Hərbi Komissar “ovu” Əliağa Hüseynova uzanır

 

Əliağa Hüseynov

Keçmiş Baş komissar və yaxın ətrafı təşviş içindədir

 Keçmiş baş hərbi komissar, həmçinin, Salyan rayonun keçmiş icra başçısı, hazırda isə bu rayondan deputat olan Əliağa Hüseynovla bağlı yeni məlumat yayılıb.

Demək olar ki, parlament seçkilərindən sonra mətbuatda görünməyən Ə.Hüseynovla bağlı XuralTAC-a məlumat verən qaynağın sözlərinə görə, korrupsiyaya qarşı mübarizə ilə bağlı aparılan əməliyyatlar çərçivəsində həbs edilən bir neçə hərbi komissarlıq işçilərinin ardınca sıra Əliağa Hüseynov və onun respublika komissarlığında çalışan yaxın qohumlarına çatıb.

Məlumata görə, uzun müddətdir davam edən hərbi komissar «ovu”» önümüzdəki hərbi çağırış zamanı yenidən aktivləşəcək. Gözlənilir ki, daha bir neçə rayonun hərbi komissarı işindən azad və ya həbs edilsin: «Hərbi komissarlıq sahəsində qanunsuzluqlar, korrupsiya və rüşvət halları hər çağırış dövründə daha da intensivləşir. Bunu hakimiyyətin yuxarı başında oturan şəxslər də bilməmiş deyillər. Buna görə də qərara alınıb ki, oktyabr ayında başlanacaq yeni çağırış dönəmində hərbi komissarların işi ciddi nəzarətdə saxlanılsın və qanunsuz fəaliyyət göstərənlər cəzalandırılsın”».

Mənbə deyir ki, korrupsiya ilə mübarizə çərçivəsində bir neçə komissarın həbs edilməsi bu sahədəki qanunsuzluqları, rüşvət faktlarını nəinki azaldıb, əksinə, rüşvətin qiymətlərini daha da qaldırıb: “Əvvəl hərbidən yayınmaq üçün 2-2,5 min manat civarında rüşvət istənilirdisə, artıq komissarlıq işçiləri hərbidən yayınanlar və ya “yaxşı yerə»” düşmək istəyənlərə inanılmaz qiymət oxuyurlar. Hərbi bilet 4-5 min, «yaxşı yer”də» qulluq etməyin qiyməti isə yerindən asılı olaraq, 2-10 min manat arasında dəyişir. Komissarlıq işçiləri qorxduqlarını, həmkarlarının həbs edildiyini və bu səbəbdən də işin təhlükəsini nəzərə alaraq, daha çox pul alırlar.

Bildirilir ki, oktayb ayında başlanacaq növbəti həbs dalğasına keçmiş baş hərbi komissar Əliağa Hüseynovun adamları da düşəcək: “Onsuz da həbs edilən şəxslərin hamısını vəzifəyə Əliağa Hüseynov təyin etmişdi. Ancaq maraqlıdır ki, bugünə qədər həbs edilən komissarlıq işçiləri arasında sabiq hərbi komissarın qohumlarına rastlanmayıb. Onun qohumlarına sadəcə güzəşt edilib. Növbəti «komissar ovu”»nda isə heç kəsə güzəşt edilməyəcək”.

Onu da bildirək ki, Ə.Hüseynovun qohumlarının əksəriyyəti komissarlıqda yüksək vəzifələrdə təmsil olunsalar da, onların ən üzdə və real həbs təhlükəsi altında olanları Yasamal və Salyan rayonlarının hərbi komissarlarıdır. Əliağa Hüseynovun bibisi nəvəsi olduğu bildirilən Salyan rayon hərbi komissarının bu rayonun deputatı olan keçmiş baş hərbi komissar tərəfindən müəyyən müddət qoruna biləcəyi ehtimal edilir. Bununla belə, deputatın qardaşı oğlu, Yasamal rayon hərbi komissarı Namiq Hüseynovun başı üzərində əsən “qara buludlar” isə daha da sıxlaşıb. Məlumatlartda deyilir ki, hər iki şəxs barəsində Korrupsiyaya qarşı Mübarizə İdarəsinə onlarla şikayət gedib və hər iki şəxs təhlükədən yayınmaq üçün hakimiyyətin yuxarı dairələri ilə əlaqələrini işə salaraq, həbs təhlükəsini atlatmaq istəyirlər.

 «Əliağa Hüseynov qohumlarının həbs edilməsi və ya vəzifədən götürülməsi prosesinə müqavimət göstərəcəyi təqdirdə onun özü ilə bağlı da müəyyən ölçü götürülə, Salyan rayonundakı biznes ağalığına son qoyula bilər» – deyə bildirilir.

Qeyd edək ki, arxada qalan aylarda korrupsiya və vəzifədən sui-istifadə üstündə bir neçə rayonun həbi komissirası və hərbi komissar müavinləri həbs edilib. Bu sıraya Sumqayıt şəhəri, Binəqədədi və Suraxanı rayonlaının hərbi komissarları ilə bərabər, Füzuli və digər bir neçə rayonda da hərbi komissar müavinləri və istefada olan keçmiş komissarlıq işçiləri həbs edilmişlər.

 Xural TAC

“Xural” qəzeti,

il 9, sayı: 045 (453), 28 sentyabr 2011

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button