Həbsdə olan müğənni Fədayə Laçın: “24 yaşında oğlum var…”

Müğənni Fədayə Laçın və həbs edilən digər şəxslərin məhkəməsi başlayıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində müğənni Fədayə Laçın, Penitensiar xidmətin konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev, Penitensiar xidmətin üç əməkdaşı – qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov, Əli Ağami, Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyevlə yanaşı, Aqil Nəcəfov, Anar Əsgərov, İsrəfil Soltanov, Şahmar Bəyəlizadə və Tərlan Zeynalov cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Məhkəməyə hakim Azad Məcidovun sədrlik edib.

Anket məlumatları dəqiqləşdirilən zaman 1970-ci il təvəllüdlü Bəhruz Abdullayev 16 və 13 yaşlarında iki övladının olduğunu deyib. 1983-cü il təvəllüdlü C.Səmədov himayəsində 2 yaşlı və 1 yaşı tamam olmayan iki övladının olduğunu bildirib.

Digər təqsirləndirilən 1968-ci il təvəllüdlü Fuad Hacıyev 3 azyaşlı övladının olduğunu deyib. 1986-cı il təvəllüdlü Tural Poladxanovun 1 azyaşlı uşağı var. 1987-ci il təvəllüdlü Əli Ağami 6 və 5 yaşlarında iki övladının olduğunu deyib. 1992-ci il təvəllüdlü Günay Atakişiyeva subay olduğunu bildirib. Ev alqı-satqısı ilə məşğul olan Aqil Nəcəflinin isə 3 azyaşlı uşağı var.

1976-ci il təvəllüdlü Fədayə Laçın subay olduğunu, 24 yaşlı oğlunun olduğunu söyləyib.

Taksi sürücüsü Məhəmməd Hacıyev də himayəsində azyaşlı uşağının olduğunu bildirib. 1993-cü təvəllüdlü Tərlan Zeynalov subaydır. Bakı Ağır Cinayətlər Məhkəməsinin keçmiş hakimi Eynulla Vəliyev vəkil kimi onun hüquqlarını müdafiə edir.

Anar Əsgərov 3 azyaşlı uşağının olduğunu deyib. Təqsirləndirilən A.Nəcəflinin vəkili vəsatət verərək istintaqın pozuntularla aparıldığını bildirib.

İttihama görə, A.Nəcəfli təcridxanada saxlanılan “Qoca” ilə bir neçə dəfə görüşərək pul alıb və onun Biləcəridən taksiyə minərək getməsinə kömək edib. A.Nəcəfli isə istintaqa ifadəsində Etibar Məmmədova onun həyat yoldaşı Mahizər Arif qızının verdiyi paltarı və 100 manatı çatdırdığını qeyd edib.

Vəkil müvəkkili barəsində cinayət işinə xitam verilməsini istəyib. Eynulla Vəliyev isə müvəkkili barəsindəki həbs-qətimkan tədbiri qərarının ləğv edilməsini və azadlığa buraxılmasını istəyib. Vəsatətlər təmin edilməyib. Məhkəmənin baxış iclası avqustun 8-nə təyin edilib.

 

Bildirək ki, iş üzrə 7 nəfər – Müzəffər Məmmədov, Emil Səfərov, Ramil Səlimov, Hətəm Əliyev, Vüsal Abbasov, Rövşən Camalov və Rəşad Məmmədov zərərçəkmiş var.

Həbs edilənlərdən Penitensiar xidmətin konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı B.Abdullayev Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək) maddəsi ilə yanaşı 179.3.1 (mənimsəmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə də ittiham olunur.

Bildirək ki, B.Abdullayev Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək) maddəsi də ittiham irəli sürülüb.

Səs-küylü hadisə ötən il oktyabrın 23-də baş verib. Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə etap olunan xüsusilə ağır cinayətlərdə təqsirləndirilməklə həbs edilmiş “Qoca” ləqəbli Etibar Ələkbər oğlu Məmmədov və Əli Rasim oğlu Ağami Biləcəri qəsəbəsi ərazisində müşayiət altından qaçıblar.

Vəzifə borclarını lazımınca yerinə yetirmədiklərinə görə ədliyyə nazirinin əmri ilə Penitensiar xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev və taborun Qərargah rəisi vəzifəsini icra edən, ədliyyə mayoru Hikmət Sadıqov ədliyyə orqanlarından xaric edilib, taborun 2-ci konvoy bölüyünün komandiri, ədliyyə kapitanı Ruslan Zeynalov, 3-cü bölüyün komandiri, ədliyyə kapitanı Rza Xankişiyev və Qərargah rəisinin konvoy xidməti üzrə baş köməkçisi, ədliyyə kapitanı Rakif Məmmədov tutduqları vəzifələrdən azad olunublar.

Məhbuslara nəzarət edən qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov saxlanılıb və məhkəmənin qərarı ilə barələrində həbs-qətimkan tədbiri seçilib.

Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 304.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılıb, dərhal təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.

Bildirək ki, mühafizə altından qaçan Əli Ağami həbs olunub, kriminal aləmdə “Qoca” ləqəbi ilə tanınan Etibar Məmmədov isə hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı öldürülüb. “Qoca” ilə sevgi münasibəti olan müğənni Fədayə Laçın da ona kömək etdiyi üçün həbs edilib. Əli Ağami və “Qoca” adam öldürməyə görə həns edilmişdilər. Əli Ağami törətdiyi əmələ görə 19 il müddətinə azadlıqdan məhrum edilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button