Hər kəsin Ana dili

Ramin DEKO

ramin.deko@gmail.com

Bir dildə ağlayanlar və min dildə gülənlər

Orta məktəbdə oxuyanda müəllimlər tez-tez biz şagirdlərin arasında müzakirə yapırdı. Bu müzakirə kitabın üstündə yazılan ANA DİLİ sözü ilə bağlı idi. Müəllimlər üçün maraqlı idi ki, 12-13 yaşlarında olan uşaqlar kitabın üzlüyündə hansı kəlmənin yazılmasının tərəfdarıdır? ANA DİLİnin, yoxsa TÜRK DİLİnin? Onlar bizə üçüncü variant kimi AZƏRBAYCAN DİLİni də deyirdilər. Təbii ki, o yaşda uşağın beyni bu sözlərin KİMLİYİNİ dərk etmək iqtidarında deyildi. Ona görə də ümumi fonda bizim nə dediklərimiz açıq hiss olunmurdu. Bir sözlə, cavabımız “NƏ OLUR-OLSUN” idi.

Həm də o vaxt bu fənnlə bağlı iki dərslik vardı. Birinin üzərində ANA DİLİ, digərində isə TÜRK DİLİ yazılmışdı. Üç-dörd ildən sonra isə biz AZƏRBAYCAN DİLİnə də keçdik. Yəni müəllimlərin bizdən soruşduqları “kitabın üzərində nə yazılsın” sualına cavabı həmin günlər, aylar yorumlaya bilməsək də, illər sonra eyni mənzərə ilə qarşılaşdıq. Yalnız biz DADında heç bir dəyişikliyi hiss etmədik.

Bəli, ANA DİLİ – onunla eyni zamanda formalaşan TÜRK DİLİ və illərdən sonra AZƏRBAYCAN DİLİ yaddaşımızda yalnız bu cür SƏS saldı.

ANA DİLİ – bu bizə çox şey deyə bilər. Elə deyir də…

Uşaq vaxtı elə zənn edirdik ki, nə dilində danışırıqsa bütün külli-cahan da o DİLdə danışır. Mən nə danışıramsa, ingilis, fransız da bunu anlayır. Günlər, aylar, illər ötdükcə anladıq ki, hər kəsin öz dili var. Hər kəs öz dilində danışır və başa düşür. Hər kəsin Allahı olduğu kimi… Hər bir insan Tanrısına öz dilində tapınır.

Məhz buna görə insanlar bir-birinə bu qədər yaddır. Bir-birini anlamır, başa düşmürlər. Uşaq vaxtı düşündüyümüz kimi dilimiz BİR olsaydı, çox şeylərə ehtiyac olmazdı. Hətta dövlət insanlara gərək deyildi. Olmadığı üçün bu gün çox şeylərdən keçmiş oluruq və çox şeylər də itiririk…

Amma və lakin bir qisim insanın ANA DİLİ var. Yəni onlar bir kərə eyni dildə konuşurlar. Çox rahat şəkildə bir-birilərini anlaya bilirlər.

Hətta danışmayanda belə nə demək istədikləri özlərinə bəlli olur. Çox sadə və rahat dilləri var. Ancaq hər kəs də onların dilini çox rahat şəkildə anlaya bilməz. Gərək onlardan olasan ki, nə dediklərini qısa bir zaman kəsiyində qavraya biləsən. O dairədən kənar şəxslərin isə nəyisə qəbul etməsi başarısızdır.

Hər birimizin öz dili olduğu qədər bir qisim insanın eyni DİLdə danışması çox maraqlı görsənişdir. Bəs bu bir qisim insan kimdir?

Harada yaşamalarından asılı olmayaraq dünyanın avtoritar rejimlərin başçıları və əshabələri, oliqarx məmurlar, qaniçən dövlət adamları, özünü KRAL elan etmiş şəxslər bir-birilərini çox gözəl anlaya bilirlər. Hətta hansı DİNə qulluq etmələri belə bu işlərinə mane olmur.

Onlar bir-birilərini yaxşı başa düşür, yola gedirlər. İstifadə etdikləri DİL özləri üçün o qədər SƏLİS və AYDINdır ki, heç bir çətinlik çəkmədən tez bir zamanda təmas qura bilirlər. Vahid anlamda DİLlərini genişləndirməyi belə düşünürlər. Çünki getdikcə sıraları genişlənməkdədir. Bu isə son texnologiya olaraq danışıqlarına da təsir edir. Onlar bir məqsədi və bir vəzifəsi var: Düşünmək və düşündüklərini tez bir zamanda həyata keçirmək. Başqa heç nə ağıllarına gəlmir… Daha da varlanmaq, daha çox var-dövlətə sahiblənmək – amal budur, yalnız…

Eyni amal uğrunda çarpışdıqları üçün bir dil – ANA DİLİ varlarıdır. Dünyada yüzlərcə dil var ki, onun əlifbası yoxdur. Elə bu DİL kimi…

O biri dillər tez sıradan çıxır və ya unudulur. Amma və lakin bu DİL günü-gündən vüsət alır, çiçəklənir. Çünki daha çox danışdıqca daha çox inkişaf edirsən…

Dünyanın bütün uşaqları eyni dildə ağladığı kimi, KRALlar da eyni DİLdə danışır və anlayırlar. Onlar da bir dildə ağlayıb, min dildə gülürlər…

Bu arada tərcüməçiyə belə ehtiyac duyulmur. Fərqi yoxdur, sən Məhəmməd hümmətisən, yoxsa İsaya tapınmısan. Heç Ateist olmağının bu məsələyə zərrəcə dəxli yoxdur. Çünki bir dilin var sənin – öz ANA DİLİn…

“Xural” qəzeti,

İl: 9, sayı: 020 (428), 22 may-04 iyun 2011-ci il

Əlaqəli məqalələr

2 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button