Həm ölkə, həm də İTV dəyişməlidir!

Rövşən Hacıbəyli: «Biz bu mübarizəni tək aparmırıq, xaricdə bizim xeyli fəal gənclərimiz var ki, onlar da bizimlə bir yerdədirlər»

Şahvələd Çobanoğlu: «Dövlət büdcəsindən ayrılan vəsait necə xərclənəcək, daha az sərfiyyat olunması üçün alternativ yollar aranacaqmı?»

Rəsul Cəfərov: «İctimaiyyətə xidmət etmək üçün yaradılmış İctimai Televiziya efirini üzümüzə açmadığı üçün məhkəməyə verdik»

Seymur Baycan: «Evimiz yıxıldı, biz birinci olduq!»

Anar Məmmədli: «Bütün hallarda biz cəmiyyətimizin də bir dinamikasını istəyirik»

Əvəz Zeynallı: «Müsabiqənin olduğu günlər Allahdan şiddətli yağış yağdırması üçün dualar oxuyaq…»

 

ParkNN otelinə aftava qoyuruqsa, şəraitimiz bəllidir

Rövşən Hacıyev:

– Mən də otel məsələsinə toxunmaq istərdim. Bu yaxınlarda internet təhlükəsizliyi ilə bağlı ParkİNN otelində tədbirimiz keçirildi. Təsadüfən həmin gün də orucluq vaxtına düşmüşdü. Bizimlə yanaşı, orada iranlıların da nəsə tədbiri var idi. Günün birində baxdıq ki, oranın tualetinə aftafa qoyublar. Əsasən, əcnəbilərin tədbir keçirdiyi bir otelin tualetinə qədim qaydalarda aftafa qoyublar. Təsəvvür edirsinizmi? Aftafanı əvəz edən texniki heç bir şey yox idi. Bundan əlavə, bizim otellərdə göstərilən xidmət heç də Avropa standartlarında deyil. Bu sahə Azərbaycan üçün hələ çox təzədir. Adının «5 ulduzlu» olmasına baxmayaraq, normal qaydada 5 ulduzlu otellərin verdiyi tələblərə cavab vermir…

Şahvələd Çobanoğlu:

Bütün bunlara baxmayaraq, qiymətlər də olduqca bahadır. Hələ bu azmış kimi, bu cür otellərdə qiymətlər kredit kartı ilə ödənildiyi halda bizdə bu sistem də yoxdur. Sabah o qədər insan ödəniş aparmaq istəsə, necə olacaq? Xidmətçilərin heç biri əcnəbi dil bilmirlər. Bizdə olan məlumata görə, tapşırıq veriblər ki, otellərdə, supermarketlərdə xidmətçilər üçün ən azı danışıq kursları keçirsinlər. Polislər gələn qonaqlarla ünsiyyət qurmağa hazır olmalıdırlar. Bunların həyata keçməsi üçün hakimiyyət hansı işləri görür? Tək kompleks tikməklə iş bitmir ki… Ortada görüntüdən savayı bir şey yoxdur. Əslində, çox çətin bir  məmləkətdə yaşayırıq və çox ağır bir hakim zümrə ilə üz-üzəyik. Mən məsələnin tamamilə başqa bir tərəfinə də diqqət çəkmək istəyirəm və çox istərdim ki, mətbuat da bu məsələnin üzərinə getsin. Maliyyə tərəfinin şəffaflığı məsələsinə. Dövlət büdcəsindən ayrılan vəsait necə xərclənəcək, daha az sərfiyyat olunması üçün alternativ yollar aranacaqmı? Vətəndaşın ödədiyi vergilər hesabına dövlət büdcəsinə yığılan pullar hara xərclənir, hakimiyyət bu haqda ictimaiyyətə hesabat verməlidir. 

 

İTV məhkəməyə verilib

 

Rövşən Hacıbəyli.:

9 milyon deyirlərsə, hazır olun, 2 milyard vəsait də silinəcək…

Rəsul Cəfərov:

İTV-də bu prinsiplə fəaliyyət göstərir və dəfələrlə tələb edilməsinə baxmayaraq, bu telekanala nə qədər pul xərclənir, onun hesabatını verən yoxdur. Ümumiyyətlə, ictimaiyyətin müraciətlərinə cavab verməyi belə çox görürlər. Halbuki mahiyyət etibarilə İTV ictimaiyyətin ödədiyi vergilər əsasında fəaliyyət göstərir. Ona görə də, bizim ötən ilin dekabrında təsis etdiyimiz İnsan Hüquqları Klubu və ölkədə fəaliyyət göstərən ona yaxın gənclər təşkilatı İTV-ni Yasamal Rayon Məhkəməsinə verib. Biz onlara müraciət etdik ki, İTV-nin funksiyalarından biri ölkə daxilində baş verən mühüm hadisələri qərəzsiz işıqlandırmaqdır və 2011-ci ilin əvvəlindən başlayaraq, xüsusilə də mart aksiyaları zamanı həbs olunan insanların – Bəxtiyar Hacıyev, Cabbar Savalanlı, Vidadi İsgəndərov və daha iki aksiya iştirakçısının məsələsini ortaya qoymuşuq ki, bizi onların taleyi narahat edir və xahiş edirik ki, ictimaiyyətə xidmət etmək üçün yaradılmış İctimai Televiziya efirini üzümüzə açsın. Bu debat da ola bilər, reportaj da, veriliş də… Ümumiyyətlə, bizim müraciətimizə cavab verilmədiyinə görə, hələlik bununla bağlı İTV-ni məhkəməyə vermək qərarına gəldik və verdik də…

 

Ölkəni dəyişmək üçün İTVni dəyişmək yetərmi?

 

Rövşən Hacıbəyli:

– Güman edirəm ki, bu günlərdə mənim də məsələm aktuallaşacaq. Çünki mənim İctimai Televiziya ilə bağlı yazdığım kitab İTV əməkdaşları tərəfindən öyrədilmiş şəkildə boykot ediələrək, cırılıb məhv edildi. Sonunda da mənim özümü məhkəməyə verdilər. Tənqidə o qədər dözümsüzdülər ki, məhkəməyə də təsir göstərib, ədalətsiz qərar çıxarmağa nail oldular. Məhkəmə də qərar çıxardı ki, o kitab satışdan yığışdırılıb məhv edilsin. Həmin məsələ hazırda Avropa Məhkəməsindədir. Çox yaxşı olardı ki, elə bu ərəfədə oradan bir cavab gəlsin və bizə də istədiyimiz, arzuladığımız şəkildə İTV-nin efirindən istifadə edə bilək. Bu, həm də bizim təbii  haqqımızdır.

Deməli həm ölkə, həm də İTV dəyişməlidir?

– Bəli. Halbuki indiki durumda İTV-nin heç bir ictimailiyi yoxdur. Həm də Avroviziya yayımlanmasında İTV təşkilatçılıq funksiyasını da həyata keçirir.

Bu müsabiqə bütün Avropada İTVlər tərəfindən təşkil olunur və yayımlanır

 

Evimiz yıxıldı, birinci olduq!

 

Seymur Baycan:

– «Avroviziya» yarışmalarını mən bir neçə dəfə maraqlı olduğu üçün izləmişdim. Bir tərəfdən ölkəmiz bu müsabiqəyə qatıldığı üçün gedən proseslərə baxırdıq, həm də ümumilikdə müsabiqədə bir-birinə səs verən dövlətlərin rəyləri əsasında onu öyrənmək olurdu ki, hansı dövlətlər əslində bir-birinə həm də siyasi dəstək verirlər. O baxımdan maraqlı idi. Bu il keçirilən müsabiqənin finalını müəyyən səbəblərdən izləyə bilmədim. Səhəri gün isə dostlarım belə bir mesaj göndərdilər ki, «Evimiz yıxıldı, biz birinci olduq» (Gülüşmə…) Hətta bunun bir zarafat olduğunu düşündüm. Təbii ki, bu mesajı yazan müxalifətçi dostlarımdan biri idi və o məsələyə bir qədər tənqidi yanaşmışdı. Doğrusu, əvvəlcə inanmadım, sonra artıq söz-söhbətlər başlayandan və təkrar efirə baxandan sonra bunun doğru olduğuna inandım. Müsabiqədən dərhal sonra gəzən söz-söhbətdə müsabiqənin qeyri-ciddi olduğu, birinciliyin pulla alındığı, hətta Türkiyənin finala çıxa bilməməsi səbəbindən Azərbaycana üstünlük verilməsi kimi versiyalar da səslənməyə başladı. Bu təntənə heç bir həftə də sürmədi, çox tez vaxtda bu sevinc söndü. Mənim özümün də bununla bağlı müşahidələrim var. Hakimiyyətin bununla bağlı çaşqınlığını da görüb, bir şeyi başa düşdüm ki, bunlar Azərbaycanın bu tezliklə müsabiqədə qalib gələcəyini gözləmirmişlər. Düzdür, müsabiqədə qalib gəlmək daxildə onlar üçün lazım idi, bunu ictimaiyyətə hakimiyyətin qələbəsi kimi təqdim edəcəkdilər, digər tərəfdən də ermənilərin bu müsabiqədə çox-çox arxada qalması Azərbaycan üçün üstünlük hesab olunurdu. O baxımdan, ilk günlər qalibiyyət havası mahiyyətinə varmadan hər kəsi sardı və birdən hamı oyandı ki, sən demə, çox ciddi problemlərlə üz-üzə qalıblar, kobud desək, bunlar özlərini işə saldılar.

Sən demə, bu qələbəyə də hazır deyilmişlər

 

Lülə, tikə və dana basdırması

 

– Bəli, hazır deyillər. Gerçəkdən… Vaxt daraldıqca, müsabiqənin texniki tərəflərini həll edə bilmədikcə, başa düşürlər ki, necə ağır və məsuliyyətli bir işin altına giriblər. Birincisi, mənim turizm sahəsində çalışan çox yaxın yoldaşlarım var və onlar bu sahənin mütəxəssisidirlər. Onlar çox inadla qeyd edirlər ki, Azərbaycan indiki şəraitdə 30 min turisti qəbul etmək iqtidarında deyil. Bunun üçün infrastruktur yoxdur, çox bərbad vəziyyətdədir. Qiymətlər çox bahadır, fərqlilik yoxdur, təhlükəsizliyə təminat yoxdur…

Şahvələd Çobanoğlu:

– Bizdə restoranların menyüsü «lülə, tikə və dana basdırması» ilə yekunlaşır…

Seymur Baycan:

Bir məqaləmdə qeyd etmişdim ki, Azərbaycan restoranlarının menyüsü Azərbaycanın Konstitusiyasına oxşayır. Belə baxırsan hər şey var, amma soruşanda lülə-tikə kababından başqa heç nə yoxdur. İkincisi, bunlar turisti qəbul etməyə hazır olduqlarını bəyan edirlər və turistlər də gələndə məlum olur ki, Azərbaycan otellərində kameralar quraşdırılıb və istənilən an istənilən əcnəbinin hərəkəti kameralarda qeydə götürülə bilər. Bu da ciddi bir problemdir əcnəbilr üçün. Üçüncüsü, daha ciddi məsələ: bu hadisənin özü banal hadisədir, bu isə çox qorxulu bir anlayışdır. Şahvələd bəy bu kampaniyaya başlayanda mən ciddi əmin oldum ki, əgər bu kampaniya mərhələ-mərhələ keçirilərsə, çox ciddi nəticələrə nail olunar. Ona görə ki, bir adama Arif Hacılının həbsdə olduğunu deyəndə bunun mahiyyətini başa salmaq çətin olur, çünki bu hamının mövzusu deyil. Və yaxud da ki, hər hansı qəzetin bağlanması məsələsi. Avroviziya müsabiqəsi kütləvi olduğu üçün artıq bütün dünyanı bu məsələdən agah etmək olar.

 

Bizi Avropadan qoparmaq mümkün deyil

 

Şahvələd Çobanoğlu:

Azərbaycanı ötən illər ərzində nə qədər qapalı bir ölkə kimi saxlamaq istəsələr də, bu hadisənin özü o sərhədləri qırmağı hakimiyyətdən tələb edir. Əvvəllər QHT-nin, KİV-in, müxalifətin yazdıqları inkar edilirdi, öz televiziyaları, qəzetləri vasitəsilə əks-təbliğat aparmağa çalışırdılar və müəyyən görüntü yaratmağa nail olduqlarını düşünürdülər. İndi isə hər şey açılacaq və hər şey də göz qarşısında olacaq. Sərhədlər açılır və hər kəs Azərbaycana daxil olaraq, bu ölkədə baş verənləri öz gözləri ilə görəcək. Üstəlik əsas məsələ odur ki, Azərbaycanda problemlər həqiqətən də var. Bilirsinizmi, uzun müddət onsuz da bu problemləri gizlətmək olmazdı. Hakimiyyət Azərbaycanın problemlərini uzun illər bir yerə qapayıb, hamıdan gizli saxlamağı bacarmaz. Ölkələr də uzun müddət bir-birilərinə münasibətdə biganə qala bilməzlər. Azərbaycan Avropa ölkəsidir, illərlə ədəbiyyatı, mədəniyyəti, elmi, tarixi, inqilabları hamısı çulğalaşıb, bunlar müəyyən mənada eyni bölgədə yerləşən ölkələrdir. Bizi bunlar nə qədər Avropadan qoparmağa çalışsalar da, mümkün deyil. Biz artıq o məkanla həqiqətən də birləşmişik. Həm ortada ciddi problemlərin olması, həm də Azərbaycanın həqiqətən də bu ailəyə, bu coğrafiyaya aid olmağımızla artıq bu ailənin üzvüyük. «Əli və Nino» əsəri yadanızdadırmı hansı cümlə ilə başlayır? «Biz Avropa ölkəsiyik, ya deyilik?» Görün, bir əsr bundan əvvəl qoyulmuş bir məsələni biz indi də müzakirə edirik. Halbuki hakimiyyətin istəyib-istəməməsindən asılı olmayaraq, Azərbaycan Avropa ölkəsidir. Biz Avropa ilə artıq bir ailəyik. Biz mədəniyyətimizi, dinimizi saxlayaraq bu ailənin üzvü olmağı bacaracağıq. Necə ki, Türkiyə vaxtilə bütün dünyaya sübut etdi ki, bu modellə Avropa ölkəsi ola bilər. Bu gün Türkiyə Avropanı hətta üstələməyə doğru addımlayır. Yeni statistik məlumatlara görə, bir vaxtlar Avropaya iş dalınca gedən türklərin böyük bir qismi yenidən Türkiyəyə qayıdır. Artıq yeni dalğa başlayıb. Çünki Türkiyənin büdcəsi, adambaşına düşən gəliri artmağa başlayıb. Təbii ki, Türkiyə öz problemləri ilə hələ tam olaraq Avropanın digər ölkələrindən fərqlənir. O, Avropa ölkələrindən fərqli mədəniyyətə məxsus bir ölkədir, amma bununla yanaşı, Avropadan alnmış hava neftsiz də onu görün haralara gətirib çıxardı?

 

Biz mətbuatta ıqlanmayan çox işlər görürük!..

 

Mən hazırda Türkiyənin iqtisadiyyatı ilə bağlı, onun Rusiya və Avropa ilə müqayisəsi ilə bağlı geniş materiallar toplayıram və bununla bir növ özümün, inanclarımın doğru olduğunu sübut etməyə başlayıram. Bəli, mən inanıram ki, məhz azadlıqlar kiçik dövlət üçün belə böyük qapılar açır və bu qapıları nə vaxtsa bağlayanlar həqiqətən də nə vaxtsa həmin qapının arxasında qalacaqlar. Bu mənada Avropa da bizə kömək edir. Mən bir şeyi də hökmən demək istəyirəm. Biz keçirdiyimiz kampaniyanın bütün detallarını hələlik mətbuat üçün açmaq istəmirik. Biz orada nələrdən istifadə edəcəyik, daha hansı kampaniyaları keçirmək niyyətimiz var, çağırışlarımız necə olacaq, bunları detalları ilə açmaq istəmirəm. Amma bir şeyi qeyd etmək istəyirəm ki, bütün bunların hamısı olacaq. Açığını deyim ki, çox pozitiv bir əhval-ruhiyyəmiz var. Hətta Azərbaycan hakimiyyətinin bizi başa düşməsinə nail olacağıq…

Buna inanmadıq

 

Nəyə nail olacağıq?

 

– Hər bir halda ona çalışacağıq. Getdikcə də tələblərimizi artıraraq, mərhələ-mərhələ bu kampaniyanı aparacağıq. Amma digər tərəfdən bizə tez-tez sual verirlər ki, görəsən nəyə nail olacağıq? Mən elə hesab edirəm ki, təsəvvürlərin xeyli dəyişməsinə nail olacaq və ən azı bu kampaniyanın özündə biz bir qədər də mükəmməlləşəcəyik. Bir az da problemlərimizi, cəmiyyəti tanıyacağıq və başlıcası odur ki, biz boş dayanmamalıyıq. Mən «ümid yoxdur» deyə fəaliyyətsiz dayanmağı da düzgün hesab etmirəm. Mən ona görə də Azərbaycan cəmiyyətini, medianı, siyasi partiyaları, QHT-ləri kampaniyamıza qoşulmağa, fəal olmağa çağırıram.

Biz «Xural» qəzeti olaraq sizin kampaniyaya qoşulduğumuzu bəyan edirik

– Kampaniyamıza ayrı-ayrı fərdlər də qoşula bilərlər. Biz Seymur bəylə birlikdə bir yapon rejissorunun qısa müsahibəsini izlədik. O deyir ki, mən fəaliyyətsiz insanları ölü adam hesab edirəm.

Tamamilə doğrudur

 

Anar Məmmədli:

– Biz fəaliyyətsiz ola bilmərik. Nə qədər ümid var, nə qədər iş görəcəyik, o öz yerində. Amma bütün hallarda biz cəmiyyətimizin də bir dinamikasını istəyirik. Bir hadisə baş verirsə, ona vətəndaş reaksiyası göstərmək hər birimizin borcudur.

 

Müsabiqə günü yağış yağması üçün dua edək!

 

Sizcə müsabiqəyə qədər başladığınız kampaniyanın hansı şərtləri yerinə yetiriləcək? Ümumiyyətlə, konkret olaraq deyə bilrmisinizmi ki, müsabiqə baş tutduğu təqdirdə nələr baş verəcək, baş tutmadığı təqdirdə nə olacaq?

Şahvələd Çobanoğlu:

– Hesab edək ki, hakimiyyət heç bir şərti qəbul etmir, amma bunun müqabilində müsabiqə də baş tutur. Belə bir halda Azərbaycan hakimiyyəti istəsə də, istəməsə də itki ilə çıxacaq. Yəni Azərbaycana gələn əcnəbilər Azərbaycanda qarşılaşdıqları problemləri də özləri ilə gəldikləri ölkələrə daşıyacaqlar. Müsabiqə günlərində son məlumatlara görə, teleşirkətlərin 1000-dən çox kamerası və 2 mindən çox jurnalisti Azərbaycanda olacaqlar. Azərbaycandan informasiya axını etmək üçün bu kifayət deyilmi?

 

Əvəz Zeynallı:

Müsabiqənin olduğu günlər Allahdan şiddətli yağış yağdırması üçün dualar oxuyaq. O zaman hakimiyyətin nəyə qadir olduğu dərhal üzə çıxacaq… (Gülüşmə…)

Rəsul Cəfərov:

Avropalıların gözünün qarşısında leysan yağışı yağsa, görəcəklər ki, Bakı Avropa «şəhəri» tək bu leysan yağışına nə səviyyədə hazırdır…

Rövşən Hacıbəyli:

Təbii ki, qonaqlar tək mahnı dinləmək üçün gəlmirlər ki! Onlar sıradan bir insanla saatlarla oturub, məlumat toplaya bilərlər. Onlara heç nəyi məxsusi olaraq göstərmək lazım deyil. Onlar bəlkə də bizdən daha artıq açıqgözdürlər və bizim görmədiklərimizi belə onlar görüb bütün dünyaya yayacaqlar.

 

Biz çətinlikləri nəzərə alırıq

 

Şahvələd Çobanoğlu:

Ancaq bu yarışmanın Azərbaycanda baş tutmayacağına inanmıram. Ona da ümid etmirəm ki, bizim tələblərimiz hakimiyyət tərəfindən asanlıqla qəbul ediləcək. Bu mübarizədə şəxsən ona əsaslanıram ki, bütün hallarda bizim də tələblərimizin keçməsi, arzularımıza tezliklə çatmağımız o qədər də asan deyil. Amma Azərbaycan hakimiyyətinə də asan olmayacaq. Bizə həm də Avropadan dəstək olacaq. Onlar bu gün bizsiz işləyirlər. Norveç şahzadəsi Azərbaycana gələndə biz heç bir şey tələb etmədiyimiz halda yerli QHT-lər ayağa qalxmışdılar ki, o, insan haqlarının pozulduğu Azərbaycana niyə səfər edir? O tələbləri onların özləri qoymuşdular. Orada mən azərbaycanlılardan eşitdim ki, hələ o vaxta qədər bu ölkənin televiziyalarında bu məsələ ilə bağlı bu qədər qızğın debatlar keçirilməyib. Bir qrup deyib ki, Azərbaycanda insan haqları ilə bağlı heç bir problem yoxdur, xırda problemlər var ki, onları da aradan qaldıracaqlar, digər qrup isə bununla razılaşmayıb, etiraz ediblər ki, şahzadə Azərbaycana gəlməsin. Mən ona görə deyirəm ki, biz fərqli regionda olmağımıza baxmayaraq, eyni hüquq və azadlıqları istəyən adamlarıq. Azərbaycan Avropanın ərkəsöyün, nefti ilə zəngin olan ölkəsidir. Azərbaycan bəlkə də kənardan yaxşı görünür. Avropalıların çoxu Azərbaycan haqqında tam məlumatsızdırlar, əsl həqiqətləri onların özləri belə bilmirlər. Avropa, Türkiyə mətbuatı hələ də Azərbaycana lazım olan diqqəti göstərmir. Hələ bir çox hallarda hakimiyyətin özü də xaricdə təbliğat aparır, özünün lobbiçiliyini qurur və yazılar yazdırır, mətbuatı istədiyi kimi «qazanır», kimlərisə ələ alır. Amma bu dəfə tam fərqli bir şərait yaranır və bu şəraitdə bir çox problemlərin üzə çıxmasının qarşısını almaq mümkün olmayacaq.

 

Rövşən Hacıbəyli:

Biz bu mübarizəni tək aparmırıq, xaricdə bizim xeyli fəal gənclərimiz var ki, onlar da bizimlə bir yerdədirlər. Onsuz da bizim bu işi nə cür aparmağımızdan asılı olmayaraq, onların hər biri bu gün aktiv fəaliyyətdədir, təzyiq üsullarından onlar da yetərincə istifadə edəcəklər. Bununla bağlı artıq bizə müraciət edənlər də var, Rəsul bəy bu haqda daha ətraflı məlumat verə bilər.

 

Bütün hallarda hakimiyyət yaxşıca qazanacaq

 

Rəsul Cəfərov:

Bizim keçirdiyimiz kampaniya haqqında məlumatı əks etdirən videoçarxımız (youtube.com–da «Avroviziya-2012, Azərbaycan, sən belə Avroviziya istəyirsənmi?) var. Bizdə olan məlumata görə, o çarxla bağlı youtube-yə xeyli şikayətlər daxil olub və onlar da çarxın yayımını müvəqqəti olaraq dayandırıblar. Orada Elmar Hüseynovun qətlə yetirildiyi gün çəkilmiş şəkillər yer tutur. Biz güman edirik ki, həmin şikayətlər o şəkillərə görədir. Çünki bir əsas da olmalıdır. İki gün keçəndən sonra biz youtube-nin administrasiyasına informasiya xarakterli məktubla müraciət etdik və yenidən videoçarxın yayımını bərpa etdik. Bundan başqa, digər ölkələrdə yaşayan və bizə dəstəkçi olan gənclərimiz öz adminlərindən yenidən həmin çarxı yayımlamağa başladılar. Bundan sonra youtube-yə şikayət etsələr belə, administrator onların hamısına nəzarət edə bilməz. FB-də da çox böyük kampaniya gedir. Bütün bunların fonunda mən müsabiqənin Azərbaycanda keçirilməcəyini də istisna etmirəm. Azərbaycan hakimiyyəti bizim qoyduğumuz şərtlərə bir daha biganə yanaşsa, bəlkə də boykot edilə bilər. Edilmədiyi təqdirdə belə hər iki halda bizim uğurlu şəkildə aparacağımız iş müəyyən nailiyyətlərin əldə olunmasına gətirib çıxaracaq.

Rövşən Hacıbəyli:

Amma müsabiqə keçirilsə də, keçirilməsə də dövlət bu məsələdə qazanc mənasında udacaq (Gülüşmə…).

Şahvələd Çobanoğlu:

– Bunların yaxşı yeyintisi olacaq…

 Son

Hazırladı:

XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 042 (450), 25 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button