzinin üzvü İbrahim İbrahimli, jurnalist Aytən Fərhadova, vəkil Fariz Namazlı, keçmiş vicdan məhbusu Bəşir Süleymanlı da tədbirdə öz fikirlərini bölüşüblər.

Təqdimatının sonunda tərcümə olunan kitabın satışı keçirilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button