Həcc ziyarəti biznesi

Səudiyyə Ərəbistanı Azərbaycanın kvotasını niyə azaldıb?

 Məkkə ziyarəti üçün Səudiyyə Ərəbistanının Həcc Nazirliyi tərəfindən Azərbaycana kvotanın azaldılması heç də ziyarət edənlərin azlığı ilə bağlı deyil.

Bu məlumatı XuralTAC-a uzun müddət Qafqaz Müsəlmanları İdarəsi ilə çalışan bir şəxs verib. Onun bildirdiyinə görə, əvvəllər Azərbaycana Həcc ziyarəti üçün 7-8 min yer ayrılırdısa da, sonradan bu rəqəm 2 minə endirildi: «Səbəb isə odur ki, Azərbaycan qonşu İran, Gürcüstan və Dağıstan müsəlmanlarına öz yerlərini satırdı. İranda həccə getmək baha olduğu üçün, İrandakı soydaşlarımız daha çox Azərbaycandan istifadə etməklə Məkkə ziyarətinə yollanırdılar və bu fakt bəzi maxinasiyalara yol açırdı. Belə ki, Qafqaz Müsəlmanları İdarəsi mövcud qiymətdən 1000-2000 bahasına qonşu ölkə vətəndaşlarına həcc ziyarəti təklif edirdi və bu qiymətlə də həvəslə onlar razılaşırdılar. Ancaq Səudiyyə Ərəbistanının müvafiq qurumu bundan xəbər tutandan sonra Azərbaycana ayırdığı kvotanı azaltdı».

Mənbənin sözlərinə görə, Həcc ziyarətindən həm də ticarət kimi istifadə edənlər zəvvarları öz yaxınlarına məxsus avtobuslarla yola salırdılar: «Zəvvarları daha çox Əli Evsene məxsus «Star LTD»nin avtobusları daşıyırdı. Əli Evsenin Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə ilə qohumluğunu vurğulamağa isə ehtiyac yoxdur».

Məlumatı dəqiqləşdirmək üçün öncə Qafqaz Müsəlmanları İdarəsinin saytlarına müraciət etdik. Həm «qafqazislam.com», həm də «din.az» saytlarında bu barədə heç bir məlumat göstərilməmişdi. Diqqətimizi isə yalnız «din.az» saytında yerləşdirilən SAB şirkətinə məxsus «halal» ət məhsullarının reklamları çəkdi. Xatırladaq ki, SAB şirkəti «halallıq» sertifikatını Qafqaz Müsəlmanları İdarəsindən alıb.

Dini ekspert Elşad Miri dedi ki, Səudiyyə Ərəbistanının Həcc Nazirliyi hər bir müsəlman ölkəsinə əhalinin sayına uyğun kvota ayırır: «Müsəlman dövlətlərinin hər birinə kvota bir milyon nəfərə min zəvvar kvotası ilə müəyyənləşir. Bu prinsiplə Azərbaycana 9 min yer ayrılmalıdır. Ancaq bildiyim qədərincə, bir neçə ildir ki, ölkəmizə 2 min kvota müəyyənləşdirilib».

Səbəbinin zəvvarların azlığı ilə izah eildiyini söyləyən E.Mirinin sözlərinə görə, kvotanın artırılması problem deyil: «Yəqin ki, zəvvarların sayı çoxalacağı təqdirdə kvota da artırılacaq, çünki bizə hələ əlavə 7 min yer də verilə bilər».

Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidməti telefon zənglərimizə cavab verməsə də, məsələyə rəsmi münasibət öyrənə bildik. QMİ-də çalışan həmkarımız Etibar Cəbrayıloğlu bildirdi ki, artıq bir neçə ildir Azərbaycana ayrılan kvota 2 minlə məhdudlaşır: «Əlbəttə ki, zəvvarların sayına görə bu kvota müəyyənləşib. Ancaq bildiyimə görə, Azərbaycana heç vaxt 7-8 min zəvvar yeri ayrılmayıb».

 XuralTAC

 “Xural” qəzeti,

il 9, sayı: 060 (470), 15 oktyabr 2011

  

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button