HƏFTƏDƏ 7 DƏFƏ!!!

Əvəz Zeynallı

Nə qədər ağır və nə qədər məsuliyyətli bir işin altına çiyin verdiyimin fərqindəyəm. Sözün bütün mənalarında gecələr yuxular haram olub. Nə çəkilmək olmaz, nə geri durmaq. Yox, mən heç nədən çəkinən adam deyiləm. Bilənlər bilir, dediyim sözün arxasında hər zaman başım dayanıb. Sözüm boyda olmuşam hər zaman. Amma artıq sözün həqiqi savaşını verməyin zamanı gəlib çatdı. Gündəliyə keçmək qərarı oradan yarandı.

Bir aydan sonra 9 il olacaq ki, Azərbaycan mətbu məkanındayıq. «Xural» olaraq 9 ildir savaşırıq və yenə bilənlər bilir, bizim həqiqətən savaş əzmimizin nə boyda olduğunu. Həftəlik qəzet olaraq mümkün olanı etdik. Hətta olmayanı etdik. Biz qoca qurumların, holdinqlərin apara bilmədiyi kampaniyaları apardıq və başarılı olduq. Bir «dayandoldurum qəzet»lə ölkə gündəminə təsir göstərdik. Bizi heç bir yerə bağlaya bilmədilər. Bizi heç kimin əli ilə sındıra, ala bilmədilər. Biz hər zaman prinsiplərimizə sadiq qaldıq. Mübarizə aparmaqdan yorulmadıq, usanmadıq, qorxmadıq. Dövlətin ən güclü, ən qüdrətli simaları üzərimizə gəldi, polis rəisləri, Allaha bəndəlik etməyən icra başçıları bütün arsenallarını üstümüzə yönəltdi, həmkar hesab etdiklərimiz bütün imkanlar tükənəndə bizimlə inzibati dillə, məhkəmə və Mətbuat Şurasına şikayətlə danışdı, amma biz üslubumuzdan dönmədik. Bizimlə savaşanlarla savaşdıq və sonuna qədər tırsmadıq!

Bu bəlalı ölkədə ən çətin iş müstəqil qalmaq və millətin səfində yer almaqdır. Biz 9 ildə bunu bacardıq. 9 ildə başımıza gələn 29 məhkəmə prosesi bir daha və bir daha sübut etdi ki, «Xural» millətin qəzetidir və ola bildiyincə müstəqildir. Mətbuata kömək etməli olan və əsas qayəsi bu olan Mətbuat Şurası bizi özünə hədəf seçdi. Mətbuat Şurasının arxasında dayanan Prezident Administrasiyasının İctimai-Siyasi şöbəsinin müdiri Əli Həsənov hər cür əngəli qarşımıza çıxardı. Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu bizə ögey yanaşdı və ayrı-seçkilik salaraq haqqı nahaqqa qurban vermək istədi. Dayandıq. Dözdük. Savaşdıq. Vuruşduq.

Ta… Bu günlərə qədər gəldik…

Budur, artıq informasiyanın hakimiyyəti uğrunda mübarizə aparmağın zamanı gəldi. İyirmi birinci əsrin informasiya əsri olduğunu bilirik. Ondan da xəbərimiz var ki, Azərbaycanda 4-cü hakimiyyət heç də hakim deyil. Bütün müstəqil istehkamlar hakimiyyətin güclü və zəngin əlləri ilə ələ keçirilib. Bizdən öncəkilər çox şərəfli mübarizə yolu keçiblər, buna kimsənin şübhəsi olmasın, amma acı da olsa deməliyəm ki, onların apardıqları siyasət nəticəsində müstəqil mətbuat artıq iqtidara təslim olmuş vəziyyətdədir.

İndi Azərbaycan mətbuatının durumu həqiqətən ağırdır. Bunu hakimiyyət də bilir, müxalifət də. Özləri özlərini bərbad günə salıblar. Aldıqları adamlara müstəqillik vermək istəmirlər. Müstəqillik verdikləri bəzi jurnalistlərdən də gördükləri münasibət nəticəsində hər cür azadlığa düşmən kəsiliblər. Biz belə bir zamanda gündəliyə keçir və xəbər hakimiyyətinə iddia ortaya qoyuruq.

İnanırıq ki, bu ölkədə gündəlik müstəqil, ciddi və azad qəzet çıxarmaq mümkündür.

İnanırıq ki, müstəqil qəzet çıxarmaq heç də prezidenti söymək və təhqir etmək demək deyil və olmamalıdır.

İnanırıq ki, prezidentə bir yazıda 10 dəfə «hörmətli» demək də müstəqillik əlamət ola bilməz.

Hər şeydən çox ona inanırıq ki, başda Azərbaycan respublikasının prezidenti olmaqla hər bir iri çinli məmur haqqında tənqidi yazılar yazmaq və tənqidi araşdırmalar aparmaq müstəqil mətbuatın «olmazsa olmaz» şərtlərindən biridir. Bəlkə də birincisidir.

Sözün qısası, prezidenti tənqid edə bilməyən qəzet müstəqil ola bilməz!

Hələ başlamamışıq. Sentyabr ayının 20-dən gündəlik nəşr olunmaq planımız var.

Fövqəladə bir şey çıxmasa, ayın 20-dən etibarən hər gün köşklərdə olacağıq. Bununla kifayətlənməyəcəyik. Azərbaycan mətbuatında olmayan promosyon – qəzetin Oxucuları ilə ərməğanlaşma sistemini də mətbuat gündəminə gətirmək istəyirik. Bu sistem çox maraqlıdır və inanırıq ki, çox yaxın zamanlarda bu sistemi oturda biləcəyik. Bununla da kifayətlənmək düşüncəmiz yoxdur. Mən mətbuatın gündəlik olması düşüncəsini hər zaman üçün daşıyan insanlardanam. Yəni mənim anlamımda həftədə 5 dəfə çıxmaq gündəlik çıxmaq demək deyil. Ya da məsələn, hansısa bayram günlərində qəzetlərin çıxmamasını heç bir zaman anlaya bilmədim. O baxımdan, hər şey mənim planlaşdırdığım kimi gedərsə, mənim Əziz Oxucum Azərbaycanda ildə 365-366 gün çıxacaq bir qəzetin şahidi olacaq. Bizim mətbu sistem, bizim mətbəə sistemi, qəzetyayım sistemi buna hazır deyil, bilirəm, amma bütün gücümüzlə buna təşəbbüs edəcəyik. Kimsə özünü mətbu kamikadzeliyə götürməlidir. İnanıram ki, lazım gələrsə bunu biz edəcəyik.

Mən hər zaman Azərbaycanda azı 150-200 min tirajlıq qəzet çıxarmağın mümkün olduğundan bəhs etmişəm. Hər gün bir daha inanıram ki, həqiqətən ölkədə 200 min tirajlıq qəzet çıxarmaq mümkündür. Sadəcə, bunun yayımını təşkil etmək lazımdır və Prezident yanında KİVDF məhz bu işlərlə məşğul olmalıdır. Çalışacağıq ki, «Xural» hər səhər ölkənin hər künc-bucağında olsun. Bütün gücümüzü qoymalıyıq ki, hər gün Azərbaycanın hər kəndində qəzet olsun və o qəzet …həqiqətləri, yalnızca həqiqətləri yazsın.

…Pulumuz isə o qədər deyil. Sağ olsunlar, dostların yaydığı və ya yaydırdığı informasiyalar gəlib mənə də çatır. Kimlərinsə bizə pul verdiyi haqqında artıq rəvayətlər quraşdırılır. Olsun. Narahatçılığım yoxdur. Bilənlər «Xural»ın nə qədər ağır şəraitdə fəaliyyət göstərdiyini bilirlər. Biz bir zamanlar hər dostumuzdan 10 manat alaraq çıxmışıq və mənim imzamla göndərilən məktublar indi də diqqətli xadimlərimizin arxivlərində qalmaqdadır. Güman ki…

Yox, bu mətbu qovğaya güclü maliyyə dəstəyi ilə girmirəm. Amma yaxşı dostlarım var və mən bu 9 ildə yaxşı dostlar qazanmışam. Onların ilkin dəstəyi bizim gələcəyə ümidimizin başlanğıcıdır. Mən hər zaman asılı puldan qorxdum və qaçdım. Heç bir zaman edə bilməyəcəyim anlaşmanı yapmadım və yapmam da. İndi mətbuatımızın vəziyyəti həm də ona görə ağırdır ki, həmkarlarımız anlaşma bağlayanda düzgün bağlamayıblar. Onlar hər şeyi veriblər. Azad sözü də, ipi də… O baxımdan, hansısa bir oliqarxın milyonlarındansa, təmiz niyyətli bir dostumuzun minləri mənə daha əzizdir. Və o minlərlə mən milyardların kürəyini yerə çırparam! Bunu bilənlər bilir!..

«Xural» həftədə 7 dəfə çıxacaq! Bütün əhli-hallara, mətbuatın taleyindən narahat olanlara səslənirəm: bir daha imkan yaranıb ki, azad mətbuatı hakim qılaq! İmkanlarınızı «Xural» üçün səfərbər edin!

Azad qələm sahiblərinin reaksiyası zatən mənə məlumdur:

AZADLIĞA TƏŞNƏLƏR «XURAL»A YAĞMUR KİMİ YAĞACAQLAR!

 İ.S. Gələn sayımızda gündəlik çıxacaq ««Xural»ın prioritetləri»ni yazacağam…

Xural” qəzeti,

İl: 9, sayı: 034 (442), 04 – 10  sentyabr 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button