Həbsxanadan Əvəz Zeynallı Gülnaz Qənbərlinin suallarına cavab verir-TARİX

“Həbsxana gündəlikləri”ni çapa hazırlama mərhələsindəyəm. 1900-cü səhifəyə qədər gəlmişəm. Bu yerdə möhtəşəm Gülnaz Qənbərlinin moderator.az saytı üçün məndən götürdüyü müsahibəyə rast gəldim. Mən mətbuata verdiyim bütün müsahibələri də “Həbsxana gündəlikləri-Selcanın məmləkəti”nə daxil etmişəm. Müsahibə çox xoşuma gəldi. Türmə illərini xatırladım. Bilmirəm, Gülnaz Qənbərli bu müsahibəni olduğu kimi dərc etdirə bilibmi, amma mən təkrar, həm də olduğu kimi müsahibəni dərc etmək qərarına gəldim. Onsuz da kitabda hamısı dərc olunacaq, yenə də istədim ki, diqqətli Oxucularım da mənim həbsxana divarları arxasında nələr düşündüyümü təkrar xatırlasınlar. Beləliklə, 15 aprel 2013-cü ildə Gülnaz Qənbərlinin Bakı İstintaq Təcridxanasına – Bayburt Qalasına göndərdiyi suallara cavablarım:

Əvəz Zeynallı

 

Moderator.az-ın və onun möhtəşəm əməkdaşı Gülnaz Qənbərlinin suallarına “Bayburt Qalası”nda 18 aydır ki, girov saxlanılan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının cavabları:

− Hələ də o fikirdəsiniz ki, həbsinizin yeganə baiskarı Gülər Əhmədovadır?

− Heç bir zaman o fikirdə olmamışam ki, mənim həbsimin yeganə baiskarı Gülər Əhmədovadır. Mənim həbsimin əsas səbəbkarları və baiskarları PA rəhbəri Ramiz Mehdiyev və PA şöbə müdiri Əli Həsənovdur. Gülər Əhmədova bu hadisədə sadəcə vasitə-alət rolunu oynadı. Məni həbs edə bilməyən siyasi hakimiyyət ondan istifadə etdi. Təəssüf ki, Gülər Əhmədova da bu qara ləkəni öz ömrünə yazdı. Özünə hörmət edən bir qadın bunu etməməli idi. Gördünüz, Zeynəb Xanlarovanı? Özünə hörmət edən xanım, deputat – insan elə olmalıdır.

− Doğrudanmı həbsxana doyunca fikirləşmək və bioqrafiyanın enişli-yoxuşlu yollarını nəzərdən keçirmək üçün ən əvəzolunmaz yerdir?

− “Ən əvəzolunmaz yer” demək bəlkə də o qədər uğurlu deyil. Və həbsxana insana görə dəyişən məkandır. Mən burada gecə səhərə qədər dəhşətli bağırtı ilə ağlayan məhbuslar görmüşəm. Yox, işgəncə-filan vermirdilər. Sadəcə, adam 2 yaşlı körpəsini yuxuda görmüşdü və bağırırdı ki, “övladımı görmək istəyirəm.” Bura ağır sınaq meydanıdır. Burada insanlar var ki, prokurorun iş oxumağından hakimin hökm oxumağına qədər yaşaya bilmir.

Hakimiyyətdəkilər bəzən bu hesabla tuturlar insanları. Bəziləri bu “sınaq”dan çıxa bilmirlər. Sualınız iradəli, nə istədiyini bilən, məqsədi olan, mətin insanlara aiddir. Hə, burada doyunca fikirləşməyə, düşünməyə, hər şeyi çək-çevir etməyə zaman yetərincədir. Mənim bu cür “məcburi istirahət”ə ehtiyacım var idi. O prizmadan baxanda məni həbs etdirənlərə hələ bir təşəkkür də düşür. Məncə, hər şey tamamdır artıq. Mənim ömrümdə həlqə tamamlandı. “Bioqrafiyanın enişli-yoxuşlu yolları”na lazım və labüd olan əlavələr olundu. İndi növbəti mərhələlər gəlir.

− Məhbəsdən yenə də qəzetçi kimi çıxacaqsınız, yoxsa aktiv siyasətçi kimi yeni missiyaya baş vuracaqsınız?

− Mən ömrümün qalan hissəsini də indiyə qədər olduğu kimi azad sözə və müstəqil mətbuata həsr etmək niyyətindəyəm. Mətbuatı asılılıqdan və monopoliyadan qurtarmaq lazımdır, həqiqətən 4-cü hakimiyyət olmalıyıq. Özümüzün maliyyə mənbələrimiz, yayım firmalarımız olmalıdır.

“Xural”ı ilk vaxtlar həftədə 7 dəfə, bir müddətdən sonra 8-9 dəfə nəşr etdirmək, “Xural TV”-ni qurmaq və s. və i. planlarım var. Bizim başladığımız, indi kütləviləşən “Kitabxana” layihəmiz var, promosyon var… Zatən həm də bunları etməyə başladığım üçün məni oğurlayıb əsir götürdülər.

Bunu mən düşünürəm. Hakimiyyətin nə düşündüyünü isə bilmirəm. Mən bütün zamanlarda hakimiyyətlərin qurbanı olmuşam. Orta məktəbi bitirəndə şərqşünas olmaq istədim. Qəbul da olundum. Amma universitet misli-bərabəri olmayan qanunsuzluğa imza atdı və bu gün məşhur telekanallardan birinin direktoru olan birisi mənim yerimə başqa bölümdən transfer olundu. Sonra Elçibəyin siyahısı ilə Türkiyəyə göndərildim və Ankara Dövlət Universitetinin hüquq fakültəsini bitirdim. 1999-cu ildə ölkəyə qayıtdım və… Öz ixtisasım üzrə işləyə bilmədim. Və… jurnalistika…

Bütün bunları niyə deyirəm? Bəzən öz arzularımızla yaşaya bilmirik. Mən qəzetçiliyə davam etmək istəyirəm. Görək hakimiyyət nə deyəcək?

Siyasətə gəlincə, hesab edirəm ki, Azərbaycanı xilas edəcək yaşa gəldim. Mənim nəslimin üzərinə çox iş düşür. Bizim nəsil Azərbaycanı xilas missiyasını daşıyır. O mənada indən sonrakı taleyimin hər anında böyük siyasətdə ola bilərəm.

− Elçibəyin “həbsxanaya düşməyən siyasətçi qızılca keçirməyən uşaq kimidir” fikirləri təsdiqini tapdımı?

− Elçibəyin bu fikirləri ilə tanış deyiləm, amma tam doğrudur. Bilənlər bilir, mən özümü çoxdan həbsxanaya hazırlayırdım. Amma indi bir daha əmin oldum ki, həbsxana divarlarını görməyən və bu mərhələni keçməyən insan nə böyük siyasətdə, nə də böyük mətbuatda ciddi uğurlar qazana bilməzlər. Hətta düşünürəm ki, hakim-prokuror-müstəntiq zümrəsinə “məcburi həbsxana həyatı” yaşatmaq lazımdır.

Bura insan talelərinin qumara qoyulduğu bir məkandır. Onu mütləq tanımalı və oyunun qaydalarını öyrənməlisən. Dünyanı idarə edən və böyük siyasətin nəhənglərindən kim həbsxana şərbətini dadmadı ki?!

− Həbsinizdə hansısa formada Nigar Almanqızının günahı olubmu?

− Nigarın bu həbsdə hər hansı formada hər hansı bir günahı ola bilməz. Nigar Gülərin bəhanələrindən biri idi, o qədər. Əksinə, Nigar Gülərin şantaj və hədə-qorxularına məruz qalaraq ölkəni tərk etməyə məcbur olmuşdu. Gülər Nigarın özünü, ailəsini, ata-anasını təhdid edir, onların Sumqayıtdakı evlərini nəzarətdə saxlayırdı. Mən istintaqda və məhkəmədə bu haqda çox vəsatətlər qaldırdım, Nigarı bu qadının şərindən qorumaq üçün dövləti görəvə çağırdım, dövlət hay vermədi. Maraqlıdır ki, Nigarı mətbuat da qorumadı, amma məncə Nigarı Gülərin şantajından qorumalı idik. İndi də gec deyil. Gülər Nigar üçün indi də təhlükədir və mən narahatam ki, Nigarı layiqincə müdafiə edə bilmədim.

– Gülərin ittiham olunduğu kaset niyə açıqlanmadı? Deyirlər ki, istintaqda onu zorla sizdən alıblar və heç zaman yayımlanmayacağına sizdən hansısa formada zəmanət alıblar…

− Məndə Gülər haqqında heç bir kaset olmayıb. İstintaqda da heç kim məndən zorla heç bir kaset almayıb. Və məndən də heç nə haqqında heç kim heç bir zəmanət almayıb. Mənə gələn hər bir ciddi material yayımlanacaq. Bunu hamı bilməlidir.

 − Həbsinizdən İlham Əliyevin xəbərinin olmadığı qənaətindəsinizmi? Necə hesab edirsiniz, onun göstərişi olmadan min dənə Gülər olsaydı belə, Sizi həbs edərdilərmi?

− Mən bir çoxlarından fərqli olaraq, hesab edirəm ki, məmləkətin səmalarında uçan sərçələrin də hərəkətlərindən möhtərəm İlham Əliyevin xəbəri var. Təbii ki, mənim həbsimdən İlham Əliyevin xəbəri olub. Xəbəri olmasından əlavə, həm də onun razılığı olub, yoxsa düz deyirsiniz, 1000 dənə Gülər olsaydı da məni həbs edə bilməzdilər. Hələ bu da azdır. 1250 dənə Əli Həsənov, 1875 dənə Ramiz Mehdiyev olsaydı da məni həbs edə bilməzdilər. Mən İlham Əliyevi də tənqid edirdim. Ona görə də mənə torba tikən bu məkrli adamlar həmin tənqidi yazıları onun qarşısına qoydular, ona digər bir sürü yalan məlumatlar verdilər, razılığını aldılar və məni oğurladılar. İlham Əliyevsiz heç kim bu boyda riskin altına girə bilməzdi.

− Nə zamansa əfv üçün ərizə yazacağınızı gözləmək olarmı?

− Heç bir zaman ölkə prezidentinə müraciət etməyi qəbahət hesab etməmişəm. Zaman-zaman prezidentə yazılan əfv ərizələrinin də hakimiyyət nümayəndələri tərəfindən, eyni zamanda müxalifət təmsilçilərincə şişirdilməsinin əleyhinə olmuşam. Hər zaman, hər bir məsələ üçün, konkret həbsdən azad olunmaq barəsində lazım gələrsə prezidentə də müraciət etmək olar. Amma mənim durumumda bu, necə ola bilər?

Mən prezidentə nə yazmalıyam? Yazmalıyam ki, “hörmətli prezident, sənin deputatın və aparatının rəhbəri məni şərləyib həbs etdiriblər, məni əfv et?!”  Bu, prezidentə həqarət olmazmı? Onun şanına yaraşarmı?

− Azərbaycan hökumətini Avropa Məhkəməsinə verməyi düşünürsünüzmü?

− Təəssüf ki, bu, olacaq. Azərbaycanı idarə edənlər bizi onunla qarşıdurmaya da sövq edirlər. İndiyə qədər 2 şikayətim Avropa Məhkəməsində icraata götürülüb. Bunlar PA rəhbəri Ramiz Mehdiyevə və KİVDF-nin icraçı direktoru Vüqar Səfərliyə qarşı iddialardır. Daha 3 şikayətim göndərilib. Daha 2-3 şikayət də olacaq. Təxminən 10 şikayətlə yaxın 10 ili Avropa Məhkəməsində bu məmurların Azərbaycanına qarşı vuruşmaqla keçirəcəyəm. Belə çıxır…

− Media və Vətəndaş Cəmiyyətləri institutları tərəfindən müdafiənizin təşkili səviyyəsi sizi qane etdimi?

− Mövcud durumda nə mümkündürsə edildi. Həbs olunandan sonra şahid oldum ki, müdafiə məsələlərində çox ciddi problemlər var, ancaq azadlıqda qalan, hakimiyyət tərəfindən sındırılıb sıradan çıxarılmayan bütün proqressiv qüvvələr müdafiəni gərəkən formada qurdular.

Nəzərə almaq lazımdır ki, məni şərləyənlər və həbs etdirənlər, eyni zamanda Azərbaycan dövlətinin mətbuat siyasətinə istiqamət verənlərdir. Ona görə də hər şey çox çətin idi. Ancaq biz – məni müdafiə edənlər bu şər cəbhəsini yara bildilər.

− Sizcə hər zaman jurnalistlərin peşə davranışı qaydalarına əməl etmisinizmi, heç qurşaqdan aşağı zərbə vurduğunuz olubmu?

− Heç bir zaman heç kimi qurşaqdan aşağı vurmadım və hər zaman onun əleyhinə oldum. Peşə davranışı qaydalarını isə hər zaman qorumağa və ona riayət etməyə çalışdım. Amma Azərbaycanda baş verənlər və mətbuatı qətl edənlər bizi həm də “mətbuat partizanı”na çevirməyə cəhd edirdilər. Buna müəyyən qədər də nail oldular. Azərbaycanda hər cür peşə etikası pozuntusu hakimiyyət mətbuatından və mətbuatı qətl etmək üçün qurulan mətbu qurumlardan gəlir. Hə, mən onlara qarşı hər zaman amansız və sərt oldum. Bu “mətbuat qəssabları”, bu “baqqal təfəkkürlü” parazitlərlə, hər gün bir qucaqda oturan “çirkli paltar” geyinənlərlə mübarizə apardım. Və… bu mübarizə davam edəcək. Qırmızı xətləri keçiblərsə, qırmızı xətləri keçiləcək və bütün bunlardan sonra “peşə davranışı”nı bəhanə edəcəklərsə, o artıq başqa məsələdir.

− Hansı məmuru və ya tanınmış insanı qəzetinizdə və ya yazılarınızda ittiham hədəfinə çıxardığınıza görə sonradan peşimançılıq keçirmisiniz?

− Dediyim kimi, sərt, amansız ola bilərəm, kiminsə, nə zamansa xətrinə dəyə bilərəm, amma etdiklərimdən və yazdıqlarımdan əsla peşimançılıq hissi keçirməmişəm. Bütün zamanlarda bütün yazılarımın altındakı imzam əbədidir. Mən yalnız daha sərt və daha prinsipial olmamağın peşimançılığını çəkə bilərəm.

Bir də… Nə yatdıq ki, nə də yuxu görək. Biz hələ nə etmişdik ki? Hələ böyük və nəhəng layihələrə yeni başlayırdıq. Biz Azərbaycan mətbuatını dünya arenasına daşıyacaqdıq. Hələ “gördüklərimizin dörddə birin” yazmamışdıq ki?!

− Təcridxanada mətbuatla tanışlığınıza şərait yaradılırmı?

− Burada özxoşuna heç nəyə şərait yaratmırlar. Hər hüquq, hər haqq aramsız mübarizələr nəticəsində əldə edilir. İlk gündən qəzetlərə abunə yazıldım və hər gün səhər ölkənin bütün müstəqil qəzetlərini alıram. Əvvəlcə “Azadlıq”, “Gündəm xəbər” və “Yeni Müsavat” qəzetlərinə abunə oldum. Təxminən 8-9 aydır ki, “Bizim yol”u da əlavə etdim. Ölkəni və dünyanı bu 4 müstəqil qəzetlə tanıyıram. Arada problemlər olur, hansısa qəzetə maneçilik etmək təşəbbüsləri ilə qarşılaşıram, amma tez də yoluna qoyulur.

− Təsadüfən Gülərlə rastlaşsaydınız, ondan soruşacağınız ilk sual nə olardı?

− Hələ qarşılaşmamışıq. Bircə dəfə uzaqdan görmüşəm. Bizim qarşılaşmamağımız üçün xüsusi ciddi-cəhdlə tədbirlər görürlər. Qanunda biz “problemli dustaqlar” kimiyik və onları qınamaq da olmur. Bu haqda heç düşünməmişəm, amma qarşılaşsaq hər halda ilk sözüm bu olacaq ki, “Nə probleminiz var mənə deyin, əlimdən gələni etməyə hazıram.” Bunu deyərdim. Amma artıq Gülər Əhmədova öz problemlərini həll edə bilir.

− Əgər İlham Əliyev sizin əsassız yerə həbs olunduğunuzu bilsəydi, Asif Mərzili kimi barənizdə təxirəsalınmaz addımlar atardı – bu fikrə münasibətiniz?

− Bizi müqayisə etmək olmaz. Əvvəla, Asif Mərzilinin həbs sifarişini verən bir rektor idi, mənim həbsimi isə ölkəni idarə edən Ramiz Mehdiyev sifariş vermişdi. İkincisi, bildiyim qədəri ilə hörmətli Asif Mərzili heç bir zaman İlham Əliyevi tənqid etməyib. Mən isə möhtərəm prezidenti hər zaman sərt və prinsipial qaydada tənqid etmişəm. Digər bir tərəfdən, rejim hərəni öz ayağından asır. Ağır Cinayətlər Məhkəməsinə bir sorğu verin, o zaman görəcəksiniz ki, son iki ildə neçə jurnalist vəsiqəsi daşıyan şəxs 311.3.2, 311.3.3 və 311.3.4-cü maddələrlə məhkəmələrə çəkilib və nə qədər iş alıblar. Dəlil, sübut ola-ola. Heç kimin gül üzünə püf deməyiblər. Bunlar istəyəndə dərhal reaksiya verib, adamı bir gündən sonra buraxırlar, istəyəndə isə havadan-sudan 9 il iş verirlər.

− Məhbəs gündəliyi yazırsınızmı?

− İlk gündən yazıram. Bu, həbsxana gündəlikləridir və “Selcanın məmləkəti” adlanır. Gündəliklərimə həm də gündəlik “Xural” demək olar. Həmkarlarımızın və qəzetlərin müxtəlif atgedişlərindən başıma gətirilən ən xırda təfərrüatlara qədər burada hər şey var. İnanıram ki, bu kitab təkcə Azərbaycanda yox, həm də onun sərhədlərindən kənarda da hadisə olacaq. Bu, Azərbaycanda bir ilk olacaq. 24 saatın tamamı gündəliklərdə öz əksini tapıb.

Sizin üçün maraqlı olacağını zənn edib, bəzi eksklüziv məlumatları deyim. Hazırda sualınıza cavab hazırladığım 15.04.2013-cü il həbsimin 535-ci günüdür. Ramiz Mehdiyevin təqvimini əsas götürsək, həbs müddətinin tamamına 2842 gün qalır. Bu gün “Selcanın məmləkəti”nin 1884-cü səhifəsindəyəm. İndiyə qədər oxuduğum kitabların sayı 99-dur. Hazırda Sabir Rüstəmxanlının “Difai fədailəri” kitabını oxuyuram.

− Gülər dostlarının vəfasızlığından gileylənərək moderator.az-a deyib ki, hərdən içindən Elşada minnətdarlıq hissi keçir ki, dostumuzla düşmənimizi tanıtdı. Sizin hərdən ürəyinizdən Gülərə minnətdarlıq hissi keçmir ki?..

− Həbsxana balaca ölümdür. Buradan hər şey – məxsusən ilk vaxtlar – o dünyadan bu dünyaya baxış kimidir. İnsanlar özlərini necə aparırlar, adama maraqlı gəlir. Yox, mən Gülərə minnətdarlıq eləmək istəmirəm. Uzun illərdir özümü həbsə hazırlayırdım. Bunun nə zamansa olacağını bilirdim. Dost-düşmənimi tanımağa gəlincə, kimi necə tanımışamsa, eləcə də gördüm. Kim harada idisə, orada da qaldı. Çox az insanlar oldu ki, yanıldım.

Mən bu həbsdən heç nə itirmədim, əksinə, qazandım. Çox şey qazandım…

Moderator.az-a və onun möhtəşəm əməkdaşı Gülnaz Qənbərliyə dərin hörmət və ehtiramla Əvəz Zeynallı

15.04.2013-cü il, Bakı İstintaq Təcridxanası – Bayburt Qalası

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button