Hərəkətə gəlməliyik!!!

İctimai Palatada “WikiLeaks” dinləmələri keçirildi…

Dünən Müsavat Partiyasının mərkəzi qərargahında İctimai Palatanın təşkilatçılığı ilə  “WikiLeaks. Dünya, Region, Azərbaycan” mövzusunda dinləmələr keçirildi. Tədbirdə İP-in Koordinasiya Şurasının üzvləri, qurumun fəalları, aparıcı müxalifət partiyalarının rəhbərləri, politoloqlar, ziyalılar iştirak edirdilər. Ərəstun Oruclunun məruzəçi olduğu toplantıda “WikiLeaks”-ın açıqlamaları ilə yanaşı, Türkiyə-İsrail münasibətləri, qardaş ölkəyə Azərbaycanın dəstək verməsi də müzakirə edilib.  

“WikiLeaks” dünyanı dəyişmək istəyən qlobal iqtisadiyyatın silahıdır”

Ə.Oruclu məruzəsində bildirdi ki, “WikiLeaks” açıqlamalarının səbəblərinə diqqət yetirmək üçün bir qədər əvvələ nəzər salmaq, 2008-ci ilin qlobal maliyyə böhranı nəzərdən keçirmək lazımdır: “Maliyyə böhranı uzun müddət idi kapitalla siyasət arasında gedən mübarizənin ilk açıq fazası idi. Siyasət azad bazar, kapital üzərində durmadan öz hakimiyyətini gücləndirir. Təbii ki, iqtisadiyyat bunu sevmir. Bir çox analizlər göstərir ki, hakimiyyətlərin səmərəsiz xərclərinin artması, bunun nəticəsində büdcə kəsirlərinin yaranması və vergilərin artırılması, investisiya vəsaitlərinin sosial xərclərə yönəldilməsi iqtisadiyyatda böhrana yol açan bir amil idi. Belə bir fikir yaranır, artıq qlobal iqtisadiyyat qərara gəldi ki, oyun qaydalarını dəyişmək lazımdır. Ona görə dəyişmək lazımdır ki, dünyanın siyasətində iqtisadiyyat öz yerini tutsun”. Ə.Oruclu bildirdi ki, “WikiLeaks” əslində siyasəti və diplomatiyanı açmaq məqsədi güdürdü: “Açıb göstərmək. Kim kimdir, kim haradadır, kim kimlədir, kim nəçidir? Bir çox hallarda bu məqsədə nail olundu. Mən niyə iqtisadiyyatdan başladım “WikiLeaks nədir, o haradan qaynaqlanır” sualına cavab verməyə? Mənim şəxsi inamıma görə, “WikiLeaks” dünyanı dəyişmək istəyən qlobal iqtisadiyyatın silahıdır. Güman eləmirəm ki, ABŞ administrasiyası bu sənədləri açıb ortaya qoymaqda maraqlı ola bilərdi. Ən azı ona görə ki, bu halda partnyorların etimadı zədələnmiş olurdu. Necə ki oldu. Amma eyni zamanda bunun şahidi olduq ki,  “WikiLeaks” teleqramları üzə çıxandan cəmi bir  neçə gün sonra ABŞ dövlət katibi Hillari Klinton tərəfdaşlardan üzr istədi, lakin təkzib eləmədi. Sentyabrın 10-da səfir
Metyu Brayza “Azadlıq” radiosunda müsahibəsində deyirdi ki, bu yaxşı hal deyil. Amma müsahibədə belə bir ifadə də var idi ki, bunlar, diplomatların vaxtında yazdıqları sənədlərdir və ölkələrdəki real vəziyyəti əks etdirir. Bu, artıq kifayət edir ki, həmin sənədlərin orijinal olub-olmamasını şübhə altına almayım. “WikiLeaks”ın təsiri nədən ibarət oldu? Birinci, biz özümüz üçün xeyli məqamları kəşf elədik. Azərbaycanla bağlı hissəni bir neçə qrupa bölmək olar. İlk olaraq Türkiyədən başlamaq istəyirəm. Türkiyə Azərbaycanın müttəfiqi deyil, Türkiyə Azərbaycanın özüdür. Amma 2009-cu ildən Azərbaycan iqtidarı Türkiyəyə qarşı kampaniya aparır. “WikiLeaks” açıqlamaları göstərdi ki, bunda ən azı 4 səbəb var. Azərbaycanın dövlət başçısının dilindən 4 səbəb səslənir: Türkiyə-Ermənistan münasibətləri, qaz məsələsi, Türkiyə Azərbaycana islamı ixrac edir, Türkiyə anti-İsrail siyasəti aparır. Sual olunur ki, 2009-ci ildən açıq mərhələyə keçən gərginliyin səbəbi bu dördündən hansıdır? Bizim qənaətimizə
görə, səbəb birdir. Rəsmi Bakı birbaşa Vaşinqtonla işləmək istəyir. Məhz bu səbəbdən də çalışır ki, bütün qonşuları nüfuzdan salsın. Saytın açıqladığı sənədlərdən bu, aydın görünür. Bunu açıb ortaya qoymaqla “WikiLeaks” Azərbaycan hakimiyyətini ifşa elədi ki, bunların siyasi strategiyası dedi-qodudan, qeybətdən ibarətdir”. Saytın açıqlamalarında Rusiya ilə bağlı məqamlardan danışan Ə.Oruclu bildirdi ki, açıqlamalar İlham Əliyevin ABŞ diplomatları ilə görüşdə Rusiyanın Azərbaycana təzyiqlər göstərməsindən söz açır və Azərbaycan rəsmiləri Rusiyanın daxili siyasəti haqqında təhlillər verirlər. Bu, Azərbaycan-Rusiya münasibətlərinə də çox ciddi xələl gətirir”. “WikiLeaks” açıqlamaları bir daha sübut etdi ki, Azərbaycanın xarici siyasət strategiyası yoxdur, Azərbaycan heç kimlə müttəfiq deyil, Azərbaycan siyasətində heç bir nizam yoxdur, Azərbaycan siyasəti anlayışı siyasət standartlarından xeyli uzaqdır. Ona görə də İctimai Palata bu məsələlərə hakimiyyətdən izahat istəməlidir. Saytın açıqladığı sənədlərdən belə görünür ki, Azərbaycan rəsmilərinin az qala hamısı İranla işbirliyindədir. Bu məsələlərə görə
hakimiyyətdən izahat tələb olunmalıdır. İzahat tələb olunmalıdır ki, hakimiyyət niyə anti-Türkiyə siyasəti aparır? Kim onlara bu haqqı, mandatı verib? Azərbaycan xalqı anti-Türkiyə siyasətini dəstəkləmir, kəskin pisləyir. Bunun sübuta ehtiyacı yoxdur”. Türkiyə biz özümüzük!

Müsavat Partiyasının başqanı İsa Qəmbər çıxışında bildirdi ki, “WikiLeaks” dünyada dəyişikliyin bir simvoludur: “WikiLeaks”də dünyanın əksər ölkələri ilə bağlı məqamlar var. Rejimləri ifşa edən, situasiyaları dəyərləndirən ciddi sənədlər ortaya çıxır. Azərbaycanla bağlı da açıq-aydın mesajdır ki, sizi kimin idarə etdiyini biz bilirik. Bu çox önəmlidir. Bir var ki, hansısa faktı biz bilirik. Bir də var ki, həmin faktı hamı bilir. Bu saat dünyada gedən dəyişikliyin əsas nöqtələrindən biri Azərbaycandır və Güney İsa Qəmbər çıxışında İsrail-Türkiyə məsələsi ilə bağlı fikirlərini acıqladı: “Türkiyə biz özümüzük. Türkiyəyə başqa bir dövlət kimi yanaşmaq lazım deyil. Məsələyə milli strateji yanaşma lazımdır. Əgər Türkiyə səfiri axır ki, dilə gəlib Azərbaycandan bir istəyini ortaya qoyubsa, bu, Azərbaycan hakimiyyətinə və xalqına mesajdır. Xalqa mesajdır ki, bir düşünün hansı hakimiyyət sizi idarə edir, ən yaxın müttəfiq dediyiniz Türkiyəyə qarşı hansı mövqeyi ortaya qoyur? Məsələyə strateji yanaşmaq lazımdır. Azərbaycan hakimiyyəti təcili olaraq ya Türkiyədə, ya Azərbaycanda strateji tərəfdaşlıq şurasının çağırılmasını təklif etməlidir. Şura yığılmalıdır, məsələ masaya yatırılmalıdır, danışılmalıdır, soruşulmalıdır ki, Türkiyənin hansı dəstəyə ehtiyacı var. Dəyərləndirilmə aparılmalıdır və birgə qərarlar qəbul olunmalıdır. Azərbaycan Türkiyəyə birmənalı şəkildə dəstək verməlidir. Aydınlıq, səmimiyyət olmalıdır. Türkiyə ilə birgə olmaq Azərbaycanın maraqların tam şəkildə uyğundur”. “Qaranlıq gecənin birində işıqları yandırdılar”. AXCP sədri Əli Kərimli “WikiLeaks”ın açıqladığı məlumatların önəmindən danışdı: “Bizim üçün önəmli odur ki, qaranlıq gecənin birində işıqları yandırdılar. Azərbaycanı yönəldənlər bizim gözümüzün qabağında şəffaflaşdılar. Biz onların kim olduqlarını, nə işlə məşğul olduqlarını güman edirdik. İndi tam aydın bildik. Məlum oldu ki, bunu bütün dünya da bilir. Açıq şəkildə ifadə olunur ki, Azərbaycan hakimiyyəti daxilində ciddi konflikt var. Ölkə mafiya qanunları ilə idarə olunur. Məlum olur ki, bu hakimiyyət Azərbaycanın milli təhlükəsizliyinə təhdiddir. Azərbaycanı müttəfiqsiz qoyub bu hakimiyyət. Məlum olur ki, bu hakimiyyətində ən yüksək postlarda olan adamlar pul müqabilində başqa ölkələrə işləyirlərmiş. Daha nə lazımdır ki, xalq fərqində olsun ki, bu hakimiyyət Azərbaycanın milli təhlükəsizliyinə təhdiddir”. Əli Kərimli də İsa Qəmbərin Türkiyə-Azərbaycan strateji tərəfdaşlıq şurası yaradılması və təcili birgə yığıncağın çağırılması təklifini dəstəklədi. AXCP sədri bildirdi ki, Azərbaycan dünyaya elan etməlidir ki, biz Türkiyə ilə strateji müttəfiqik və Türkiyəyə özümüz kimi yanaşırıq: “Biz hamı ilə yaxşı münasibətlər saxlamaq istəyirik. Amma bir dövlət var ki, onunla münasibəti heç kimlə bir tərəziyə qoymaq istəmirik. Bu, Türkiyədir. Azərbaycan bunu açıq bəyan etməlidir”.

Əfqan Muxtarlı

“Xural” qəzeti,

il 9, sayı: 039 (447), 22 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button