Hər ay əmlak komitəsinə 500 milyon manat rüşvət yığılır!!!

 

Nurəddin Zülfüqarlı: ««Qardaşım dedi, əgər əmlakı verməsən bizim ailəmizi məhv edəcəklər!»

 Zülfüqarlı qardaşlarına məxsus iki iri zavod əllərindən alınandan sonra qardaşlarının biznesinə rəhbərlik edən Nurəddin Zülfüqarlı da bu yaxınlarda Azərbaycanı tərk etmək məcburiyyətində qalıb. Hazırda Türkiyədə yaşayan Nurəddin Zülfüqarlı Azərbaycanda üzləşdikləri problemlərlə bağlı «Azadlıq» Radiosuna müsahibə verib.

 

– Nurəddin müəllim, Zülfüqarlı qardaşlarına, yəni sizlərə qarşı nə baş verir, bu proseslər nə zamandan başlayıb?

– Bizə problemlər əsasən, 2004-cü ilin sonlarından başlayıb. Bu da onunla bağlı idi ki, mən hər iki prezidentlə, həm Heydər Əliyevlə görüşdə, həm də 2004-cü ildə Biznes Mərkəzdə prezident İlham Əliyevin sahibkarlarla görüşü zamanı tənqidi çıxışlar etmişdim.

– Kimi tənqid etdiniz həmin çıxışınızda?

– Birbaşa daxili işlər nazirliyinin rəhbərliyini, yol polisini, Respublika Prokurorluğunu, Gömrük Komitəsini və digər qurumların rəhbərlərini tənqid edib, onların iş adamlarının fəaliyyətinə suni maneələr törətdiklərini, inhisarçılıqla bağlı məsələləri prezidentə çatdırdım. Elə bu çıxışlardan sonra mənə qarşı kampaniya başladı.

– Sahibkarlara hansı maneələr yaradılırdı ki, siz bu barədə də prezidentə şikayət etmək qərarına gəldiniz?

– Əsasən, bizim işlərimizə Daxili İşlər Nazirliyinin nümayəndələri mane olurdu, yersiz yoxlamalar vardı. Bizə gələn yüklərlə bağlı Gömrükdə yaranan problemlər, ikiqat, üçqat rüsuma cəlb olunma, bizdən tez-tez rüşvət tələb edilməsi. Daha sonra yol polisinin bizim işlərimizə müdaxiləsi. İşimiz metallurgiya sahəsi olduğundan, gündə ən azı 20-30 maşınımız yük daşıyırdı. Hər addımbaşı yol polisinin müdaxiləsi olurdu. Bundan başqa, Bakı Şəhər İcra hakimiyyəti müracuiətlərimizə cavab vermirdi, yenidənqurma işlərimizə mane olurdu. Rayon icra hakimiyyəti də bizə xeyli maneələr yaradırdı.

– Yaxşı, bu çıxışınızın nəticəsi nə oldu?

– Mən çıxışım zamanı həmin problemləri qabarıq şəkildə bildirdim. Düzdür, o zaman prezident məni dinlədikdən sonra bəzi göstərişlər verdi. Amma tənqid etdiyim məmurlarda mənə qarşı intiqam hissi yaratdı. Sonra məni heç bir tədbirə dəvət eləmədilər. Bir az sonra isə mənə qarşı şər-böhtan kampaniyası başladı. 2005-ci ilin dekabrında Əmlak Məsələləri Dövlət Komitəsinə dəvət olundum. Komitənin rəhbəri və iri səhmdar cəmiyyətlər üzrə idarənin rəisi mənə dedi ki, “Bakıpoladtökmə” və “Bakıelektroştamp” Səhmdar Cəmiyyətlərini geri qaytarmalısınız. Dedilər ki, adlarını deyə bilməyəcəkləri yüksək rütbəli dövlət məmurları bu müəssisələri istəyirlər. Bunu könüllü versəniz, daha yaxşı olar. Müqavimət göstərsəniz, özünüzün və ailənizin problemləri olacaq.

– Siz o müəssisələri necə əldə etmisiz?

– 2002-ci ildə Heydər Əliyevlə görüş zamanı dedim ki, İqtisadi İnkişaf Nazirliyi özəlləşməni ləng aparır, biz iş adamları çökmüş müəssisələri alıb özəlləşdirmək istəyirik, amma dövlət məmurları buna maneələr yaradırlar. Bundan sonra prezident göstəriş verdi ki, həmin müəssisələr tenderə çıxarılsın. Mən də qardaşlarım və digər ortaqlarımla tenderdə iştirak etdik. “Bakıelektroştamp” cəmiyyətinin qalibi olduq və ora xeyli miqdarda yatırım qoyduq.

2004-cü ildə eyni vəziyyətdə olan “Bakıpoladtökmə” zavoduna tenderdə də qalib gəldik. Ora da sərmayə qoyub onu dirçəltdik. O zaman belə dağılmış vəziyyətdə olan müəssisələrə yatırım qoymaqda heç kim maraqlı deyildi.

– Hər iki zavoda nə qədər yatırım qoydunuz?

– Bununla bağlı bütün sənədlər mövcuddur. 10 milyonlarla dollar yatırım qoyduq. O vaxt Azərbaycana gələn qonaqlara nümunəvi müəssisə kimi bizim zavodları göstərirdilər. Azərbaycan televiziyası o vaxt bizim müəssisələrdən 45 dəqiqəlik veriliş verib.

– Nurəddin müəllim, sizdən tam müəsissəni istəyirdilər, yoxsa müəyyən faizini? 

– Əmlak Məsələləri Komitəsinin rəhbəri və həmin komitənin idarə müdiri məni söhbətə dəvət edəndə dedilər ki, müəssissələri tam verməlisiniz. Mən etiraz etdim, bunun mümkün olmadığını bildirdim. Dedim, bu təkcə mənim deyil, qardaşlarımın, ailə üzvlərimiz, qohumlarımızın sərmayələri var burada. Biz qardaşların Rusiyada neçə illər qazandığı sərmayələrin hamısını bu müəssisələrə yatırmışdıq. 2005-ci ildən müəssiələr gəlirlə işləməyə başlayanda dedilər ki, onları təhvil verməlisiniz. Bu söhbətdən  heç bir həftə keçməmişdi yas yerindən evə qayıdarkən 6 nəfər mülki geyimli şəxs mənim və sürücümün başına kisə keçirib naməlim istiqamətə apardılar. Təxminən yarım saatdan sonra bildik ki, bizi DİN-in terrorizmə qarşı mübarizə idarəsinə gətiriblər.

– Siz və qardaşlarınız həbs olunandan sonra  müəssisələrin taleyi necə oldu?

– Bizim müəssisələri ələ keçirmişdilər, müəssisələrin fəaliyyəti tam dayandırılmışdı. 1500-dən çox işçimizi zavoda buraxmırdılar. Özəl müəssisə olsaq da, Maliyyə Nazirliyindən belə yoxlamalar apardılar. Bizi həbs etmələrinə baxmayaraq, heç bir istintaq getmirdi. Hər gün məndən soruşurdular ki, müəssisələrlə bağlı nə qərara gəldin? Mən heç bir söz demirdim.

Bu minvalla məni 17 gün terrorizmə qarşı mübarizə idarəsində saxladılar. Sonra qardaşlarıma təzyiqlər etməyə başladılar ki, böyük qardaşları kimi məni başa salsınlar. Desinlər ki, Azərbaycanda bütün sahibkarlar onların tələbləri ilə razılaşıblar, mən də razılaşım.

Məsələ mətbuata çıxandan sonra mənə qarşı qurama bir iş açıldı. Dedilər, adını eşitmədiyim, üzünü görmədiyim bir qadın şikayət edib ki, guya mənim İsrafil Məmmədov adlı bir cangüdənim var, o, həmin qadının əmlakını əlindən almaq istəyib. Halbuki həmin cangüdən kim idi, mən sona qədər onu görüb tanımadım. Sonra məlum oldu ki, mənim kimi xeyli sahibkarın şərlənməsində həmin qadından istifadə olunub. Hətta bu yaxınlarda da bir iş adamına həmin qadın yenidən problem yaradıb. Məni altı ay Bayıl təcridxanasında saxladılar. Həmin müddətdə dönə-dönə təklif edirdilər ki, onların dedikləri ilə razılaşım. Mən də bu müddət ərzində düşünürdüm ki, ölkə prezidenti üzləşdiyim problemdən xəbərdar olub reaksiya verəcək, amma bu, olmadı.

Nəhayət, həbsxana rəisinin otağında müstəntiqin təzyiqləri altında müəssisəmlə bağlı mənim ailə üzvlərimdən Baxış Zülfüqarlı ilə məni görüşdürdülər. O dedi, xeyli təzyiqlər var. Məni də göndəriblər ki, sənin razılığını alım. Dedi, əgər əmlakı verməsən və sənədə imza atmasan, bizim ailəmizi məhv edəcəklər. Müstəntiq də mənə xatırlatdı ki, müəssisənin 80 faizini deyilən şəxsə verməsən, özünü və yaxınlarını təhlükəyə atmış olursan.

– Bu məsələlərin sonu necə oldu, müəssisələrin deyilən adamlara verilməsinə razılıq verdinizmi?

– Həbsxana rəisinin otağında, müstəntiqin təzyiqi altında mənə etibarnamə imzalatdılar və eyni gündə də mənim əmlakımın 80 faizi əvəzi ödənilmədən Gəray Məmmdov adlı bir kasıb daş ustasının adına keçirildi. Hansı ki, bu əməliyyatların normalda aparılmasına bir ay vaxt lazım idi. Mənim razılığımı alan kimi məni də, qardaşımı da dərhal azadlığa buraxdılar. Biz bəraət də aldıq. Bildirildi ki, həmin qadın bizə şər atıb. Biz həbsdən buraxılanda zavodlar pis vəziyyətdə idi. Əmlak Məsələləri Komitəsinin sədri Kərəm Həsənov məni və qardaşım Loğman Zülfüqarlını çağırdı. Dedi ki, siz o zavodları yenidən dirçəldin və sizin faiziniz yavaş-yavaş qaytarılacaq.

– Yəni 80 faizi əlinizdən alınan zavodları?

– Bəli, həmin zavodlardan söhbət gedirdi.

– 80 faiz əlinizdən alınmışdı, bəs sizə nə qalmışdı o zavodlardan?

– 17 faiz birindən, 16,8 faiz də o birindən qalmışdı. Bundan sonra bizimlə şərt kəsildi. Əmlak Məsələləri Komitəsindən 4 nəfər ayrıldı. Bütün maliyyə onların əlindən keçirdi, bizim işimiz isə yalnız məhsul istehsal etmək idi. 80 faizin pulu hər ay Komitədəki 400-500 milyon manat pul tutan seyflərə yığılırdı. Tək biz deyil idik, başqa iş adamları da pullarını hər ay ora təhfil verirdilər. 5 il ərzində Komitəyə 12 milyon manata yaxın pul ödənildi. Gəlirin 20 faizini bizə verir, 80 faizini isə özlərinə götürürdülər.

– Nurəddin müəllim, bu dediklərinizi sübüt edəcək sənədlər varmı əlinizdə?

– Dediklərimlə bağlı çoxsaylı sənədlər və şahidlər var. Bu dediklərimi 100 faiz sübut edə bilərəm. Bu barədə mən xeyli dövlət qurumlarına müraciət etmişəm, amma baxan olmayıb.

Sonda isə prezidentə, Daxili İşlər nazirinə, MTN-ə, Prezidentin Mühafizə Xidmətinə – Bəylər Əyyubova, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevə, onun oğluna, ümumilikdə 8 ünvana videomüraciət göndərmişəm. Amma hələ də bu müraciətlərə cavab almamışam.

– Nurəddim müəllim, deyirsiniz hər müəssisədən 17 faziə yaxın sizə qalmışdı, bəs necə oldu ki, müəssisələri əlinizdən tam aldılar?

– 2010-cu ilin sonlarında yenə bizə problemlər yaradıldı. Bizim başqa yerdən gələn mallarımızı gömrükdən buraxmırdılar, yersiz yoxlamalar olurdu. Hiss edirdik ki, yenə nəsə baş verir. 2011-ci ilin yanvarında Rasim adlı bir şəxs qardaşım Loğmanın yanına gəlib deyib ki, müəssisələrdən tam imtina edərək ölkəni tərk etməlisiniz. Bunu etməsəniz, 2005-ci ildə baş verənlər təkrarlanacaq. Bundan sonra 18 milyon manat sərmayəmizi qoyub Azərbaycanı tərk etdik.

– Nurəddim müəllim, 2011-ci il sentyabrın 17-də məlumat yayıldı ki, sizin Lökbatandakı “Xəzər-Boru” zavoduna hücum olub. Məlum oldu ki, sizin zavoda gələnlər “SOCAR”ın (ARDNŞ) Təhlükəsizlik İdarəsinin əmakdaşlarıdır. Onların əyinlərindəki gödəkçələrin üzərində bu yazılmışdı. Bu müəssisə ilə bağlı nə baş verdi?

– Bizə həmişə deyilirdi ki, keçmiş məsələlərlə bağlı bütün şikayətlərdən imtina edək, əks halda, digər əmlaklarınız da əlinizdən alınacaq. Şərikimiz – “Azəriqaz”ın sabiq prezidenti Əlixan Məlikov bizə zəng etdi ki, mənim payımı əlimdən alıblar və sizə də məsləhət görürəm ki, öz payınızdan imtina edin. Hələ Əlixan Məlikov “Azəriqaz”ın prezidenti olanda bizi dəvət edib dedi ki, siz ölkədə böyük tələbat olan borulat istehsal edə bilərsinizmi? Biz də razılaşdıq və onunla ortaqlı bir işə başladıq. Amma Əlixan Məlikov işdən çıxarılandan sonra bizim məhsulları almadılar. Bir dəfə Türkmənistana sata bilsək də, sonradan buna da imkan vermədilər.

– Nurəddim müəllim, bəlkə bu, keyfiyyət və qiymətlə bağlı məsələ olub?

– Onlar xaricdən eyni boruları şişirdilmiş qiymətlərə -2500-3000 dollara alırdılar. Biz isə 800-850 dollara təklif edirdik.

– Nurəddin müəllim, bəs indi sizin zavodunuz kimə və nəyə görə lazımdır? Bir müddət məlumat yayıldı ki, ölkədə kanalizasiya sisteminin yenidən qurulmasına büdcədən 7-8 milyard manat vəsait ayrılacaq. Zavodun əlinizdən alınması bununla bağlı ola bilərmi?

– Tamamilə belədir. Çünki bizim istehsal etdiyimiz borular bu işlər üçün çox yararlıdır. Ona görə də zavodu əlimizdən alanlara bu lazımdır. Bizə həm də təklif olunurdu ki, boruları 800-900 dollara alsalar da, sənədlərdə onların qiymətini 2500-3000 dollar göstərək. Bu saxtakarlığa getmədiyimiz üçün onlar bizi ortaq kimi görmədilər və müəssisəmizi əlimizdən aldılar.

– İndi nəyiniz var Azərbaycanda?

– Bəzi müəssisələrimiz var, amma hamısı iflic vəziyyətindədir, heç biri işləmir. Təzyiqlər də davam etdiyindən həmin müəssisələri işlədə bilmirik. Biz hələ də ümidliyik ki, problemlərimizə Azərbaycanda baxacaqlar. Baxmasalar, bu məsələni beynəlxalq səviyyəyə qaldırcağıq.

“Xural” qəzeti,

il 9, sayı: 048 (456), 01 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button