Hər böyük var-dövlətin arxasında bir çinayət gizlənir!

Puç olmuş ümidlər

Biz 85-ci ilin “perestroyka”sından çıxmış bir nəsilik. Biz şərəfli 88-ci il hadisələrini hazırlayan və həyata keçirən nəsilik. Sovet imperiyasının axırlarında, imperiya dağılan dövrlərdə biz mübarizəyə atıldıq. Meydanı keçdik, Qarabağ savaşı bizi haqladı. Biz Qarabağ savaşına girdik. O zaman demək olardı ki, hamımız maddi cəhətdən bir səviyyədə idik. Varlı ilə kasıbın arasında fərq bugünkü ölçülərlə ölçəcək qədər cox da böyük deyildi. Düzdür, o zaman da rüşvət baş alıb gedirdı, korrupsiya var idi. Cəmiyyətdə ikili standartlar hökm sürürdü. Evdə, məktəbdə, iclaslarda düzlükdən danışır, sonra isə kim haradan bacardı oradan cırpışdırırdı. Amma hamının bir bəraəti var idi – onlar hökumətdən oğurlayırdılar. Alababat hamı dolanırdı. Biz o stereotipləri dağıtmağa gəldik. Biz azad və müstəqil dövlət qurmağa, millətimizdən oğurlanmış halala və qanuna hörmət hisslərini qaytarmağa gəldik. Biz istədiyimizə qismən nail də olduq. O zamanki işadamları və yaxud hansısa bir vətəndaş əlini ürəyinin üstünə qoyub öz Allahı ilə desin, biz rüşvətin kökünü demək olar ki, kəsməmişdikmi? Vicdanı olan, ürəyində Allah xofu olan hər kəs deyəcək ki, kəsmişdik. Yadıma gəlir, mənim dəstəmdə bir nəfər cəbhəyə gedərkən köşkdən pulsuz siqaret götürmüşdü. Usaqlar onu dəstədən xaric etdilər. Mən bu hadisəni Əbülfəz bəyə danışanda o dedi: “Sən heç zaman maksimalist olma. Musa peyğəmbər öz xalqının canındakı qul psixologiyasını çıxarmaq üçün 40 il səhrada gəzdirdi. 40 il, başa düşürsənmi? Bizim isə o qədər vaxtımız yoxdur və olanımız budur. Qovmaq tərbiyə metodu deyil, başa sal, göstər, axı o, səninlə çox ağır əməliyyatlara gedib. Bax, indi biz xaricə oxumağa uşaqları göndəririk, onlar oxuyub gələcəklər. Onlar nə rüşvət biləcəklər, nə də oğurluq. Bax, onlar bizim dövlətin gələcəyidirlər. Biz isə onlar biliklərə yiyələnib gələnə qədər dövləti möhkəmlətməliyik.”

Bəy elə şövqlə danışırdı ki, adam həvəslənirdi. Mən də, nəinki mən, biz hamımız inanırdıq ki, belə də olacaq. Amma hökumət dəyişdi, o tələbələr və onlardan sonra xaricə gedib oxuyub gələnlər də artıq işləyirlər. Onlar nəinki rüşvətin, korrupsiyanın kökünü kəsdilər, tərsinə, daha da rəvac verdilər.Vicdanı olanlara iş vermədilər, çoxu çıxıb getdi, qalanlar isə elə bir korrupsiya sistemi yaratdılar ki, bu sistem dövləti, xalqı soyaraq bir qrup insanları varlandırır. Bu gün o xarici prestijli məktəblərin diplomlarını ciblərində gəzdirən, bir necə dil bilmələri ilə lovğalanan o məmurlar 10-15 milyardları yollara, binaların üzünə daş cəkməyə, körpülərə, yerə daş düzdürməyə xərcləmək adı ilə mənimsəyirlər. Stadionlar, fontanlar, yol qırağına çəkilmiş km-lərlə hasarlardan danışmağa adam utanır. Amma vətəndaşların sovet əmanət kassalarında qalmış pullarını qaytarmağa canları çıxır. Buna açıq-aydın soyqunçuluq demək olar. Çünki milyardları havaya sovuran bu hökumət xalqın pulunu mənimsəyib. Bunun başqa adı yoxdur.

Bəs pensiyalar? Axırınçı pensiya artımı sadəcə olaraq biz pensiyaçıları ələ salmaq deməkdi. Bazarın od tutub yandığı bir vaxtda 60 qəpikdən 2 man 50 qəpiyə qədər artım etmək ələ salmaq demək deyil, nədir? Bu ğün milyardlara sahib olan məmur-monopolist-oliqarxlar xalqı ac saxlayaraq onun ancaq bir qarın çörəyə möhtaç olmasını və başqa şey haqqında düşünməməsini istəyir. Çünki tox olsa, onların var-dövlətinin mənbəyini soruşacaq. Təbii olaraq, bizim bu zümrənin var-dövlətinin nəinki əsasında, bugünkü artımında belə cinayət dayanıb. Bu cinayətlərin sorğusundan qurtarmaq və daha artıq dövlət yığmaq üçün xaricdə oxuyub gəlmiş o papasının balaları əziyyət cəkib təzə bir şey fikirləşməyiblər, onlar könə metodlarla, xalqın və dövlətin hesabına varlanmağa davam edirlər. Xalq isə yarı ac, yarı tox yaşaya bilər. Axırıncı pensiya artımı da buna sübutdur!
Ancaq mənim xalqım yaxşı yaşamağa layiqdir və o, buna nail olacaq.

Nurəddin Xoca

İ.S. Rəhmətlik Elçibəyin göndərdiyi tələbələrin hamısı oxuyub gəldi, lakin nədənsə onlara dövlət işi tapılmadı. Amma sonrakı papalarının gül balaları hamısı ya dövlət işində, ya da papalarının özəl şirkətlərində yerləşiblər.
İ.S.S. Mən təklif edirəm, bütün əmanət kassalarında pulları batan əmanətçilər və güzəştləri ləğv edilmiş müharibə əlilləri yığışıb hökuməti və parlamenti məhkəməyə versinlər. Əmanətçilər pullarının qanunsuz zəbt edilib qaytarılmadığına görə, əlillər isə vətən yolunda əlil olduqları halda, vətənin onlara verdiyi qanuni haqlarının mənimsənildiyinə görə.

Redaksiyadan:
Nurəddin Xocanın yazdığı bu köşədə vicdanlı yanılma payı var. Oxucu qarışdırmasın deyə, izah etməyi özümüzə borc bilirik ki, Əbülfəz Elçibəyin tələbələrinin əksəriyyəti bu ölkənin talanmasında, dağılmasında, sərvətlərin dağıdılmasında iştirak etmirlər, əksinə, bütün olan və olmayan güc və imkanları ilə rejimin bu dağıntısının qarşısını almağa çalışırlar. Ölkəni dağıdan bir zamanlar Heydər Əliyevin xaricə oxumağa göndərdikləri tələbələrin əksəriyyətidir. Xoca da yəqin bunu demək istəyib…

“Xural” qəzeti
il: 9, sayı: 008(418), 20-26 mart 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button