Hər kəsin muğamı sevməməyə ixtiyarı var, heyvanın da buna ixtiyarı olduğu kimi…

Rafiq Tağı

Rafiq Tağı: “O məşhur sözü mən Heydər Əliyevdən 15-20 il əvvəl demişəm: mən fəxr edirəm ki, azərbaycanlıyam, hələ əlavə də edirdim – fransız deyiləm!”

 “Ünsiyyət” rubrikasının ilk qonağı hamının yazıçı kimi, yalnız həmkarları və pasiyentlərinin həkim kimi tanıdığı Rafiq Tağıdır. Onunla axşamüstü, saat 6-da görüşəcəkdik. Amma Rafiq Tağı düz yarım saat gecikdi. Dediyinə görə, gecikməyində günahkar o özü yox, tıxac olub. Müsahibənin şərtləri ilə tanış olanda, etiraz etmədi. Gecikən tərəflə zərərçəkənə (gözləyənə) etiraz etmə haqqını özündə görmədiyindən, yeni çay evlərindən birində oturduq. Çay evindəki insanların gəlib qonağımla görüşmələri, yazıları haqqında müsbət fikirlərini bildirmələri, deyəsən, Rafiq Tağının canına sarı yağ kimi yayıldı. Bu, həm də söhbətimizin gedişini rahatlaşdırdı. Pozitiv enerjisi ilə insanı yormayan Rafiq Tağı ilə musiqimizdən, onun musiqi zövqündən düz dörd saata yaxın danışdıq. Məlum oldu ki, Rafiq Tağı musiqimizi sevən, formalaşmış zövqə malik kifayət qədər diqqətli dinləyicidir. Mətbuatla sıx əlaqəsi olmasına baxmayaraq, bu söhbətdə qonağımız heç vaxt haqqında danışmadığı insanlardan və mövzulardan danışdı.

 Rafiq müəllim, necə mahnılara qulaq asırsınız, əgər qulaq asırsınızsa?

– Kim mahnıya qulaq asmaz? Bunsuz yaşamaq olmaz ki… Özü də bu iş məndə az qala planlı tərzdədir. Mahnı insan həyatındakı parlaq rənglərdən biridir. Qaldı… hansını dinləmək – bax, bu, ovqatdan aslıdır. Minordan majoracan, lirik və kədərlisindən tutmuş, şən və oynağınacan. Oynayanda ayaqları görünməyən insanlara ürəyimi verərəm. Kənd yerlərində bu cür oynağan adamları görəndə, qələbələrə inanmış kimi olursan. Mahnılar kef çəkmək üçün yox ki – həyati vacib hərəkətlərə köklənmək üçündür.

Təkcə psixi xəstələr eyni tonda musiqilərə uyur. Onların içində İlahi harmoniya pozulmuş olur, ona görə. Yaxud İlahi harmoniyanın pozulması psixi xəstəlikdir.

 Maraqlıdır, daha çox klassik estradaya qulaq asırsınız, yoxsa müasir estradaya? Məsələn, Şövkət Ələkbərova, Rəşid Behbudov səviyyəsində, yoxsa Aygün, Röya səviyyəsində?

 – Adını çəkdiyiniz klassik estrada müğənniləri hər bir azərbaycanlı qəlbinin qızıl fondudur. Ancaq mən digər müğənniləri də, məsələn, Lütfiyar İmanovu çox xoşlayıram. Onun nadir səs tembri var. Mahnılarını daim internetdən arayıb tapıram. Xoşlayıramsa da, nədənsə, Bülbülün heyranı deyiləm. Onda bir az saxtalıq və quramalıq görürəm.

Müasirlərə gəldikdə isə, artıq seçim eləməli olursan. İnsanın melodik qəlb strukturu oldusa, qalan hər şey su asanıdır. Hər bir mahnı hansı həyat məqamı, ya hadisələrinəsə bağlı olur. Mahnılar həyatı səhifələmək vasitəsidir. Hətta qulduru da mahnı vasitəsilə uşaqlığına qaytarıb, onu cinayətdən xilas etmək olar. Bizdə musiqinin ictimai mənasını ya anlamır, ya da anlasalar belə, qulaqardına vururlar. Mahnılar ictimai terapevtik əhəmiyyətlidir. Musiqi ilə insanı dəyişdirməyə ictimai qurumlarda həvəs yoxdur. Ordularda bunu az-çox anlayırlar. Rusların müharibə mövzusunda mahnıları insanları qələbəyə gətirib çıxardı. Klavdiya Şuljenko və Mark Bernes sovet adamlarının içindəki optimizmi formadan düşməyə qoymurdu. Hələ Lidiya Ruslanovanın oxuduğu “Valenki” və “Katyuşa” mahnıları. Şuljenkonun “Siniy platoçek”, “Davay zakurim” və “Druzya – odnopolçane” mahnılarını kim sevməzdi ki. Mark Bernesin oxuduqları az qala sonsuz sayda idi, hamısı da yarandığı gündən klassik nümunələr – “Xotyat li russkiye voynı”, “Vraqi sojqli rodnuyu xatu”, “S çeqo naçinayetsya Rodina”, “Juravli”.

Bizdə müasir estradaya bəzən ironik yanaşırlar. Düzgün iş deyil bu. Müasir estrada hələ inkişafdadır, tam formalaşmayıb. Müğənnilərdə yaradıcılıq bütövləşməyib. Yeni-yeni gözəlliklərin təqdimi hələ qabaqdadır. Səbirsizlik göstəririk. Səhv və alçaldıcı qiymətlər veririk. Zaman bu səhvləri redaktə etməli olacaq.

Mən gənclikdə Elmira Rəhimovanın heyranı idim. Bir dəfə Baba Vəziroğlu ilə Beşmərtəbədə onu gördük. Artıq yaşlı arvad şəklinə düşmüşdü. “Sevgilin budur”, Baba mənə dedi. Az qaldı onu elə ordaca oğurlayıb, bir talisman kimi özümə götürəm. “Sən yadıma düşəndə” – onun bu mahnısından doymaq olmur.

 Bəs, muğamlar? Muğamlara qulaq asmırsınız?

– Elxan bəy, ehtiyatlı olun, burada mən sizin suallara yalan cavablar da verə bilərəm. Belə suallarla millətə özünü asanca sevdirmək olur. Bəxtiniz onda gətirib ki, mən işlərimi sevilmək üçün qurmuram.

Yalançı sevgi doğruçu nifrətdən pisdir.

…Muğama sevgilərim bəzi anlamazlara məni mühafizəkar göstərir.

 Hansı muğamları bəyənirsiniz? Kimlərin ifası xoşunuza gəlir?

– Muğamlara sevgi həyatımın ən xoş tarixçəsidir. Rəhmətlik atam hər bazar, günorta saat 2-dən 3-dək, Azərbaycan Radiosunda gedən “Muğam saatı”na qulaq asardı. Əlində də – “Azərbaycan müəllimi” qəzeti; onsuz muğamlar onu qəzet oxumağa qoymazdı. Ola bilsin, muğam rəngləri onun üçün qəzet fasiləsi idi. Çay da qabağında; bir saatlığa heç kəs onu dindirə bilməzdi. İndi başa düşürəm ki, bax, bu muğam saatları bizim uşaq qəlbimizə ötürülən sevgi kodları imiş. Sevgiyə dair mənəvi irsiyyət mövcuddur.

Yeri gəlmişkən, bəzən muğamlar barəsində, dostlarımız olan bəstəkar Firudin Allahverdi, Seymur Baycan və Əli Əkbərlə mübahisələrimiz qopur. Muğama – öz milli tanıtım nişanımıza, gülürlər. Bizim işdə də “rusdilli” bir azərbaycanlı xanım vardı, oğlu muğamı “ulartı” kimi qavrayırdı. Onun bu qavrayışı, ola bilsin də, eşşəyin muğam qavrayışına yaxın olub. Bunlara deyirəm: bə sizə nə olub? Dostlarımın evini eybəcər ədəbiyyatlar yıxdı. Asif Atanın gözəl bir sözü var – “Ədəbiyyatla tərbiyələnmiş nəsil tərbiyəsiz olar”. Bəyəm siz, onlardan soruşuram, Üzeyir Hacıbəyovdan artıq yenilikçisiniz? Üzeyir bəy Şərqdə ilk operanı muğamlar üzərində yaratmışdı. Bu sözümü dostlar özünə götürməsin, hər kəsin muğamı sevməməyə ixtiyarı var, heyvanın da buna ixtiyarı olduğu kimi. Muğamı dəyərləndirmək insandan qabiliyyət tələb edir. Muğamsızlıq Azərbaycanın geriliyi olardı. Muğam əslində əbədi modern sənətdir. Axtarsan, posmodern musiqi zənginliyi var tərkibində. Bütün yeniliklər muğamlar içrə əbədi çağlayandır. Muğamlar daim yenilənir və həmişə parlaqdır. Bir tək forma cəhətcə dünyanı tənzimə sala bilər. Hirslənib də Firudin Allahverdiyə dedim: burada günahkar sən yox, təxminən yüz kiloluq müəllimin Xəyyam Mirzəzadədir ki, sənə muğam sevgisi aşılamayıb. Firudin Allahverdinin Konservatoriya təhsili boşuna gedib. Rektoru erməni budaq cümləsi ilə danışan, yəni Fərhad Bədəlbəyli olan bir musiqi idarəsinin məzunu milli sevgilərsiz yaşar. Konservatoriya öz tarixi boyu qohum-əqrəba protejesi yeri olub. Kosmopolitizm onun məğzindədir. Amma kakofoniyanı dahi musiqi nümunəsi kimi təqdim etməyi bacarırlar. Deməyim nədir: muğam insanın içində dərinliklərə, xəyalında ucalıqlara səbəb olur. Diapazon genişlənir, qəlb strukturlaşır. “Çahargah”a qulaq as, həyatını qur. Asif Ata muğamı “Kamil Yaşamaq” sənəti adlandırırdı. Burada mən ondan iqtibaslar gətirməsəm olmayacaq – “Muğam ruhani mövcudluq haqqında dahiyanə musiqi hekayətidir”, “İnsan özündən böyükdür, İnsan özündən kənara çıxanda özünə çatır”. “Yalnız əxlaqi olan – Həqiqətdir, deyir Muğam”, deyirdi Asif Ata.

Milli simfonik sənətimizi də muğam formalaşdırıb. Niyazinin “Rast” simfonik muğamını yalnız ölülər dinləmək istəməz. Firudin Allahverdinin anlamında Niyazi aciz-avaranın, geriqalmış, gerizəkalının birisiymiş. Bizdə “Kürd Ovşarı”, “Bayatı- Şiraz”, “Füzuli Kantatası”, “Karvan” simfonik qravürləri də muğam kökənlidir.

Muğamlarımız millətimizin gələcəyini təmin edir.

 – Aşıq musiqisinə münasibətiniz necədir? Sizcə, yaxşıdan özgə bir şey ola bilərmi?

– Rəhmətlik dostum, həkim-onkoloq Məhərrəm Əliyev mənə “proqressiv retroqrad” adı qoymuşdu. Nədənsə, bunu dostumdan mənə qalan söz yadigarı, xoş bir şey kimi xatırlayıram. Ancaq atmacalı sözlər də qulağıma çatır: millisən, demək, gerisən. Sözə bax: milli və geri. Soruşuram: bəyəm millilik ayıbdır? Axı, millilik ayıblıq növü ola bilməz. Alman, ya ingilis olsam, irəli sıçramış sayılaram? Bir dəfə də mən özüm birini dolayası oldum: “Afərin, sən həddən artıq hollandsan!” (gülür)  O məşhur sözü mən Heydər Əliyevdən 15-20 il əvvəl demişəm: mən fəxr edirəm ki, azərbaycanlıyam, hələ əlavə də edirdim – fransız deyiləm. Əslində, Vətəni sevən hər kəsin sözüdür bu. Vətəni sevməyən insan boş dağarcıq kimi bir şeydir. Bəlkə də həşəratdır. Başqa insanların Azərbaycan haqqında xoş xatirələri ola bilər, ancaq heç kəs onu bizim kimi ağlamaqlıq şəklində sevə bilməz. Moskvada yaşadığım dövrdə, Azərbaycanın, indi səfirlik adlanan, Daimi Nümayəndəliyində, bayramlarda, xüsusən də novruzlar vaxtı, Vətəndən gələn konsert briqadaları məni daim yetim kimi ağladardı. Tar səsi eşidən kimi gözlərimdən su şoruldayardı. Əhlikef dostlarım mənə lağ edərdilər. Hə, Azərbaycan musiqisini eşidəndə, elə bilirdim ki, yer ayağımın altından qaçıb, havadayam. Vətənə bir daha dönməyəcəyini düşünməkdən böyük faciə ola bilməz.

 – Sanki harasa gedibsiniz?

 Davamı gələn saylarımızda

 Elxan Xanəlizadə

“Xural” qəzeti,

il 9, sayı: 047 (455), 30 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button