Həmməruzəçilər Azərbaycandan “ümid”lə qayıtdılar

02.02. 2012 

AŞPA həmməruzəçiləri Bakıda mətbuat konfransı keçiriblər

Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Agramunt və Cozef Debono Qrex səfərin yekunlarına həsr olunmuş mətbuat konfransı keçiriblər.

Həmməruzəçilər bütün tərəflərlə görüşdüklərini, 2 apreldə həbs olunanların tezliklə azadlığa buraxılacağına ümid etdiklərini deyiblər : “Biz müzakirələrdə 2 apreldə həbs olunmuş 16 nəfərin məsələsini qaldırdıq. Ümid edirik ki, onlar azadlığa buraxılacaqlar”.

Onların sözlərinə görə, Azərbaycan hökuməti öhdəliklərinin yerinə yetirilməsi yönündə addımlar atır: “Bu istiqamətdə atılan addımlar uğurlu nəticə verəcək”.
Həmməruzəçilər Ədliyyə Nazirliyinin razılığı ilə 2 aprel hadisələrində həbs olunanlarla və onların vəkilləri ilə, həmçinin sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin nümayəndəsi ilə görüşüblər. Pedro Aqramunt jurnalistlərin “2 aprel hadisələrində həbs olunanların siyasi məhbus hesab etmək olarmı” sualına cavab olaraq deyib: “Mən buna əmin deyiləm, əgər insanlar kütləvi etiraz aksiyasına gedərək avtobusların, binaların şüşələrini qırırlarsa bu zaman bu dinc aksiya hesab olunmur”.

Həmməruzəçilər bildiriblər ki, onlar Bakıda siyasi partiyalar, QHT-lər haqqında qanuna əlavələr və dəyişiklər barədə müzakirələr aparıblar, “Alternativ hərbi xidmət haqqında” qanun layihəsi ilə tanış olublar və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparıblar. Pedro Aqramunt qoşunların təmas xəttində atəşkəs rejiminin pozulması ilə bağlı narahatlığını bildirib və deyib ki, hazırda da münaqişə nəticəsində həlak olduqları üçün münaqişəni “dondurulmuş” hesab etmək olmaz.

P. Aqramunt bildirib ki, Azərbaycan üzərinə götürdüyü öhdəliklər çərçivəsində ölkədə siyasi plüralizm, ümumi siyasi atmosferin yaxşılaşdırılması, 2013-cü ildə prezident seçkilərinin azad və ədalətli keçirilməsinə şərait yaradacaq. Azərbaycan vətəndaşlarının mülkiyyət hüquqlarının pozulması ilə bağlı verilən suala  AŞ PA həmməruzəçisi bildirib ki,  bu işdə şəffaflığın təmin olunması vacibdir və “evləri sökülən insanlara layiqli konpensasiya ödənilməsinə zərurət var” deyib.

Həmməruzəçilər bildiriblər ki, səfərin nəticələri mart ayında Parisdə keçiriləcək monitorinq qrupunun iclasında təqdim olunacaq. Azərbaycan üzrə ümumi məruzə isə 2012-ci ilin sonunda hazır olacaq.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button